Qiymət Mehdiyev suallardan yayındı və Bodrumda 1 villa aldığını açıqladı

SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini, xanımı tərəfindən Türkiyənin Bodrum qəsəbəsində 16 villa alması barədə xəbərlərdən sonra məşhurlaşan Qiymət Mehdiyev haqqin.az saytının suallarına cavab verməkdən imtina edib.
 
Bu gün Qiymət Mehdiyev əvvəlcə haqqin.az saytına müsahibə verməyə razılaşıb və jurnalistlərin bütün suallarına cavab verə biləcəyini deyib. Lakin məlum olmayan səbəblərdən SOCAR vəzifəlisi qərarını dəyişib və hazırda zənglərə cavab vermir.
 
Bununla belə ANS-ə müsahibəsində Qiymət Mehdiyev Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel məhəlləsində bir villa aldıqlarını təsdiq edib. Rəis müavini həmçinin deyib ki, fotoda qucağında pul bağlaması əks olunmuş qadın onun həyat yoldaşı deyil, ailələrinin yaxın adamıdır.
 
Virtualaz.org saytının regional müxbiri isə dəqiqləşdirib ki, Q.Mehdiyevin həyat yoldaşı Könül Mehdiyeva 1974-cü ildə Salyanda kasıb musiqiçi ailəsində anadan olub. Salyandakı 7 nömrəli məktəbi və Səttar Bəhlulzadə adına İncəsənət Məktəbini bitirib. Rəssamdır.
 
Xatırladaq ki, Q.Mehdiyev özü də Salyanda anadan olub. Onların Türkiyədə daşınmaz əmlaka milyonlarla dollar yatırmasına baxmayaraq mehdiyevlərin çoxsaylı qohumları Salyanda kasıbçılıq şəraitində yaşayır.
 
SOCAR-dakı mənbələr isə bildiriblər ki, hazırda şirkətdə bu qalmaqalla bağlı geniş daxili təhqiqat aparılır. Nəticələri barədə ictimaiyyət məlumatlandırılacaq.

Google+ WhatsApp ok.ru