Qiymətlər gəlirlərdən 2.5 dəfə sürətlə artıb

Qiymətlər gəlirlərdən 2.5 dəfə sürətlə artıb

-- ..belə olan halda yoxsulluq səviyyəsində kəskin artımı qaçılmazdır...

Azadliq.info saytında «Ərzaq səbəti 50 faiz, minimum əməkhaqqı 10 faiz artıb» sərlövhəli yazı diqqəti cəlb edir.
 
Yazıda iqtisadçı-ekspert Rövşən Ağayevin istehlak səbətinin artımı ilə minimum əməkhaqqının artımı arasında apardığı dəyərləndirməyə yer verilib. Ekspert deyib ki, onun çıxartdığı nəticələr yalnız Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara söykənir.
 
R.Ağayev vurğulayıb ki, əhalinin gündəlik istehlakında əsas yer tutan 25 qida növündən (un, un məmulatları, kərə yağı, bitki yağı, qoyun, toyuq , mal əti, çay, duz, meyvə, tərəvəz və s.) ibarət ərzaq səbətinin dəyəri 2014-cü ilin dekabr ayında 95 manat olub:
 
«2017-ci ilin oktyabrında eyni səbətin dəyəri 143 manata yüksəlib . Hətta rəsmi rəqəmlərə görə, iki devalvasiyanın baş verdiyi son 3 ilə yaxın dövrdə ərzaq səbətinin dəyəri 50 faiz bahalanıb».
 
Ekspert yenə də rəsmi statistikaya istinad etməklə bildirib ki, son üç il müddətində minimum əməkhaqqı cəmi 10 faiz artaraq, 105 manatdan 116 manata çatdırılıb:
 
«Nominal orta əməkhaqqı 18 faiz artıb (445 manatdan 525 manata). Pensiyaların minimum məbləği 10 faiz çoxalıb (100 manatdan 110 manata). Pensiyaların orta məbləği 15 faiz yüksəlib (170 manatdan 195 manata). 3 ilin yekunlarına görə, qiymətlər gəlirlərdən təxminən 2.5 dəfə sürətlə artıb».
 
Ekspert hesab edir ki, belə olan halda yoxsulluq səviyyəsində kəskin artımı qaçılmazdır. Amma rəsmi statistikaya görə, son 3 ildə yoxsulluq səviyyəsi yüksəlməyib, yenə 5 faiz civarında qalır.
 
R.Ağayev vurğulayıb ki, qiymət və gəlirlərin artım tempi baxımından Azərbaycanla oxşar olan Rusiya hökuməti son 3 ildə ölkədə yoxsulluq səviyyəsinin 12 faizdən 20 faizə yüksəldiyini rəsmi olaraq bəyan edib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru