QMİ: Azərbaycanlı zəvvarlardan xəsarət alan yoxdur -YENİLƏNİB/VIDEO

QMİ: Azərbaycanlı zəvvarlardan xəsarət alan yoxdur -YENİLƏNİB/VIDEO

12:30
 
“Dünən axşam saatlarında Ərəfatda qısa müddətli qasırğa olub. Eyni zamanda güclü yağış yağıb və külək əsib. Təbiət hadisəsi nəticəsində azərbaycanlı zəvvarlardan xəsarət alan və zərərçəkən olmayıb”.
 
Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.
 
O bildirib ki, həmin vaxt qrupun bəzi üzvləri Minada, digərləri isə oteldə olublar: “Kimsə sosial şəbəkədə hansısa şəkil yayaraq hacıların yaxınlarını təşvişə salıb. Zəvvarların ailələrinə bildirmək istəyirəm ki, narahatlığa heç bir əsasə yoxdur və hər şey qaydasındadır. Hər kəs sağ-salamatdır. Kimsənin səhhətində hansısa problem yoxdur”.
 
H.Babayev qeyd edib ki, bütün zəvvarlar hazırda Ərafatda ibadətlə məşğuldur: “Zəvvarlar zöhr azanından şam namazına kimi Ərəfat çölündə vüqüf edəcək (dayanmaq), namaz qılacaq, dualar edəcəklər. Onlar şam azanından sonra Ərəfatdan çıxıb Müzdəlifəyə gedəcəklər. Hacı namizədləri Müzdəlifədə gün çıxanadək vüquf edəcək, ibadətlə məşğul olacaqlar. Avqustun 21-də isə zəvvarlar Minaya yollanacaq, əşyalarını qoyub, böyük şeytana daş atmağa gedəcəklər. Şeytan daşlandıqdan sonra geri qayıdıb, qurban kəsəcəklər”.

 

 

***

Səudiyyə Ərəbistanının Məkkə şəhərində gözlənilməz təbiət hadisəsi baş verib. 

 Belə ki, Məkkə şəhərində yerləşən müqəddəs Kəbə evində şiddətli qum qasırğası və əsən külək qeyri-adi görüntülərin yaranmasına səbəb olub.   

Küləyin şiddətindən sabah dəyişdirilmək üçün sökülən müqəddəs Kəbə evinin üzərindəki örtükün bir hissəsi dalğalanaraq tarazlığını itirib. 

 Rəsmilər müqəddəs Kəbə evinin üzərindəki örtükün tikişlərinin sürətli əsən külək səbəbi ilə söküldüyünü lakin dərhal müdaxilə edilərək bərpa olunduğunu qeyd ediblər.   

Qeyd edək ki, köhnəsi çıxarılarkən eyni anda yenisi çəkilən Kəbə örtüyünün dəyişdirilmə prosesi saatlarla davam edir. Ərəfə axşamı dəyişdirilməyə başlanan Kəbə örtüyü bayram səhərinə qədər dəyişdirilmiş olur.

İpək və 4 qızıl parçadan ibarət olan 47 metr uzunluğundakı Kəbə örtüyünün üzərində qızıl və gümüş işləməli ayə və dualar da var. /eastnews.org/

Google+ WhatsApp ok.ru