QMİ Həcc ziyarətinə gedəcək zəvvarların təyyarələrlə aparılması üçün danışıqlar aparır

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə gedəcək zəvvarların təyyarələrlə aparılması üçün Səudiyyə Ərəbistanında danışıqlar aparır. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, hazırda danışıqların aparılması üçün Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri Səudiyyə Ərəbistanında ezamiyyətdədirlər. Yaxın günlərdə danışıqlar bitdikdən və muvafiq müqavilə imzalandıqdan sonra mətbuat vasitəsilə ictimaiyyətə bu barədə ətraflı açıqlama veriləcək.
 
QMİ Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların VİP təyyarələrlə aparılacağı haqqında yayılan xəbərlərlə bağlı bildirib ki, bu, tam təsdiqlənməmiş xəbərdir.
 
Qeyd edək ki, ötən gün  məlumat yayılmışdı ki, Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar Səudiyyə Ərəbistanına xüsusi VİP təyyarələrlə uçacaqlar. Məlumatda bildirilirdi ki, müqavilə əsasında uçuşları təşkil edəcək ASAS (Advance Spesial Aviation Service) aviaşirkəti zəvvarlar üçün “biznes klass” salonlu təyyarələr ayırıb.
Təyyarələr yalnız nəzərdə tutulan qrafik üzrə qruplara bölünəcək zəvvarların uçuşlarını təşkil edəcək.
 
Xatırladaq ki, Azərbaycandan ziyarətə ümumilikdə 3200 zəvvar yollanacaq. Bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. /

 

Google+ WhatsApp ok.ru