Qobustan həbsxanasında yemək qıtlığı; məhbuslar güllələnmə istəyirlər

Qobustan həbsxanasında yemək qıtlığı; məhbuslar güllələnmə istəyirlər

 
Maide.Az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatnın (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı İslamazeri.az-a açıqlamasında deyib:
“Müdafiə Komitəsinə Qobustan həbsxanasında saxlanılan ömürlük məhbuslardan saxlanma şəraiti ilə bağlı müraciətlər daxil olub. Müraciətlərdə saxlanma şəraitinin bir qədər yumşaldığı qeyd olunur, məsələn, məhbus Məmməd Məmmədovun davamlı şikayətlərdən sonra saxlanma şəraitinin yaxşılaşdırıldığı göstərilir. Amma digər həyəcanlı məlumatlar da daxil olub.
Məsələn, ömürlük məhbuslar Namiq Vəliyev və Şakir Rzaxanov göstərirlər ki, məhbuslara verilən yeməklərə ciddi məhdudiyyət qoyulub, son bir neçə həftə ərzində yeməyə soyutma kartofdan başqa heç nə verilmir, bu isə evdən yemək almayan məhbusları real aclıq təhlükəsi qarşısında qoyur. Bu cür məhbusların sayı isə kifayət qədər çoxdur. Məhbusların içərisində belə bir fikir yaranıb ki, ölkədə ərzaq qıtlığı yaranıb, ona görə də yemək verilməsində belə məhdudiyyətlər qoyulur. Məhbusların müraciətində o da göstərilir ki, həbsxana rəhbərliyi evdən yemək alan məhbusların aldıqlarını digər məhbuslarla bölüşməsinə, paylaşmasına qəti qadağa qoyub, sanki onların tədrici ölümlərinə fərman verirlər. Məhbuslar prezidentə müraciət edərək bu cür əziyyətlə, yavaş-yavaş ölməkdənsə, güllələnmələrini xahiş edirlər."
 
Məhbusların müraciətində həbsxana ərazisində olan ticarət köşkündə həddindən artıq bahalığın olduğu, ərzağın 4-5 qat baha satıldığı bildirilir, həmin köşkün yoxlanılması üçün dövlət nümayəndələrinin göndərilməsi xahiş olunur.
 

Google+ WhatsApp ok.ru