Qonağın fitrəsi ilə bağlı səkkiz mərcəi-təqlidin fətvası

Qonağın fitrəsi ilə bağlı səkkiz mərcəi-təqlidin fətvası

Fitrə zəkatı ilə bağlı tez-tez ünvanlanan suallardan biri budur ki, Fitr bayramı axşamı qonaq gəlmiş şəxsin fitrəsini ev sahibi ödəməlidir, yoxsa qonaq özü?
 
Maide.Az Mərcəi-təqlidlərin fətvalarına təqdim edir:
 
Ayətullah Xamenei:
 
Bir gecəlik qonağın fitrəsi ev sahibinə vacib deyildir. («İstifta», sual 888.)
 
 
Ayətullah Sistani:
 
Bayram axşamı qürubdan qabaq gələn və həmin gecə ev sahibinin evində qalan qonaq – müvəqqəti olsa da – onun çörək yeyəni sayılır və onun fitrəsi ev sahibinə vacibdir.
Bayram axşamı qürubdan sonra gəlmiş qonaq ev sahibinin çörək yeyəni sayıldığı təqdirdə, ehtiyata əsasən, onun fitrəsi ev sahibinə vacibdir. Əks halda, vacib deyildir.
Bayram axşamı yalnız iftara dəvət olunmuş qonaq çörək yeyən sayılmır və onun fitrəsi ev sahibinə vacib deyildir. («Tozihul-məsail», məsələ 2007-2008.)
 
Ayətullah Məkarim Şirazi:
 
Bayram axşamı qürubdan qabaq ev sahibinin razılığı ilə gəlmiş qonaq ev sahibinin çörək yeyəni sayılarsa (yəni bir neçə müddət onun evində qalmaq niyyətindədirsə), onun fitrə zəkatı ev sahibinə vacibdir. Hətta ev sahibinin razılığı olmadan gəlmiş qonağın fitrəsini də vacib ehtiyata əsasən, ev sahibi ödəməlidir.
Amma, təkcə bayram axşamına dəvət olunmuş qonağın fitrəsi ev sahibinə vacib deyildir. («Tozihul-məsail», məsələ 1995.)
 
Ayətullah Vəhid Xorasani:
 
Bayram axşamı qürubdan qabaq ev sahibinin icazəsilə gəlmiş qonaq fitrə zəkatının vacib olduğu vaxt ev sahibinin çörək yeyəni sayılır və onun fitrəsi ev sahibinə vacibdir.
Bayram axşamı qürubdan qabaq ev sahibinin icazəsi olmadan gəlmiş qonaq bir müddət ev sahibinin yanında qaldığı təqdirdə, vacib ehtiyata əsasən, fitrəsini həm özü, həm də ev sahibi verməlidir.
Bayram axşamı qürubdan sonra gəlmiş qonağın fitrəsi (qürubdan qabaq dəvət olunub ev sahibinin evində iftar etmiş olsa da belə) ev sahibinə vacib deyil. («Tozihul-məsail», məsələ 2012, 2013 və2014.)
 
Ayətullah Safi Gülpayiqani: 
 
Bayram axşamı məğribdən qabaq ev sahibinin icazəsilə gəlmiş qonağın fitrəsi ev sahibinin çörək yeyəni sayılsa da, sayılmasa da, ev sahibinə vacibdir.
Bayram axşamı məğribdən qabaq ev sahibinin icazəsi olmadan gəlmiş qonağın fitrəsi bir neçə müddət ev sahibinin yanında qaldığı təqdirdə, ehtiyata əsasən, ev sahibinə vacibdir.
Bayram axşamı məğribdən sonra gəlmiş qonağın fitrəsi (məğribdən qabaq dəvət olunub ev sahibinin evində iftar etmiş olsa da belə) ev sahibinə vacib deyil. («Tozihul-məsail», məsələ 2003, 2004 və2005.)
 
 
Ayətullah Cəfər Sübhani:
 
Bayram axşamı qürubdan qabaq ev sahibinin icazəsilə gələn və el arasında (ürfdə) onun çörək yeyəni sayılan qonağın fitrəsi ev sahibinə vacibdir.
Bayram axşamı qürubdan qabaq ev sahibinin icazəsi olmadan gələn və onun çörək yeyəni sayılan qonağın fitrəsi də ev sahibinə vacibdir və vacib ehtiyata əsasən, qonaq özü də fitrə versin.
Bayram axşamı qürubdan sonra gəlmiş qonağın fitrəsi (məğribdən qabaq dəvət olunub ev sahibinin evində iftar etmiş olsa da belə) ev sahibinə vacib deyil. («Tozihul-məsail», məsələ 1643, 1644 və 1645.)
(Qeyd: Bir gecəlik qonağın fitrəsi ev sahibinə vacib deyil. Ev sahibinin çörək yeyəni sayılan şəxsin fitrəsi ev sahibinə vacibdir. Məsələn, mübarək Ramazan ayının 27-dən sonra bir müddət ev sahibinin evində qalan qonağın fitrəsi ev sahibinə vacib olur. Qonaq özü də ev sahibinin icazəsi ilə fitrəsini verə bilər (hawzahnews.com saytının Ayətullah Cəfər Sübhanidən müsahibəsi).
.
Ayətullah Nuri Həmədani:
 
Bayram axşamı qürubdan qabaq ev sahibinin icazəsilə gəlmiş qonaq ev sahibinin çörək yeyəni sayılır və onun fitrəsi ev sahibinə vacibdir.
Bayram axşamı qürubdan qabaq ev sahibinin icazəsi olmadan gəlmiş qonağın fitrəsi ev sahibinin şörək yeyəni sayıldığı təqdirdə, ev sahibinə vacibdir.
Bayram axşamı qürubdan sonra gəlmiş qonağın fitrəsi (qürubdan qabaq dəvət olunub ev sahibinin evində iftar etmiş olsa da belə) ev sahibinə vacib deyil. («Tozihul-məsail», məsələ 1991, 1992 və 1993.)
 
 
Ayətullah Cavadi Amuli:
 
Bayram axşamı məğribin əvvəlində qonaq ev sahibinin çörək yeyəni sayılarsa, onun fitrəsi ev sahibinə vacibdir. Əlbəttə, yalnız bayram axşamı onun çörəyini yeməklə çörək yeyəni sayılmır, mütləq onun çörək yeyəni sayılmalıdır. Buna əsasən, ev sahibinin yalnız iftar süfrəsindən yeyən qonaq çörək yeyən sayılmır və bu zaman onun fitrəsi ev sahibinə vacib deyildir.
Bayram axşamı məğribdən sonra gəlmiş qonağın fitrəsi (məğribdən qabaq dəvət olunub ev sahibinin evində iftar etmiş olsa da belə) ev sahibinə vacib deyil. («Tozihul-məsail», məsələ 2231, 2232.)
(Nöqtə: Qürubla məğrib arasında fərq var. Günün sonunda günəşin batdığı və gözdən itdiyi zamana qürub, günəş batdıqdan sonra şəfəqdə görünən qızartının aradan getdiyi vaxta isə məğrib deyilir.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru