Qripdən ildə 646 minədək adam ölür

Qripdən ildə 646 minədək adam ölür

-- 2018 qrip mövsümünün ağır keçəcəyi proqnozlaşdırılır

Hər il mövsümi qripdən 646 minədək adam dünyasını dəyişir. “Reuters” informasiya agentliyinin yazdığına görə, bu rəqəmi çərşənbə günü – dekabrın 13-də Birləşmiş Ştatların səhiyyə rəsmiləri açıqlayıblar.
 
SAY NİYƏ ARTIB
 
Onların bildirməsinə görə, mövsümi qripdən ölənlərin sayı 291 min – 646 min arası dəyişir, bu, qrip virusunun kəskinliyinə bağlıdır.
 
Daha öncə “The Lancet” tibb dərgisində dərc olunmuş məlumatda hər il ölənlərin sayının 250 min – 500 min arası dəyişdiyi vurğulanırdı.
 
ABŞ-ın Xəstəliyə Nəzarət və Önlənməsi Mərkəzi (CDC) bu artımın səbəbini açıqlamayıb, amma qeyd edib ki, qlobal səhiyyə tərəfdaşlarıyla apardığı araşdırma ölkələrdən gələn daha geniş, fərqli nümunələrə söykənir. Son rəqəmlərə qrip epidemiyası zamanı, eləcə də qripdən ağırlaşma hallarından, məsələn, ürək xəstəliyindən ölənlər daxildir.
 
“Bu tapıntılar qripin ciddiliyini yadımıza salır, qriplə mübarizə qlobal prioritet olmalıdır”, – CDC rəsmisi, araşdırmanın həmmüəllifi Dr Joe Bresee deyib.
 
Araşdırma üzə çıxarıb ki, qripdən ölüm hallarının əsas yükü dünyanın ən yoxsul regionları və yaşlıların payına düşür. Yaşı 75 və ondan yuxarı olanlar, Saharaaltı Afrikada yaşayanlar qripə bağlı nəfəs xəstəliklərindən daha çox ölürlər.
 
QRİP MÖVSÜMÜ AĞIR KEÇƏCƏK
 
Şərqi Aralıq və Cənub-şərqi Asiya ölkələrində göstəricilər nisbətən az, ancaq yenə də yüksəkdir.
 
ABŞ rəsmiləri 2017/2018 qrip mövsümünün ağır keçəcəyini proqnozlaşdırırlar, qrip elə təzəlikcə şimal yarımkürəsindən başlayıb.
 
Ötən qış Avstraliyada qripdən rekord sayda ölüm hallarının qeydə alındığı bildirilir. Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr Anthony Fauci-nin yazdığına görə, Avstraliyada yayılmış Influenza A (H3N2) virusuyla mübarizədə vaksinlər yalnız 10 faiz effektini göstərib.
 
Vaksin dəyişməyib, deməli, builki mövsüm daha sərt keçəcək.
 
Fauci və digər ekspertlər uzun müddətdir universal qrip vaksininin hazırlanmasına investisiya qoymağa çağırırlar, onlar belə bir vaksinin həm mövsümi, həm də pandemik qripdən qoruyacağını vurğulayırlar. (azadliq.org) 
 

Google+ WhatsApp ok.ru