Qrip epidemiyasına görə Gürcüstanda 384 məktəb bağlanıb

Qrip epidemiyası və əlverişsiz hava şəraiti səbəbindən Gürcüstanda 384 məktəb və uşaq bağçasında təhsil və tərbiyə prosesi müvəqqəti dayandırılıb.
 
Gürcüstanın təhsil nazirinin müavini Lii Qiqarui bildirib ki, məktəblər İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məsləhəti əsasında bağlanıb. Məktəblərin 180-ni qrip epidemiyası, 204-ü əlverişsiz hava şəraiti səbəbindən bağlanıb.
 
İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze valideynlərdən xahiş edib ki, soyuqdəymə, qrip sindromu və yüksək hərarət müşahidə olunan uşaqları məktəbə buraxmasınlar.
 
Onun sözlərinə görə, Gürcüstanda 3 nəfər H1N1 virusundan 1 nəfər isə H3N2 virusundan dünyasını dəyişib. Bununla belə “donuz qripi”nin yayılma ehtimalı yoxdur, vəziyyət nəzarət altındadır.
 
Qeyd edək ki, son günlər Gürcüstan ərazisində yağan güclü qar, şaxtalı havalar və qar uçqunu bir sıra ciddi problemlər yaradıb. Gürcüstan-Rusiya avtomobil yolu bağlanıb, bölgələrdə on mindən çox insan işıqsız qalıb, ictimai-iaşə obyektləri də bağlanıb.

Google+ WhatsApp ok.ru