Qırtlaq xərçəngi çətin aşkarlanan xəstəlik deyil

Qırtlaq xərçəngi çətin aşkarlanan xəstəlik deyil

Qırtlaq xərçənginə digər xərçəng növlərinə nisbətən daha az rast gəlinir.
 
Belə ki, bu xəstəlik hər 100 min nəfərdən 5-6-da aşkarlanır. Əsasən səs telləri üzərində əmələ gəlir. Bu səbəbdən də əsas əlaməti səsdə xırıltının olmasıdır.
 
Səsdə xırıltı iyirmi gündən çox davam edərsə, pasiyent mütləq qırtlaq müayinəsi etdirməlidir. Digər əlamətlərə isə boğulma, qulağa vuran boğaz ağrısı, boyunda limfa düyünlərinin şişməsi və s. nümunə göstərmək olar. Bunlar xəstə müraciət etməyəndə ardıcıllıqla meydana çıxa biləcək əlamətlərdir. Pasiyent müraciət edərsə, qırtlaq endoskopik və ya Qarsie aynası ilə müayinə olunur.
 
Qırtlaqda kələ-kötür bir törəmə aşkarlanarsa, biopsiya olunur və xəstəliyin diaqnozu asanlıqla qoyula bilir.
 
Maide.Az bildirir ki, bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-otolarinqoloqu, tibb elmləri namizədi Araz Əliyev məlumat verib.
 
Mütəxəssis bildirib ki, əgər pasiyent vaxtında müayinədən keçirsə, səhhətinə qarşı diqqətlidirsə, xəstəlik adətən birinci mərhələdə aşkarlanır. “Qırtlaq xərçəngi çətin aşkarlanan xərçəng növü deyil. Bəzən pasiyent səsdəki xırıltıya fikir vermir və həkimə tənəffüs çətinliyi olanda müraciət edir ki, bu da xəstəliyin adətən dördüncü mərhələsinə təsadüf edir. Pasiyent həkimə birinci mərhələdə müraciət edərsə, sağalma şansı 80-90 faiz olar. Xəstəliyin son mərhələsində sağalma şansı 30 faizə bərabərdir. Əgər xərçəng uzaq metastaz veribsə, onda sağalma şansı 5-10 faizədək azalır. Erkən mərhələdə şüa terapiyası və əməliyyatdan hər hansı biri tətbiq oluna bilər. Lakin burada əməliyyat nisbətən üstünlük təşkil edir. Son mərhələdə isə müsbət nəticə əldə etmək üçün şüa terapiyası və əməliyyat paralel aparılır.
 
Bu xəstəliyə daha çox 50-60 yaşlı kişilərdə rast gəlinir. Qırtlaq xərçənginin əmələ gəlməsində əsas səbəb siqaretdən və alkoqollu içkilərdən istifadədir. Lakin 18 yaşda da qırtlaq xərçənginin aşkarlanması hallarına rast gəlinib. Buna səbəb isə genetik pozulmalardır”, - deyə o əlavə edib.
 
A.Əliyev digər xərçəng növlərində olduğu kimi, qırtlaq xərçəngində də irsi meyil amilinin mövcudluğunu diqqətə çatdırıb.

Google+ WhatsApp ok.ru