Qırğızıstanlı qadınlar Suriyada terrorçulara qoşulur

Qırğızıstan rəsmiləri Türkiyədə ekstremist qrupların təsiri altına düşərək və müxtəlif vədlərlə aldanaraq Qırğızıstandan olan qadınların Suriyada terrorçu qruplaşmalara qoşulması haqda xəbərdarlıq edirlər.
Maide.az-ın məlumatına görə, Qırğızıstan Daxili İşlər Nazirliyinin terrorizmlə mübarizə idarəsinin rəhbəri Riskolbeyk Cabbarkulov  mətbuat konfransında deyib ki, Qırğızıstan təhlükəsizlik qüvvələrinin son illər ərzində əldə etdiyi statistikalar ölkədə sələfiliyə qoşulma hallarının çoxaldığını və  xüsusi ilə ekstremist qrupların sayının artdığını göstərir.
 
O deyib ki,  ekstremist qrupların təsiri altına düşərək Qırğızıstandan olan bir neçə qadın Suriyada terrorçu qruplaşmalara qoşulub.
 
R.Cabbarkulovun sözlərinə görə,  Suriyada terrorçu qruplaşmaların tərkibində müharibə aparan Qırğız vətəndaşlarının sayı günbəgün artmaqdadır. “Bəzi statistikalara görə, hazırda 80 nəfər qırğız Suriyada terrorçu qruplaşmaların tərkibində vuruşur ki, onlardan 10 nəfəri qadındır”, - deyə, o bildirib.
 
Prudent Solutions araşdırmalar mərkəzinin məlumatına görə isə, Qırğızıstanlı qadınların Suriyadakı terrorçu qruplaşmalara qoşulması haqda elan olunan statistika həqiqi rəqəmlərdən dəfələrlə azdır. 
Məlumatda bildirilir ki, Qırğız qadınlar işləmək və ya qohumlarını görmək üçün Türkiyəyə səfər edir, orada ifratçı qrupların təsiri altına düşərək  Suriyaya aparılırlar.
 

Google+ WhatsApp ok.ru