İşıqsız, susuz, qazsız binanın sakinləri aksiyaya hazırlaşır

“Bizim hazırda yaşadığımız və “Badü Kubə” MTK-nın tikdiyi 15 mərtəbəli binada kanalizasiya xətti yoxdur. İllərdir susuz,  qazsız, işıqsız yaşayırıq”.
 
Bunu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V massivi, 13A saylı binanın sakinləri virtualaz.org saytının redaksiyasına ünvanladığı şikayətdə bildirib.
 
Bina sakini Pərvaz Hüseynov deyir ki, 10 ildir evini təhvil ala bilmir: “Binada nə işıq, nə su, nə kanalizasiya, nə də qaz var. Üfunət içindədir. 3 ildir bura köçmüşük. Çünki olan pulumuzu verib buradan ev almışıq. Ona görə də məcbur olub axırda şəraitsiz binadakı evlərimizə köçməli olduq. Amma burada insan yaşayışı üçün heç bir şərait yoxdur. 15 mərtəbəli binada hamı özü üçün su cəni qoyub istifadə edir”.
 
Müraciətdə qeyd olunur ki, MTK-nın tikdiyi binada 300-dək ailə bərbad vəziyyətdə yaşayır. Binada istilik olmadığından qışda divarlardan su axır. Nəticədə təmirli evlər də dağılıb.
 
Sakinlər kommunal xidmətlərin pulunu ödədiklərini, lakin əvəzində onlara heç bir xidmət göstərilmədiyini də qeyd edirlər. Onlar MTK rəhbərliyinə xəbərdarlıq etdiklərini, tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiya keçirəcəklərini də dedilər.
 
Qeyd edək ki, “Badü-Kubə” MTK ilə bağlı mətbuatda bir neçə dəfə oxşar ittihamlar səsləndirilib. Bu ilin may ayında sakinlər işığın günlərlə verilməməsinə etiraz ediblər.
 
Səslənən bu iradlara münasibət öyrənmək üçün “Badü-Kubə” MTK ilə əlaqə saxlamaq istədik. Lakin şirkətə məxsus telefonlara cavab verilmədi.

Google+ WhatsApp ok.ru