İqtisadçı: Neftin qiymətinin ucuz qalması SOCAR-ı müflis edə bilər

İqtisadçı: Neftin qiymətinin ucuz qalması SOCAR-ı müflis edə bilər

9-12 aprel tarixlərində keçirilən OPEK+ video məsləhətləşmələrində iyirmi üç neft istehsal edən ölkə dünyada gündəlik neft hasilatını azaltmaq məqsədi ilə "Əməkdaşlıq Bəyannaməsi" imzalayıb.
 
“Turan” İnformasiya Agentliyi yazır ki, bu, neftin qiymətinin ən ciddi şəkildə enməsinə təsir edən nefti bazardan çıxartmağa imkan verəcək.
 
Azərbaycanın Energetika Nazirliyində hesab edirlər ki, OPEK+ üzvü olmayan dünyanın digər neft istehsal edən ölkələri üçün endirimlər barədə razılığı nəzərə alaraq, mayın 1-də və iki ay ərzində gündə 20 milyon barel neft dünya neft bazarından çıxarılacaq. Bu, koronavirus pandemiyasının qara qızıla qlobal tələbi kəskin şəkildə zəiflətdiyi bir vəziyyətdə neftin qiymətlərinin sabitləşməsinə böyük bir töhfə olacaq.
 
Xəbərdə deyilir ki, indi bazarda artıq neft 30-35 milyon bar/gün hesablanır. Lakin onu aradan qaldırmaq üçün OPEK+ iki aylıq bir proqramı mayın 1-də işə salacaq.
 
OPEK + ölkələri, may-iyul aylarında ümumi hasilatı 9,7 milyon barel azaldacaq.
 
“Bu qərar OPEK + formatından kənar ölkələri hasilatı azaltmağa sövq edir və ilk dəfə olaraq digər iri neft istehsalçıları bu prosesə qoşulur. Buna misal olaraq ABŞ-ın Meksikaya görə hasilatı 300.000 bar/s azaltmaq öhdəliyini göstərmək olar. Meksika özü may-iyun aylarında hasilatı 100 min barel/gün azaldacaq" - deyə, Azərbaycanın Energetika Nazirliyində bildiriblər.
 
Aprelin 12-də "Əməkdaşlıq Bəyannaməsinə"yə edilən son düzəlişə əsasən, OPEK + ölkələrində iyulun 1-dən ilin sonuna qədər gündəlik hasilatın ümumi azalması 7,7 milyon barel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinə qədər gündə 5.8 milyon barel olacaq.
 
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, OPEK+ formatında verilən son qərara görə, Azərbaycan neft hasilatını gündəlik 164 min barel azaltmalıdır. Çünki karantin rejimin tətbiqi ilə əlaqədar olaraq daxili bazarda neft məhsullarına tələbat kəskin azalıb:
 
“Bu, o deməkdir ki, SOCAR-ın maliyyə durumi sürətlə pisləşir. Neftin qiyməti ucuzlaşanda rəsmilərdən biri bəyan etmişdi ki, onun SOCAR-a aidiyyatı yoxdur, çünki, biz məhsullarımızı daha çox daxili bazarda manata satırıq. İndi nə baş verir?”
 
Qubad İbadoğlu deyir ki, hətta SOCAR-ın Bakıdakı Neftayrıma Zavodu istehsalı məhdudlaşdırmaq qərarına gəlib. Bundan əlavə, SOCAR-a Hasilatın Pay Bölgüsü sazişlərindən çatan pay xeyli azalıb:
 
“Həm də SOCAR-ın xaricdə satdığı neft məhsullarının qiyməti ucuzlaşıb. Hətta həcmi də aşağı düşüb və nəhayət, SOCAR-ın böyük pullar gözlədiyi "Star" Neftayırma Zavodu da istehsal gücünü məhdudlaşdırıb. Odur ki, neftin dünya bazarında qiymətinin uzunmüddətli dövrdə ucuz qalması SOCAR-ı müflis edə bilər. Nəzər alaq ki, bu şirkətin ödəmə vaxtı çatan xarici borc öhdəlikləri əsasən 2020-2022-ci illər üzrədir. 2018-ci il dekabrın 31-ə olan son məlumata görə, SOCAR-ın xarici borc öhdəlikləri 9 milyard 659 milyon manat olub”.
 
İqtisadçı deyir ki, hazırda SOCAR-ın yeganə bir alternativi qalıb. O da səhmləşdirməyə getməkdir:
 
“Fond birjalarının listinqinə daxil olmaq və səhmlərin bir hissəsini xarici bazarlarda satışa çıxarmaq. Bu isə indiki şəraitdə SOCAR-a nəzarətin itirilməsinə gətirib çıxara bilər”.
 
Azərbaycanda hazırda neft hasilatına cavabdeh olan 3 seqment var - SOCAR (NQÇİ-də müstəqil istehsal, beynəlxalq müqavilələrdən kənar), SOCAR-ın birgə müəssisələri və Azərbaycan üçün əsas layihə - 1 milyard ton neft ehtiyatı olan “Azəri-Çıraq-Günəşli” (1997-ci ildən bəri yarısı hasil edilib).
 
SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov ASTNA-ya bildirib ki, "OPEK + sazişinin Azərbaycanda yerinə yetirilməsi ilə bağlı məsələlərə baxılır:
 
“Amma detallar Energetika Nazirliyində olacaq”.
 
Azərbaycan Energetika nazirinin müşaviri Zəminə Əliyeva isə ASTNA-ya bildirib ki, yaxın günlərdə yeni OPEK + sazişi çərçivəsində ölkədə istehsalın necə azaldılacağı ilə bağlı implementasiyalara baxılır.
 
Ən son açıqlanan məlumata görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,44 dollar artaraq 32,18 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 22,61 dollar təşkil edib.
 
Amerikalı ekspertlər hesab edirlər ki, yeni OPEK + sazişinin həyata keçirilməsi əslində dünyadakı həddindən artıq çox olan neft anbarlarına bir az boşalma vaxtı vermək üçün bir "taym-autdur". Lakin koronavirus pandemiyası fonunda dünyada neft sənayesindəki vəziyyət ilin sonuna qədər kritik olacaq. Neftin qiyməti çətin ki, 2019-cu ilin göstəricilərinə qədər qalxa bilər.
 

Google+ WhatsApp ok.ru