İqtisadiyyatın dollarlaşması nə vəd edir?

Məhəmməd Talıblı: «Dollarla kreditin verilməsi həmin ölkənin iqtisadiyyatında milli valyutanın dəyərini aşağı salır»

“Bank VTB (Azərbaycan)” müştərilərinə manatla kreditlərin verilməsini dayandırıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, hazırda bankdan nağd pul kreditini illik 24%-lə, 3 il müddətinə götürmək mümkündür.
 
Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra “Bank VTB (Azərbaycan)” müştərilərinə milli valyutada kredit ayıran azsaylı banklardan biri idi. Bank manatla kreditləri illik 28%-lə, 3 il müddətinə verirdi. Lakin görünür ki, ölkədə dollarlaşma prosesinin güclənməsi “Bank VTB (Azərbaycan)”ı kredit şərtlərinə yenidən baxmağa, risklərini azaltmaq üçün manatdan imtinaya vadar edib.
 
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra banklarda kreditləşmə ilə bağlı vəziyyət mənfiyə doğru dəyişdi. Həmin müddətdə ölkədəki 44 bankdan yalnız 7-si həm milli, həm də xarici valyutada kredit ayırdı. Banklardan 6-sı kreditləşməni yalnız manatla, 17-i isə yalnız dollarla həyata keçirməyə başladı.
 
Hazırda yalnız dollarla kredit verən bankların sırasına daha biri əlavə olundu. Kreditləşmədə manatdan imtina edilməsi iqtisadiyyata nə vəd edir? Dollarlaşmanın bütün sahələri əhatə etməsi milli valyutaya hansı təhlükəni yaradır?
 
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bankların manatla kredit verməsindən imtinasına iki cür yanaşma sərgilənməlidir. Öncə ona diqqət yetirilməlidir ki, Azərbaycanın mövcud qanunvericiliyi bankların belə bir təşəbbüslə çıxış etməsinə imkan verirmi. Hazırkı qanunvericiliyin belə bir addım atılmasını qadağan etdiyini deyən M.Talıblı bildirdi ki, amma bu, bankların muxtar hüququ kimi qiymətləndirilir və belə qeyd edilir ki, banklar manatla kredit verməyə bilər. “Fəaliyyət göstərdiyin ölkənin milli valyutası ilə kredit verilməməsi yerli qanunvericiliyə və milli valyuta ilə bağlı fəlsəfəyə ziddir”, deyə M.Talıblı vurğuladı.
 
M.Talıblının sözlərinə görə, milli valyuta ilə kreditlərin verilməməsi nəticədə manat təklifi və dollar tələbi yaradır. Dollar tələbinin artması isə ölkə iqtisadiyyatını dollarlaşdırır. Sanki bütün əməliyyatlar, yığımlar ABŞ dolları ilə həyata keçirilir. Nəticədə ölkənin dollarlaşması sürətlənir. Bu isə nəticədə həmin ölkənin iqtisadiyyatında milli valyutanın dəyərini aşağı salır: “Bu baxımdan bu ölkənin biznes qurumlarının milli valyuta ilə hərəkət etməməsi, yığımı da dollarla aparması nəticədə xarici valyutaya marağı və tələbi gücləndirir. Bunun nəticəsində isə Mərkəzi Bankın intervensiya xərcləri çətinləşir. Mərkəzi Bankın bazara müdaxiləsi üçün əlavə olaraq dollar vəsaitinə ehtiyacı qalır. Çünki manatın bazarda normal kütləsinin saxlanması üçün dollar kütləsinin artmasına ehtiyac var. Mərkəzi Bank dollarlaşma ilə bağlı yaranan boşluğu hər hansı formada doldurmalıdır. Nəticədə Mərkəzi Bank azalmış dollar həcmini artırmağa dollar xərcləməlidir. Eyni zamanda ölkə iqtisadiyyatında da dollara tələb yaranır”.
 
Bu cür tendensiyanın milli valyutanın dəyərdən düşməsinə, etibarsızlaşmasına apardığını deyən M.Talıblı bildirdi ki, nəticədə manat bir zamanlara qədər yığdığı etibarı itirir.

Google+ WhatsApp ok.ru