Quba bazarında...

Bazar deyəndə beynimizdə səsli-küylü bir yer canlanır. Ancaq bu dəfə fərqlidir. Deyəsən ikinci devalivasiya yaman təsir edib, alıcı yoxdur. Piştaxtaların əksəriyyəti boşdur. Saat səhərin 6-dır. Satıcılar yeni gəlməyə başlayıblar. Səhər tezdən qoçaq çıxan bir-iki satıcı var, vəssalam.

Göyərti satan qadın deyir ki, Qubanın bütün mağazaları, satıcıları ondan alır göyərtini. Ona görə hər gün səhər tezdən gəlir: “Həyətimdə əkib becərirəm. Əslində, mənim pensiyaya çıxıb, ayaqlarımı uzadıb nəvə oynadan vaxtımdır. Kasıblıq imkan vermir”.

 

Quba bazari 1


Gülsüm xanımın 68 yaşı var. Alıcı qıtlığından şikayətlənib, güzaranlarından danışır: “Bu dollar ki qalxdı, bizim evimiz yıxıldı. Camaat aqressivləşib. İnanın, mən qiymət-zad artırmamışam. Əvvəl də 20 qəpik idi, indi də. Çox alana 15 qəpikdən də satdığım olur. Bu dəfə də deyirlər ki, göyərtinin dəstəsini balacalaşdırmısan. Psixolojidi. Burda əsəb, evdə əsəb, birtəhər dolanıram”.

Satıcılar yavaş-yavaş gəlməyə başlayır. Səs-küylər çoxalır. Budur, ilk alıcılar da gəlir.

“Saat 6-nın yarısından gözləyirəm”

Alıcı Natiq Kərimov bazarın od tutub yandığını deyir. Dolanışığından, işsizlikdən gileylənir:

“İş yox, bekarçılıqdır. Cavan-cavan uşaqlar hamısı çayxanalardadır. Mən də Bakıda tikintidə işləyirdim. İş dayandı. Qayıdıb gəlmişəm kəndə. Burda da iş yoxdur. Mən boyda adam yaşlı ana-atamın pensiyası ilə dolanıram. Onların qulluğunda dururam. Anam göndərib bazara ki, “alverçilər gəlməmiş ucuz olur, get bazarlığımızı elə”. Saat 6-nın yarısından gözləyirəm ki, bazar açılsın, alacaqlarımı kənd camaatından alıb-gedim”.

 

 

Quba bazari


“İndi nə pulun, nə də ərzağın dəyəri qalıb”

Fərhad Məmmədov da qiymət artımından şikayət edir. Deyir, əvvəl 50 manatla bazara girib zənbil-zənbil ərzaqla çıxardın. İndi pulun dəyəri qalmayıb: “Yaman bahalıqdır. Əvvəl hər şeyə görə bazara qaçmazdıq, yaxınlıqdakı marketdən də alırdıq. İndi yoldaşıma deyirəm ki, çöp də lazım olsa bazara gedək. Həftədə bir dəfə gəlirəm. O da nə lazımdır yazır. Marketlərə yaxın durmalı deyil. Bazar yenə bir az babatdı. Babatdı deyəndə, əvvəlkindən təbii bahadır. Sadəcə, tez gələndə bir balaca qabağa düşmək olur”.

 

 

Quba bazari

Quba bazari


“Camaatda pul yoxdur”

Tərəvəz satan Rövşən kişi də qiymətlərin bahalığından şikayətlənir. Deyir camaatda pul yoxdur. Ona görə işləri çətinləşib:

“Onlardan olsa hər şeyi pulsuz tələb edərlər. O da olmur. Biz də evimizə çörəkpulu aparmalıyıq. Çətindir. Bu il məhsul da yaxşı olmadı. Ona görə bir xeyli borcum var. Bura da çıxmamaq olmur. Gündəlik yaşayışımızı təmin etmək üçün məcburam. Çıxıramsa da, alver yoxdur. Çünki camaatda pul yoxdur”.

“Qoyunu kəsib gətiririk, 10 gün qalır”


Ət satan da alverin zəifliyindən gileylənir. Deyir, yeni il özü ilə kasıblıq, qıtlıq gətirib sanki: “Yeni ildən bəri alver olmur demək olar ki. Camaat kartofla, soğanla yola verir gününü. Kimdir ət alan? İnandırım ki, qoyunu kəsib gətiririk, 10 gün qalır. Soyuduculara əlavə pul vermək məcburiyyətində qalırıq, alınmır. Malın qarnını, ürəyini, ciyərini alırlar, ətinə yaxın düşən yoxdur. Bahadır, qınamıram camaatı. İş yox, banklara borc çox, pul da ki, yox”.

 

Quba bazari


“Almanın üzünə də baxan yoxdur”

Quba almasının satışı ilə də bağlı durum yaxşı deyil. Satıcılar 8 kilosunu 2-3 manatdan satırlar. Ancaq yenə də “alan yoxdur” deyirlər:

“Bakıda bu almaların bir kilosu 1-1,5 manatadır. Biz 8 kilosunu 2-3 manatdan veririk, almırlar. Çünki camaatın çoxunun alma bağları var. Ona görə də bizdən alan yoxdur. Bir ara almanı Bakı bazarına çıxardıq. Sərf eləmədi, daha aparmadım. Maşın tutursan, Bakıya qədər hər postda saxlayıb “soyurlar”, bazar istəyir, neçə-neçə yoxlamalardan keçməlisən, hamısı da puldur. Puldan əlavə, əsəbdir, stressdir. Məcburam Quba bazarına çıxaram. İstirahətə gələnlər, yolu burdan düşənlər alar bəlkə”.

“O vaxta qədər 3-cü devalvasiya olmasa...”

Çərəz satan isə ümidlərini marta bağlayıb. Deyir, səbirsizliklə martın gəlməyini gözləyirəm: “Bəlkə Novruz ərəfəsi bir az alver olar. Düz 2 banka borcum var. Ayı ötüb, ödəyə bilmirəm. Martda yaxşı alver olsa, bəlkə kreditlərimi bağlayaram. O vaxta qədər 3-cü devalivasiya olmasa, camaatda pul olsa, təbii”.

 

 

Quba bazari


Satıcılar alıcı qıtlığından, alıcılar bahalıqdan şikayətçidir. Bazarda gördüklərimizdən o nəticəyə gəlinir ki, kimi önümüzdəki aylara ümid bağlayır, kimi üçüncü devalvasiyadan qorxur. Banklara borcu olanlar, işsizlər var Qubada. Elə bütün bunlardan bezən qubalılar yanvarın 15-də qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya da keçirmişdi. Aksiyaçılar işsizlikdən əziyyət çəkdiklərini, bank kreditlərini ödəyə bimədiklərini, ünvanlı sosial yardım almadıqlarını deyirdilər. Vəziyyət dəyişməz qalıb. Yenə bank borcu, yenə işsizlik, pulsuzluqdur... meydantv/

 

 

Google+ WhatsApp ok.ru