Qubad İbadoğlu: `Türkiyə ilə başlanacaq `yeni iqtisadi müharibə` Rusiya iqtisadiyyatı üçün də yaxşı perspektiv vəd etmir`

 
Rusiya-Türkiyə münasibətləri yeni gərginlik mərhələsinə daxil olur. Belə ki, ixrac edilən qazın qiymətinin artırılmasından sonra bu dəfə Rusiyada Türkiyəyə qarşı ikitərəfli ərzaq embarqosunun tətbiq gündəmə gəlib. Söhbət Türkiyədən meyvə və tərəvəz idxalının və Rusiyadan Türkiyəyə taxıl ixracının dayandırılmasından gedir. Üstəgəl hazırda Rusiya bütün turizm şirkətləri Türkiyəyə çarter reyslərini ləğv edib.
 
Təbii ki,  bu addımlar Türkiyə üçün ciddi böhran yarada bilər. Bu Türkiyə iqtisadiyyatı üçün necə nəticələnə bilər? Bu gərginliyin sonu nələrə gətirib çıxara bilər?
 
Mövzu ilə bağlı Maide.az-a durumu şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, yaranmış gərginlik iki ölkə arasında yalnız siyasi deyil, həm də enerji, ticari və investisiya əməkdaşlığının səviyyəsinə də təsirsiz ötüşməyəcək. "Tərəflər arasında mövcud olan fikir ayrılığının dərinləşməsi ilk növbədə enerji və turizm sahəsində perspektiv əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. Belə ki, bundan sonra "Rosatom" korporasiyasının Türkiyədə atom elektrik stansiyası ("Akkuyu") inşa etməsi və bunun üçün nəzərdə tutulan 20 milyard ABŞ dolları həcmində sərmayə yatırılması, Rusiya qazının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması, rus turistlərinin axını və  ərzaq embarqosuna dair planı sahəsində  risklər artacaq.
 
Türkiyənin Almaniyadan sonra ikinci tiracət ortağı olan Rusiyadan idxalatı ötən il 25 milyard, ixracatı 6 milyard, ümumi ticarət dövriyyəsinin həcmi 31 milyard ABŞ dolları olub. 2020-ci ilədək bu iki ölkə arasında ticarət dövriyyəsinin ən azı 3 dəfə artırılması proqnozlaşdırılırdı. Çox güman ki, bu hadisədən sonra ticari münasibətlər sahəsində gərginliklər artacaq, Türkiyəyə qarşı ərzaq embarqosuna dair planın reallaşması ehtimalı aşağı görsəndə də, istənilən halda 2020-ci il üçün gözlənilən proqnozlar özünü doğrultmayacaq. 
 
Eyni zamanda rusiyalı turistlərin Turkiyəyə gedişinin əngəllənməsi bu ildən başlayaraq müşahidə olunan azalma tendensiyasını gücləndirərək, Türkiyənin aparıcı xidmət sektorunun çətinliklərini bir az da artıracaq. Belə ki, son məlumatlara görə, ötən il 4,5 milyon nəfər, bu ilin ilk 8 ayında isə 2,78 milyon nəfər rusiyalı turist Türkiyəni ziyarət edib. Lakin bu münasibətlər qarşılıqlı olduğundan Rusiya iqtisadiyyatına da mənfi təsir göstərəcək. Türkiyə ilə başlanacaq "yeni iqtisadi müharibə" onsuz da sanksiyalardan və neft qiymətlərinin uculaşmasından zəifləyən və ildən ilə kiçilən Rusiya iqtisadiyyatı üçün də yaxşı perspektiv vəd etmir.
İki ölkə arasında gərginliyin uzunmüddətli olacağı halda rubl və türk lirəsi də bundan ziyan çəkə bilər"./

Google+ WhatsApp ok.ru