Qulların, tacirlərin və aşiqlərin ibadəti

İmam Cəfəri Sadiq (ə) bir rəvayətdə ibadət edənlərin, Allaha nə üçün ibadət etdiklərini bu şəkildə buyurur: "İbadət edənlər üç dəstədir. Bir dəstə Allaha qorxudan ibadət edər, bu qulların ibadətidir. Bir dəstə Allah-taalaya savab üçün ibadət edər, bu muzd alanların, tacirlərin ibadətidir. Bir dəstə də eşq və məhəbbətə görə Allaha ibadət edər ki, bu azad insanların, aşiqlərin ibadəti və ən üstün ibadətdir" (Biharul Ənvar, cild 70, səh 236).
 
İmam bu rəvayətdə Allaha ibadət edənləri üç qrupa ayırıb:
1- Qulların ibadəti: Allahdan qorxduqları və Onun əmrlərinə itaət etmədikləri təqdirdə cəhənnəm əzabına düçar olacaqlarını bildiklərinə görə, ibadət edənlərdir. Onların ibadəti qədim zamanlardakı kölələrin ağaları üçün işləmələrinə bənzəyir. Çünki kölə yaxşı işləməyəndə sahibi onu cəzalandırırdı.  Qulda sırf döyülməmək üçün üçün könülsüz şəkildə işləyirdi.
2- Tacirlərin ibadəti:  İbadət etdikləri təqdirdə Allah tərəfindən böyük mükafatlar əldə edəcəklərini, cənnətə daxil olaraq oranın nemətlərindən faydalanacaqlarını eşidən və yalnız bunlara çatmaq üçün ibadət edənlərdir. Bunların ibadəti də bir şey verib, qarşılığında başqa bir şey alan tacirlərin ibadətinə bənzəyir.
3- Aşiqlərin ibadəti: Nə cəhənnəm əzabından qorxduqlarından və nə də cənnətə olan tamahlarına görə, Allaha ibadət edərlər, əksinə onlar Allahı çox sevdikləri üçün ibadət edərlər. Bunların ibadəti heç bir şeyin əsiri olmayan azad insanların ibadəti kimidir. Ən üstün və Allah qatında ən qiymətli ibadət bu üçüncü qrupun ibadətidir.
 
İmam Sadiq (ə)  başqa bir rəvayətdə də eyni şəkildə ilk iki qrupu qeyd etdikdən sonra: "Amma mən Allahı çox sevdiyim üçün ona ibadət edərəm" - deyə buyurur. (Biharul Ənvar, cild 70, səh 198 )
 
Lakin yanlış anlaşılmaması lazım olan nöqtə budur ki, insan cəhənnəm əzabından qorxduğu və ya cənnətin o gözəl nemətlərini arzulamasına görə, ibadət etsə bu da yaxşıdır, yuxarıdakı hədis bu məqsədlərlə edilən ibadətlərin pis olduğunu izah etmək istəmir. Çünki Qurani-Kərimdə cəhənnəmdən qorxduqları və cənnətə həvəsləndikləri üçün günahlardan uzaq dayanan təqvalı insanlar təriflənib:
Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!” (“İnsan” surəsi, ayə 10)
 
Təbii ki bu Allaha qarşılıqsız şəkildə ibadət edənlər kimi deyil. Ən üstün ibadət Allahı sevdiyi üçün edilən ibadətdir, digər ikisi isə bir qədər aşağı mərtəbədir.  Məsələn bizlər qışda qışın soyuğundan və ya yayın istisindən qorunmaq üçün əvvəlcədən hazırlıqlar edir, çünki qışın və yayın gələcəyini dəqiq bilirik. Eyni şəkildə cənnət və cəhənnəmin olduğuna qəti şəkildə  inansaq və cənnətin mükafatına çatmaq, cəhənnəmində əzabından özümüzü qurtarmaq üçün çalışsaq bu da çox yaxşıdır. Amma çox təəssüf ki, bu yəqinə də çata bilməmişik, ona görə də ilk iki qrupun ibadətini kiçik hesab edilir.
 
Ən üstün ibadət, Allahı ibadətə layiq görüb, ona itaət uğrunda hər cür çətinliklərə dözərək edilən ibadətdir. Belə ibadət edən bəndə qəlbini yalnız Allaha verib, Allahın yanına çatmaq, Onun razılığını qazanmaq,  qul üçün cənnət və cənnətin içindəki bütün nemətlərdən daha qiymətlidir. Dünyada necə ki, insan birini sevdiyi zaman sevgilisinə çatmaq üçün bütün çətinliklərə dözüb, bir çox ləzzətləri tərk edər, sevdiyini bir dəfə görmək üçün səhərlərə qədər oyaq qalar, eyni şəkildə Allahı sevənlər də onunla bir an görüşmək üçün ibadətin hər cür çətinliyinə dözər. Çox təəssüf ki, hamımız bunu anlaya bilmirik.
 
İslam təlimlərini tam olaraq anlaya bilməyən bəziləri, kitablarında,  "Cənnətin nemətlərini sevmək, cəhənnəmin də əzabından qorxmaq dəyərsiz bir inanc olub, bu əslində insanın eqoistliyindən qaynaqlanır" deyirlər. Bunlara görə insan rahatlıq və əzabdan xilas olmaq axtarışı yerinə, dəyərlərin arxasınca olmalıdır, böyük insanlar dəyərləri sevər mənfəətlərini deyil!
 
Söylədikləri bu sözlər haqdır, amma yerində deyilməyib. Həqiqətdə böyük insanlar axirətə, cənnətə, cəhənnəmə inanıb, bunları dəyər olaraq qəbul edənlərdir, amma həmişə Allahın razılığı arxasınca olduqlarından belə şeylərə əhəmiyyət verməzlər. Cənnətin nemətlərinə və cəhənnəmin də əzabına dəyər verməmək, yəni onlara inanmamaq deməkdir. Bundan əlavə belə düşünən şəxslərin sözdə dəyər verdikləri şeylər həqiqətdə xəyali və utopikdir, nəticədə bu da eqoistliyə söykənir.
 
Bunlar azad, azad insanların ibadətini və İmam Əlinin (ə) buyurduğu: "Səni ibadətə layiq gördüyüm üçün…" bu məqsədlə edilən ibadəti anlaya bilməyiblər. İmam (ə) və digər Allah dostlarının cənnət və cəhənnəmə gün kimi inandıqlarını dərk edə bilməyiblər. Necə ola bilər cəhənnəm atəşinin çıxardığı səsləri eşidib, o əzabları gördükdən sonra, əzaba əhəmiyyət verməyib, laqeyd qala bilələr?
 
Şübhəsiz azad şəkildə ibadət edənlər cənnət nemətlərinə əhəmiyyət verib, cəhənnəm əzabından da qorxan şəxslərdir. Ancaq Allahın razılığından məhrum qalma narahatçılığı onlarda daha çoxdur. Cənnətdə nemətlərin içərisində olsalar belə, əgər Allahın sevgisindən və onun rəhmətindən məhrum qalacaqlarsa, o gün onlar üçün ən əzablı gün olacaq. Bunu ən gözəl şəkildə ifadə edən yenə İmam Əlinin (ə) özüdür, Kumeyl duasında belə buyurur: "Allahım, Mövlam və Rəbbim! Fərz edək ki, əzabına dözdüm, yaxşı ya səndən ayrılığa necə dözüm?"

Google+ WhatsApp ok.ru