Qum şəhərində təhsil alan bir qrup azərbaycanlı tələbənin şeyx Sərdar Hacıhəsənlinin həbs edilməsinə münasibəti

Qum şəhərində təhsil alan bir qrup azərbaycanlı tələbənin şeyx Sərdar Hacıhəsənlinin həbs edilməsinə münasibəti

Qum şəhərində təhsil alan bir qrup azərbaycanlı tələbə dəyərli din xadimi Höccətül-islam şeyx Sərdar Hacıhəsənlinin həbs edilməsinə münasibət bildirib. 
 
Maide.Az -a daxil olan açıqlamanı təqdim edirik :
 
Bismillahir-Rəhmanir-Rəhim
"Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyir, halbuki kafirlərə xoş gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır".  "Səff" surəsi, ayə 8.
 
Məlum olduğu kimi 22.02.2017-ci tarixində Azərbaycanın tanınmış din xadimi Höccətül-islam şeyx Sərdar Hacıhəsənli cənablarını CM-nin 168-1.3.1 maddəsini əsas gətirərək azadlıqdan məhrum etmişlər.
Ömrünün bahar çağlarını hədsiz şövqlə mükəmməl dini təhsilə yiyələnməyə həsr etmiş, müqəddəs İslam dininə və Əhlibeyt (ə) məktəbinə xidmətlə keçirən, vətəninə və xalqına daima sədaqətlə tanınan, gənc yaşlarından dininə və xalqına xidmət göstərmiş Şeyx Sərdar kimi ziyalı din xadimlərinin cəmiyyətdən təcrid edilərək məhbəsə atılması, bizi bir Azərbaycan vətəndaşı kimi kəskin narahat edir. Tarixi kökümüzü və milli şüurumuzu nəzərə alsaq, Şeyx və onun timsalında olan ruhanilərin İslam təlimlərini elmi xəyanət sayılan azaltma və çoxaltma  üslubu ilə hər növ təsərrüfdən uzaq sağlam bir tərzdə xalqımızı maarifləndirmə istiqamətində olan fəaliyyətlərini, tam milli şüurumuza söykənən bir addım kimi görürük. İslam övladlarını, vətən oğullarını öz soyumuzdan ayıraraq sanki yad bir əcnəbi kimi qələmə vermək ictimaiyyət tərəfindən absurd və qəbuledilməzdir. Milli ruhumuzun təzahürü olan vətən oğullarının qanı bahasına əldə etdiyi müstəqilliyimizə, doğma torpağımıza olan bağlılığımız, əslində həm də dini inancımızdan qaynaqlanır. Öz xalqını sevən İslam oğullarını, xüsusilə, gənclərimizə örnək ola biləcək nümunəvi əxlaqı, sağlam əqidəsi və zəkası ilə seçilən hörmətli ruhani Şeyx Sərdar qardaşımızı sinfi müdafiə etməyimizi özümüzə borc bilir, onun haqqında çıxarılan qərarı birmənalı olaraq pisləyir, bu tip hərəkatları həm də qanun aliliyinin, demokratik prinsiplərin ümumi ruhuna zidd hesab edirik.
 
Şeyx Sərdar haqqında təkcə bunu demək yetər ki, o, İslam elmlərini orijinal qaynaqlardan mükəmməl şəkildə mənimsəmiş fəlsəfə, irfan, kəlam, fiqh, təfsir, ərəb ədəbiyyatı və s. kimi dini elmlərdə söz sahibi olub, Qum elmi hövzəsinin yüksək dərəcəli əxlaq ustadı sayılan mərhum Ayətullah Əhmədi Miyanəcinin ən yaxın şagirdlərindəndir. Şeyx Sərdar öz moizələrində cəmiyyətimizdə mövcud olan ictimai, əxlaqi, psixoloji çatışmazlıqları, ailə problemlərini qabartmaqla, İslam maarifçiliyinə əsaslanaraq məharətlə onun həll yollarını canıyananlıqla dinləyiciyə çatdırır. Məlum hadisənin bir çox din xadimlərinin, ziyalıların əks-sədasına səbəb olması, dindar kəsimin hədsiz narahatçılığı onun cəmiyyətdə sevimli bir şəxsiyyət olmasını göstərir.
 
Dünya və axirətdə öndərliyini fəxrlə qəbul etdiyimiz, ömürlük əhd-peyman bağladığımız Zəmanə Sahibinin (ə.c) layiqli əsgəri sayılan ziyalı islamşünas Şeyx Sərdarla qürur duyur, məsələnin müsbət məcrada tezliklə həll ediləcəyini uca Allahdan təmənna edirik.
 
Qum elmi hövzəsində təhsil alan bir qrup azərbaycanlı tələbə
23.02.2017

Google+ WhatsApp ok.ru