QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ: 12. ALLAHDAN QORXMAQ

QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ: 12. ALLAHDAN QORXMAQ

Ayədə qeyd olunan “Məqamə Rəbbi” (Rəbbinin məqamı) ibarəsinin nədən ibarət olması haqda iki ehtimal irəli sürülmüşdür:

1. Allahın elminin insanın bütün əməlləri və niyyətlərinə əhatəsi;

2. İnsanın qiyamət günü ədalət məhkəməsində Allahın hüzurunda dayanması.

Hər iki surətdə, Allah qorxu hissi günahların tərki üçün bir səbəb və qaynaq hesab edilir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə oxuyuruq:

مَنْ عَلِمَ أَنَّ اَللَّهَ يَرَاهُ وَ يَسْمَعُ مَا يَقُولُ وَ يَعْلَمُ مَا يَعْمَلُهُ مِنْ خَيْرٍ أَوْ شَرٍّ فَيَحْجُزُهُ ذَلِكَ عَنِ اَلْقَبِيحِ مِنَ اَلْأَعْمَالِ فَذَلِكَ اَلَّذِي خٰافَ مَقٰامَ رَبِّهِ وَ نَهَى اَلنَّفْسَ عَنِ اَلْهَوىٰ

“Hər kim bilsə ki, Allah onu görür, dediklərini eşidir, yerinə yetirdiyi xeyir və şər işlərindən xəbərdardır, bu bilik və agahlıq onu pis işlərdən çəkindirər. Bu xüsusiyyətə sahib olan şəxs Rəbbinin məqamından qorxar və nəfsinin istəklərinə uymaz.” (“Məcməul-bəyan”, c.9-10, səh.207.)

Uyğun ayədəki “cənnətan” (iki cənnət) ibarəsi haqda da müxtəlif təfsirlər qeyd olunmuşdur:

1. Məqsəd “maddi” və “mənəvi” cənnətlərdir. Necə ki, “Ali-İmran” surəsinin 15-ci ayəsində buyurulur:

لِلَّذِينَ اتَّقَوْا عِندَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُّطَهَّرَةٌ وَرِضْوَانٌ مِّنَ اللّهِ وَاللّهُ بَصِيرٌ بِالْعِبَادِ

“...Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada pak olan zövcələr və Allah rizası vardır...”

Bu ayədə birinci maddi behiştdən – ağacları altından çaylar axan cənnət bağlarından, daha sonra isə mənəvi behiştdən, yəni həqiqi məbud və məhbub olan Allahın rizasından söz açılır.

2. Birinci behişt iman müqabilində, ikinci behişt isə yaxşı əməllər müqabilindədir;

3. Birinci behişt Allaha itaət, ikinci behişt isə günahların tərkinin müqabilindədir;

4. Birinci behişt əməllərin savabı, ikincisi isə Allahın lütfüdür.

Bu təfsirlər içərisində birinci təfsir daha münasib olsa da, onların cəmi də tamamilə mümkün bir haldır.

Bir sözlə, Qurani-Kərimə görə, Allahdan qorxu hissi behişt əhlinin əsas xüsusiyyətlərindən biridir. (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.82-83.)

Rza Şükürlü (Maide.az)

 

 

Google+ WhatsApp ok.ru