QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ: SƏDAQƏT VƏ DOĞRULUQ - 11

QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ: SƏDAQƏT VƏ DOĞRULUQ - 11

İnsanın yerinə yetirdiyi yaxşı əməllər içərisində “doğruluq”, “sədaqət” və “düz danışmaq” daha çox əhəmiyyət kəsb edir, ayə və rəvayətlərdən də onun qiyamət günü əməl tərəzisində digər əməllərlə müqayisədə ağır olacağı açıq-aşkar başa düşülür. Bu xüsusiyyət ilahi övliyaların səciyyəsidir və Qurani-Kərimdə behiştə daxil olmağın açarı kimi təqdim olunur. Belə ki, “Maidə” surəsinin 119-cu ayəsində buyurulur:

قَالَ اللّهُ هَذَا يَوْمُ يَنفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ

Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük səadətdir!”

Aydındır ki, ayədə dünyada doğru olmaqdan – danışıqda, əqidədə və əməldə doğruluqdan söz gedir və hər üç sahədə doğruluq, şübhəsiz, təqva nişanələrindəndir. Axirətdə isə təklif və vəzifə olmadığından doğruluq və düz danışmaqdan söz gedə bilməz. Çünki axirət aləminə hakim mühit elədir ki, heç kim düz danışmaqdan başqa bir çarəsi yoxdur, hətta günahkarlar həqiqəti müvəqqəti olaraq gizli saxlasalar da, az müddətdən sonra bütün sirləri aşkarlanacaq, işlərinin bihudə olduqlarını anlayacaq və nəhayət, bütün günahlarını etiraf edəcəklər!

Ayədən anlaşılır ki, bütün yaxşı əməllərin qaynağı sədaqət və doğruluqdur. Azacıq diqqət etdikdə, onun məntiqli təhlili də aydınlaşır. Çünki bütün günahlar insanın möminlik və müsəlmançılıq iddiasında doğru və sadiq olmamasına qayıdır.

Sədaqət və doğruluğun əhəməyyəti o qədərdir ki, Əhli-beytdən (ə) nəql olunan hədislərdə də insanları tanımaq üçün ilkin sınaq vasitəsi və əsas meyar sayılmışdır. Necə ki, İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:

لا تَنظُروا إلی کثرَةِ صَلاتِهِم وَ صَومِهِم، وَ کثرَةِ الحَجِّ، وَ المَعروفِ، وَ طَنطَنَتِهِم بِاللَّیلِ، وَلکنِ انظُروا إلیصِدقِ الحَدیثِ وَ أداءِ الأمانَةِ

“İnsanların namazının, orucunun, həccinin, yaxşı işlərinin və gecə zümzümələrinin çoxluğuna baxma; əksinə onların düz danışığı və əmanətdarlığına bax!” (“Biharul-ənvar”, 68-ci cild, səh.9, hədis 13.)

İmam Sadiq (ə) də buyurmuşdur:

لا تَنْظُرُوا اِلى طُولِ رُكُوعِ الرَّجُلِ وَ سُجُودِهِ فَاِنَّ ذالِكَ شَيْءٌ قَدِ اعْتادَهُ فَلَوْ تَرَكَهُ اسْتَوْحَشَ لِذالِكَ، وَ لاكِنِ انْظُرُوا اِلى صِدْقِ حَدِيثِهِ وَ اَداءِ اَمانَتِهِ

“İnsanı səcdə və rükusunun uzunluğu ilə qiymətləndirmə! Ola bilər, bunu adət üzrə görsün və əgər onu tərk etsə, narahat olar. (Əksinə) onun düz danışığı və əmanətdarlığına bax!” (“Biharul-ənvar”, 71-ci cild, səh.8.)

Qurani-Kərimdə buyurulur:

وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْل

“Həqiqətən, onları (münafiqləri) danışıqlarından tanıyacaqsan.” (“Muhəmməd” surəsi, ayə 30.)

İslam Peyğəmbəri (s) başqa bir hədisdə belə buyurur:

عَلَيْكُمْ بِالصِّدْقِ فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى الْبِرِّ وَإِنَّ الْبِرَّ يَهْدِي إِلَى الْجَنَّةِ

“Sizə düz danışmağı tövsiyə edirəm. Çünki düz danışmaq insanı yaxşılığa doğru aparır, yaxşılıq da behiştə doğru aparır.” (“Məhəccətul-bəyza”, 8-ci cild, səh.140; “Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.77-78.)

Bir sözlə, sədaqət, doğruluq və düz danışmaq behiştin açarıdır.

Rza Şükürlü (Maide.az)

 

 

Google+ WhatsApp ok.ru