QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ -15

QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ -15

-- 15. İNFAQ VƏ İSTİĞFAR

Qurani-Kərimin “Ali-İmran” surəsinin 133-136-cı ayələrində Allah-Taaladan günahların bağışlanmasını diləmək, Ona üz tutub tövbə etmək, həm rahatlıq, həm də qıtlıq zamanı infaq etmək və Allah yolunda xərc çəkmək, habelə təmkinli olmaq, qəzəbi boğmaq, güzəştə getmək və günahı təkrarlamamaq behişt əhlinin səciyəvi xüsusiyyətləri kimi qeyd olunur:

وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

Rəbbinizin sizi bağışlamasına, göylər yer qədər geniş olan təqvalılar üçün hazırlanmış behiştə doğru tələsin.”

الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ

(Təqvalılar) o kəslərdir ki, həm rahatlıq, həm çətinlik zamanı infaq edər, öz qəzəblərini udar, xalqın xatalarını bağışlayarlar. Allah yaxşı əməl sahiblərini sevər.”

وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ

“(Təqvalılar) o kəslərdir ki, pis gördükdə ya özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarına görə tövbə edərlər. Allahdan başqa günahları bağışlayan kimdir? (Təqvalılar) günahın pisliyini bildiklərindən gördükləri işi təkrarlamazlar.

Növbəti ayədə isə bu xüsusiyyətlərə sahib olanlar behiştlə müjdələnir və buyurulur:

أُوْلَـئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ

Rəbbi tərəfindən onların (təqvalıların) mükafatı bağışlanma ağacları altından çaylar axan bağlardır. Onlar daim orada qalarlar. Əməl sahiblərinin mükafatı necə gözəldir!”

Məğfirət və günahın bağışlanması Allaha aid işdir. İlahi məğfirət və bağışlanmağa doğru tələsmək məğfirət və bağışlanmağa səbəb olacaq əməllərə tələsmək mənasını ifadə edir. Odur ki, bəzi alimlər həmin əməllərin insanın bağışlanmasına səbəb olan İslamdan, bəziləri vacib əməllərin icrasından, bəziləri hicrətdən (çirkin mühitdən pak mühitə köç), bəziləri gündəlik beş namazdan, bəziləri cihaddan və bəziləri də tövbədən ibarət olduğunu vurğulamışlar. Bütün bu əməllər insanı behiştə aparan əməllərdir. Elə bu səbəbdən də, uyğun ayələrdə infaq, istiğfar, əfv, güzəşt və ehsan kimi ilahi məğfirətə səbəb olan mühüm əməllər və behişt qapılarının açarlarına işarə edilmişdir.

Diqqəti cəlb edən odur ki, bu məna azacıq fərqlə – “sariu” (tələsin) ifadəsinin yerinə “sabiqu” (ötüb keçin) ifadəsi işlənməklə “Hədid” surəsinin 21-ci ayəsində də öz əksini tapır:

سَابِقُوا إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ السَّمَاء وَالْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçin...”

Bəli, tələsməyin və sürətlə hərəkətin nəticəsi elə başqalarını ötüb keçməkdir. Hər halda, bu təbirlər göstərir ki, bü dünya insanlar üçün müsabiqə və yarış meydanıdır; bu müsabiqədə son nöqtə və son məqsəd ilahi məğfirət və bağışlanma, misilsiz genişliyə sahib olan behiştdir. (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.81-82.)

Rza Şükürlü (Maide.az)

 

 

Google+ WhatsApp ok.ru