QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI

İmamət və rəhbərlik təkcə dini məsələ deyil və bütün yaradılış aləmində əhəmiyyət daşıyır. Allah-Taala Özü varlıq aləminin əsl imamı və rəhbəridir, kainatı hidayət və idarə edən də Odur! Qurani-Kərimdə bu məsələyə xüsusi əhəmiyyət verilmiş, imamət insanın təkamül seyrinin son mərhələsi sayılmış və “ulul-əzm” peyğəmbərlərin ona çatdığından söz açılmışdır. Belə ki, “Bəqərə” surəsinin 124-cü ayəsində buyurulur:

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ

“Xatırla o zamanı ki, İbrahimi öz Rəbbi kəlmələrlə (müxtəlif vasitələrlə) imtahana çəkdi və o, imtahanları tamamladı (onların öhdəsindən layiqincə gəldi). Bu zaman Allah ona buyurdu: “Səni insanlara imam təyin etdim!” İbrahim “Nəslimdən necə?” (onları da imam qərar verəcəksənmi) – soruşduqda, Allah buyurdu: “Mənim əhdim (imamlıq məqamı) heç vaxt zalımlara çatmaz! (Bu məqama yalnız sənin pak və məsum övladların layiqdir!)”

Ayənin əvvəlində həzrət İbrahimin (ə) bir neçə kəlmə ilə imtahana çəkilməsindən söz açılmışdır. Təfsir alimləri arasında bu kəlmənin nədən ibarət olması barədə fikirayrılığı vardır. “Ruhul-məani” kitabının müəllifi bu haqda on üç baxış qeyd etmişdir. (“Ruhul-məani”, c.1, səh.336.)

Nəzərə daha düzgün gələn baxış budur ki, “kəlmələr”də məqsəd İbrahim peyğəmbərin öhdəsinə qoyulan ağır vəzifələrdən ibarət müxtəlif əmr və qadağalardır. Bu vəzifələr – əmr və qadağalar aşağıdakılardan ibarətdir: onun bütpərəstlərə qarşı şücaətli qiyamı, bütləri sındırması, odda yandırılması, ürəyinin parası olan övladını qurban etmək məqsədi ilə bıçağı onun boğazına qoyması, ailə-uşağından keçib onları Məkkənin bir nəfər belə yaşamayan quru və yandırıcı torpağında tək-tənha qoyması və nəhayət, müqəddəs vəzifəsini yerinə yetirmək üçün bütpərəstlərin yaşadığı diyardan köçməsi... Bunların hər biri ağır imtahan olsa da, İbrahim (ə) iman və səbir qüvvəsilə onların öhdəsindən gələrək imamət məqamına nail olmuşdur.

Bəzi təfsirçilər həzrət İbrahimin (ə) imtahanlarının otuzdan çox olduğunu qeyd edərək demişlər ki, bu otuz imtahan Qurani-Kərimin üç yerində – “Tövbə” surəsinin 13-cü ayəsi (on imtahan), “Əhzab” surəsinin 1-9-cu və 35-ci ayələrində (qalan iyirmi imtahan) açıqlanmışdır. Lakin bu imtahanların bir qisminin təkrar yönünə diqqət yetirdikdə, həmin nəzəri düzgün hesab etmək olmaz.

Ümumiyyətlə, İbrahim (ə) qəhrəmanlıq göstərərək bütləri sındırdı, bütün ağır sınaqların öhdəsindən layiqincə gələrək imamət libası geyindi. Allah-Taala onun böyük iftixar və məqama nail olduğunu belə açıqlayır: “Mən səni insanlara imam təyin etdim!”

Həzrət İbrahimin (ə) risalət və peyğəmbərlik məqamından, eləcə də, bütün mübarizələrdən sonra ömrünün sonunda nail olduğu bu məqam hansı məqam idi?

Sözsüz ki, həzrət İbrahimin (ə) ağır imtahanlardan sonra Allah tərəfindən layiq görüldüyü bu məqam onun peyğəmbərlik məqamından üstün olmalıdır. Təfsir alimləri ayədə qeyd olunan “imam” sözü haqda çox söz demişlər və bəziləri bu sözün məna incəliyinə varmadan ciddi tərəddüdlərə düçar olmuşlar. Ən maraqlısı budur ki, bir qrup məşhur təfsirçilər onu nübüvvət və peyğəmbərlik məqamı ilə eyni bilmişlər. Halbuki həzrət İbrahimin (ə) həmin vaxt peyğəmbər olmasına heç bir şəkk-şübhə yox idi. O, imamət məqamına çatanda, peyğəmbərliyindən uzun illər keçmişdi, həm də övlad sahibi olmuşdu. Ayənin davamında da onun Allahdan öz övladları üçün imamət məqamı istədiyi göstərilir.

Bir çox təfsirçilər həzrət İbrahimin (ə) imtahana çəkildiyi “kəlmələr”in Allah tərəfindən aldığı bir sıra təlimlərdən, yaxud bütpərəstlərlə mübarizəsindən, Kəbə evini bina etməsi və oğlunu qurban kəsməsindən ibarət olduğunu bildirsələr də, bəziləri yenə də imaməti peyğəmbərlik məqamına aid etmişlər. Halbuki bütün bu göstəriş və qəhrəmanlıqlar həzrət İbrahimin (ə) peyğəmbərlik məqamından sonra baş vermişdir. Hər halda, onların təfsirlərində “Mən səni insanalara imam təyin etdim!” – cümləsi aydın şərh olunmur.

Ayədə qeyd olunan “imamət”in itaətin vacibliyi mənasında təfsiri də düzgün deyil. Çünki hər bir peyğəmbərə itaət vacibdir. Əgər məqsəd İbrahimə (ə) itaət etməyin vacibliyidirsə, artıq, bu onun üçün üstün məqam sayıla bilməz.

Bəziləri də başqa bir təfsirlə demişlər: “İmamda məqsəd din və dünya işlərinə rəhbərlikdir. Başqa sözlə, hökumətə başçılıq nəzərdə tutulur.”

Bu təfsir qeyd etdiyimiz digər iki təfsirdən fərqli olsa da, imamətin dərin mənasını aydın göstərmir. Bizim nəzərimizcə, bu zəmində digər ayələrə diqqət yetirdikdə, imamətin daha yüksək bir məqama aid olduğu aydınlaşır. O da geniş mənada ilahi proqramların həyata keçirilməsindən – həm hökumət məsələləri, həm əmr və hökmlərin icrası, həm də insanların zahiri və batini tərbiyəsindən ibarətdir.

İzah: Peyğəmbərlərin göndərilməsində əsas məqsəd bəşəriyyəti hidayət etmək, doğru yola yönəltməkdir. Bu hidayət iki mərhələdə həyata keçirilir:

1. Haqq yolu göstərmək; bu bütün ilahi peyğəmbərlərin vəzifəsidir.

2. Məqsədə çatdırmaq; bu da iki hissəyə bölünür:

a) “Təşrii hidayət”; yəni dinin əsaslarını gerçəkləşdirmək, istər hökumət qurub hökmləri icra və ictimai ədaləti bərpa etməklə, istərsə də əməli olaraq insanları tərbiyələndirməklə hər iki iş peyğəmbərlərin hədəf və məqsədlərinin gerçəkləşməsi üçün vasitə olsa da, onları həyata keçirmək asan deyil. Bu işin sahibi mütləq elm, təqva, şücaət və müdiriyyət kimi xüsusiyyətlərə malik olmalıdır.

b) “Təkvini hidayət”; yəni mənəvi təsirlə hidayət nurunu insanların qəlbinə şüalandırmaq. Bu mənəvi və daxili bir hərəkət, seyrdir. İlahi rəhbər və peyğəmbərlər öz ardıcıllarını zahiri və xarici seyrlə inkişaf etdirirlər. Şübhəsiz, belə bir proqramı icra etmək istəyən şəxs bir çox xüsusiyyətlər və hazırlıqlara malik olmalıdır.

Hidayətin hər iki qismində dini və ilahi vəzifələr həyata keçirilir, layiqli insanlar maddi və mənəvi, zahiri və batini təkamülə çatdırılır. Ayədə qeyd olunan imamətdə məqsəd məhz budur! Həzrət İbrahim (ə) xüsusi sifət və xislətlərə malik olmasaydı, bu məqama çata bilməzdi!

Qeyd edilənlərdən belə nəticə çıxarırıq ki, bir şəxs həm imamət, həm də peyğəmbərlik məqamına nail ola bilər. Ulul-əzm peyğəmbərlərdən İbrahimi (ə) və İslam Peyğəmbərini (s) buna misal göstərmək olar. Eləcə də, bir şəxs peyğəmbər olmadığı halda, imamət məqamına nail ola bilər. “Rəsul” və “nəbi”dən fərqli, vəhy almayan məsum imamları misal çəkmək olar.

Ümumiyyətlə, ayənin başlanğıcında buyurulan “Mən səni insanlara imam təyin etdim!” – cümləsində imamət məqamının böyüklüyü və imamın Allah tərəfindən seçilməsi aydın olur. Həmin ayənin davamında bu nöqtə daha təkidlə qeyd edilir. Belə ki, İbrahim (ə) bu məqama nail olduqda, gələcək nəsli haqda da düşünüb deyir: “İlahi! Nəslimdən də? (Onları da imam qərar verəcəksənmi?)” Bu zaman Allah tərəfindən belə xitab gəlir: “Mənim (imamət və vilayət) əhdim heç vaxt zülmkarlara çatmaz!” Yəni ey İbrahim! Sənin övladlarından yalnız zülm və günahdan uzaq, pak olanlar bu məqama layiqdir!

Şübhəsiz, burada “zülm” deyərkən, yalnız başqalarına rəva görülən zülm və haqsızlıq yox, həm də geniş mənada ədalətin antonimi olan zülm nəzərdə tutulur. Ədalət geniş mənada hər şeyin yerini düzgün təyin etmək, zülm isə onun yerini səhv salmaqdır. Qurani-Kərimdə həzrət Loğmanın (ə) oğluna belə dediyi buyurulur:

يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

“Oğlum! Allaha şərik qoşma; çünki şirk böyük zülmdür!” (“Loğman” surəsi, ayə 13.)

Aydındır ki, burada ədalət kamil ədalət, başqa sözlə, imamətlə uyğunlaşan ismət məqamıdır. Günahla yanaşı ədalət isə imamət məqamından uzaqdır və ona layiq deyil. Bəli, yuxarıdakı ayə imamın məsum və günahsız olmasına bir sübutdur.

Maraqlıdır ki, biz ədalət üçün ömrün əvvəlindən sonuna qədər hər bir günahdan uzaqlığı şərt saymalıyıq, yoxsa yox?

Bəziləri ”üsul” qaydalarına əsaslanaraq deyirlər: “Əgər bir kəs müəyyən sifətlə vəsf edilərsə, həmin halda ona malik olmalıdır. Məsələn, “ayaq üstə duran” sifətini o kəsə aid edə bilərik ki, həmin vaxt ayaq üstə olsun. Əvvəlcə ayaq üstə olub, sonra oturan şəxsə bunu aid etmək düzgün deyil. Buna əsasən, ayənin məfhumu belə olur ki, imam imamət məqamına nail olduğu zaman zülm, şirk, günah və çirkinliklərdən uzaq olmalıdır. Deməli, ədalət və ismət sifətləri ömrün əvvəlinə şamil olmur.

Lakin hədislərə əsasən, Əhli-beyt imamları (ə) İslam Peyğəmbərinə (s) istinadən “imam”ın ömür boyu ədalətli olduğunu bildirmişlər. Abdullah ibn Məsud Allahın Rəsulundan (s) belə nəql edir ki, Allah-Taala İbrahimə (ə) buyurdu:

لا اُعْطِيكَ عَهْداً لِلظّالِمِ مِنْ ذُرِّيَّتِكَ

“Mən (imamət) əhdimi övladlarından zülmkar olanlara əta etmərəm!”

قالَ يا رَبِّ وَمَن الظّالِمُ مِنْ وُلْدی الَّذِی لا يَنالُ عَهْدِكَ؟

İbrahim (ə) dedi: “İlahi! Sənin əhdinə nail olmayan zülmkar övladlarım kimlərdir?”

قالَ مَنْ سَجَدَ لِصَنَمٍ مِنْ دوُنِی لا اَجْعَلُهُ اِماماً اَبَداً وَلا يَصْلَحُ اَنْ يَكوُنَ اِماماً

Allah buyurdu: “Məni qoyub, bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam təyin etmərəm. Belə bir kəs imamlığa layiq deyil!” (“Burhan təfsiri”, c.1, səh.151, hədis 13.)

Bunu əhli-sünnənin məşhur alimi İbn Məğazili “Mənaqib” kitabında azacıq fərqlə İbn Məsuddan nəql edir ki, Peyğəmbəri-Əkrəm (s) bu ayənin təfsirində buyurdu: “Allah-Taala İbrahimə (ə) buyurdu: “Məni qoyub bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam təyin etmərəm!” Sonra Həzrət sözünə əlavə etdi: “Nəhayət, İbrahimin duası mənə və qardaşım Əliyə çatdı. Bizim heç birimiz bütə əsla səcdə etməmişik!” (“Əl-mizan”, c.1, səh.278.)

Mötəbər kitablarda bu zəmində Əhli-beytdən (ə) nəql olunan digər rəvayətlər də var. Bütün bu rəvayətlərdən aydın olur ki, İbrahim (ə) Allahdan imamət məqamını zülmkar və müşrik kəsə əta etməsini heç vaxt istəməmişdir. Onun Allaha duası sonradan tövbə edərək haqq-ədalət yolunu tutanlara aiddir. Bu zaman Allahdan xitab gəlir ki, imamət əhdi yalnız əzəldən zülm etməyən və Allaha şərik qoşmayanlara nəsib olacaq!

Böyük təfsir alimi Əllamə Təbatəbai “Əl-mizan” əsərində yazır: “Bu ayənin imamların (ömür boyu) məsumluğuna dəlil oması barədə ustadlarımızın birindən soruşduqda, belə cavab verdi: “İnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:

1. Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;

2. Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak olanlar;

3. Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu işdən çəkinənlər;

4. Ömrünü əvvəlcə ədalətlə başlayan, sonra isə zülmlə başa vuranlar.

Şübhəsiz, həzrət İbrahim (ə) kimi peyğəmbərin Allahdan birinci və dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-Taala üçüncü qrup üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır – ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar! (“Əl-mizan”, c.1, səh.274.)

Fəxri-Razinin “Kəbir” təfsirində belə bir etirafı var: “Bu ayə peyğəmbərlərin məsum olmasını göstərir. Diqqəti cəlb edən budur ki, peyğəmbərin məsum olması onun imamət məqamı ilə sübuta yetir, yəni hər bir peyğəmbər imamdır.”

Bütün bu qeydlərdən sonra Qurani-Kərim baxımından imamət məqamının əzəmət və böyüklüyü məlum olur. Elə məqsədimiz də məhz bu nöqtəni aydınlaşdırmaq idi.

Rza Şükürlü

Google+ WhatsApp ok.ru