QURANİ-KƏRİMDƏ HİDAYƏT VƏ ONUN QİSİMLƏRİ

QURANİ-KƏRİMDƏ HİDAYƏT VƏ ONUN QİSİMLƏRİ

Sual: Bağışlanmaq və günahlardan təmizlənmək Allahın istəyi və qüdrəti sayəsində mümkün olur. Əgər O istəsə, bizi bağışlayar, istəməsə, zəlalətə salar. Eləcə də, bir çox insanlar neçə il ibadət və zəhmətdən sonra haqq yoldan azırlar. Bu baxış insanda ümidsizlik yaratmırmı?

Bu məsələnin başa düşülməsi hidayət və azğınlıq növlərini, onların şəraitini, Allahın hikmətli iradə və istəyini dəqiq şəkildə tanımaqdan asılıdır.

QURANDA HİDAYƏTİN QİSİMLƏRİ

Qurani-Kərimdə hidayətin dörd qismindən söz açılır:

1. Ümumi “təkvini” hidayət: Bu, Allah-Taalanın məxluqlara hakim etdiyi nizam-intizamdan ibarətdir. Belə ki, bütün varlıqlar bir-birilə həmahəng, əlaqəli və müəyyən hədəfə doğru hərəkətdədirlər. Qurani-Kərimdə buyurulur: “Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da onu hidayət edən Allahdır.”[1] Belə bir hidayət müqabilində heç bir azğınlıq yoxdur.

2. İlkin və xüsusi “təkvini” hidayət: Bu bütün insanların əql və fitrət yolu ilə bir sıra həqiqətlərə, dəyər və qayda-qanunlara doğru hidayət olunmasıdır. Buna “batini dəlil” deyilir. Bu qisim hidayətin bir neçə xüsusiyyəti vardır:

a) Yalnız insanlara məxsusdur;

b) İnsanlar arasında ümumi yönə malik olub, heç bir istisna qəbul etmir;

c) Zati və daxilidir;

d) Onun müqabilində heç bir azğınlıq yoxdur; Allah-Taala heç kəsə onu Allahdan uzaqlaşdıran fitrət və azğınlığa aparan əql verməmişdir.

3. Ümumi “təşrii” hidayət: Bu, insanlara və cinlərə məxsusdur; çünki qanun müəyyən etmək üçün ixtiyar, qüdrət və ayırdetmə qabiliyyəti lazımdır və bunu nəzərə almadan heç bir məna kəsb olunmur. Qurani-Kərim nöqteyi-nəzərindən belə bir hidayət öz çərçivəsində ümumi yönə malikdir. Misal üçün, Allah-Taala peyğəmbərləri və səmavi kitabları bütün bəşər cəmiyyəti üçün göndərmişdir. Belə bir hidayət müqabilində heç bir azğınlıq yoxdur. Çünki təşrii azğınlıq budur ki, Allah-Taala peyğəmbərləri bəzi insanları azğınlığa yönəltmək üçün göndərsin və onlara azğınlığa yönəldən qayda-qanunlar, göstərişlər və hökmlər nazil etsin. Halbuki Allah-Taala belə bir iş tutmaz və yalnız haqq söz nazil edər. “O, hər nə deyirsə, hamısı haqdır!” Burada bir neçə mühüm məsələ mövcuddur:

a) Allah-Taala “hidayətçi”, “şəriət göndərən”, “qanunverici” və “nizam yaradan” adını daşıdığı üçün bütün insanların hidayətini və doğru yola yönəlməsini istəyir. Bu səbəbdən də, hamı üçün haqq din göndərilmişdir.

b) Bu barədə Allahın iradə və istəyi odur ki, insanlar məcburiyyət üzündən deyil, iradə azadlığı ilə düzgün və haqq yol seçsinlər. Əks-təqdirdə, O, bütün insanları məcburi olaraq düzgün və haqq yola yönəldərdi, peyğəmbərlər və risalətə ehtiyac duyulmazdı. Buna görə də Qurani-Kərimdə buyurulur: “Biz onlara doğru yolu göstərdik − istər şükür etsinlər, istərsə də nankor olsunlar.[2]

c) İnsanlar ümumi “təşrii” hidayət müqabilində (malik olduqları ixtiyar və iradə azadlığına diqqət yetirməklə) iki mövqe tutmuşlar: Bəziləri ona təslim olmuş, bəziləri boyun qaçıraraq tüğyan etmişlər. Elə buradaca hidayətin başqa bir qisminə diqqət yetirək:

4. Mükafata layiq “təkvini” hidayət: Bu hidayət ilahi peyğəmbərlər, əqli və fitri dəlillər müqabilində öz ixtiyarı ilə təslim olan şəxslərə, bir sözlə, möminlərə məxsusdur. Allah-Taala onların üzünə başqa bir hidayət qapısı açmışdır. Başqa sözlə, onlar öz ixtiyarları ilə öncə qeyd etdiyimiz hidayətin mərtəbə və dərəcələrindən istifadə etdikləri üçün mükafata layiq görülürlər. Buna görə də, ona “mükafata layiq təkvini hidayət” adı verilmişdir.

Bu hidayətin öncə qeyd olunan hidayət mərtəbələrindən əsaslı fərqi budur ki, onlar bələdçi və yol göstərmək yönünə, bu mərtəbə isə həmin xüsusiyyətlə yanaşı, məqsədə nail olmaq cəhətinə malikdir.

Bu təkvini hidayətin yuxarıda qeyd olunan iki qisimdən (ümumi təkvini hidayət, ilkin və xüsusi təkvini hidayətlə) fərqi bundadır ki, həmin iki qisim hidayət istisnasız olaraq bütün insanlara aiddir. Bu qisim isə yalnız möminlərə məxsusdur. Əgər bir şəxs haqq və batil aşkar olduqdan sonra öz ixtiyarı ilə peyğəmbərlərin yolunu seçərək o yolda addımlasa, Allah-Taala onun doğru yola yönəlməsinin təkmilləşməsi və davamı üçün öz təkvini və xüsusi mərhəmətini ona şamil edir, onun üçün yolu, seyretmə imkanını daha da işıqlandırır və təkamül maneələrini aradan qaldırır. Bu haqda buyurur: “Biz ona yolu müyəssər edəcəyik.”[3] Başqa bir ayədə isə belə buyurur: “Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının mükafatını verər.[4] Beləliklə, bu hidayət doğru yolu tapanlara aiddir və onlar öz ixtiyarları ilə hidayət yolunu keçmişlər.

Bu hidayət müqabilində cəzaya səbəb azğınlıq qərar tutur. Yəni hər kəs bütün hidayət imkanlarından – zahiri peyğəmbərlərlə yanaşı, əql və fitrətdən, təkvini və təşrii hidayətdən – istifadə etdiyi halda, bilə-bilə haqq yoldan sapsa, ilahi kitaba arxa çevirsə Allahın cəzasına düçar olar, müvəffəqiyət və hidayət işığı ondan alınar. Başqa sözlə, Allah-Taala onu özbaşına buraxar və kömək də etməz. Bununla da, o, öz azğın yoluna davam edərək cəhənnəm əzabına düçar olar. Qurani-Kərimdə buyurulur: “Allah bir tayfanı hidayət etdikdən sonra qorxub-çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları haqq yoldan çıxarmaz!”[5]

Diqqət yetirmək lazımdır ki, belə bir cəzanın (azğınlığın və Allahın kömək etməməsinin) səbəbi təkcə günah yox, həm də günahın davamı, xüsusilə, Allah və haqq yolla düşmənçilikdir. Əlavə edək ki, azğınlıq daimi cəza deyil! Daxilən dəyişib haqq yola yönələn kəsə Allah-Taalanın lütf və mərhəməti şamil olar. Qurani-Kərimdə buyurulur: “(Tövbə etdiyiniz təqdirdə,) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz (çirkin əməllərinizə və günaha) qayıtsanız, Biz də sizə yenidən cəza verərik.[6]

Buna əsasən, Allah-Taala heç vaxt insanı səbəbsiz olaraq azğınlığa salmır. Onun işi nöqsanları aradan qaldırmaq, kamillikləri son həddə çatdırmaqdır. Deməli, mükafata layiq təkvini hidayət və cəzaya səbəb azğınlıq insanın iradəsi ilə ziddiyyət təşkil etmir və məcburiyyətə səbəb olmur. Əksinə, insanın ixtiyari olaraq yerinə yetirdiyi əməllərin nəticəsidir.

Bir daha qeyd edirik ki, hidayət iki qisimdir: Bəzən bələdçilik və yol göstərmək mənasındadır. Bu ümumi təşrii hidayətdir. Bəzən də məqsədə çatmaq mənası daşıyır. “Mükafata layiq təkvini hidayət” bu qəbildəndir. Bunu da qeyd etmək yerinə düşərdi ki, “mükafata layiq hidayət”ə malik olmağın bir sıra şərtləri var. Bu şərtlər əxlaq və irfan kitablarında bəyan olunmuşdur. Bir sözlə, ilahi müvəffəqiyyətlərin əldə olunub-olunmamasının bəzi amilləri var. Bu amillər bəzən insanın əməli, bəzən də qəlbi və əqidəsi ilə bağlıdır.

Cəzaya səbəb azğınlıqla əlaqədar bunu da əlavə edirik ki, azğınlıq “doğru yolda olmamaq” mənasındadır. İnsandan hidayət nemətinin alınması onun azğınlığa düşməsi deməkdir. İstər ona səhv yol göstərilsin, istərsə də Allah-Taalanın möminlərə məxsus etdiyi hidayət nemətindən məhrum olunsun. Cəzaya səbəb olan azğınlığın mənası da budur ki, Allah-Taala insanı hidayət nemətindən məhrum edərək onun qəflət yuxusundan ayılmasına səbəb olan amillər yaratmır. Çünki insan batil yol seçərək bu yolda qərq olduğu üçün həmin işlər onun vücudu ilə qaynayıb-qarışır və bir daha ilahi müvəffəqiyyətə, lütf və mərhəmətə layiq görülmür. Bəli, əgər batil yolda olmasaydı, ümümi “təkvini” və “təşrii” hidayət ona da şamil olardı.

Bir neçə il ibadət etdikdən sonra azğınlığa düşənlərə gəldikdə isə, onların azğınlığa düşmələrinin müxtəlif səbəbləri ola bilər. Ola bilsin ki, onların yaxşı və saleh əməllər yerinə yetirməkdə əqidələri (imanları) zəif olsun, ya öz əməllərini yerinə yetirməkdə xalis niyyətləri olmasın, ya da şeytana, nəfsani istəklərə, dünya malına aldanmaq kimi əxlaqi pozğunluqlar nəticəsində batil yola düşsün.

Diqqət yetirmək lazımdır ki, İslamda əxlaqi dəyərlər bir sıra təməllər üzərində qurulmuşdur. İnsan onların hər hansı birində süstlük etsə, tənəzzülə uğramasına, azğınlığa düşməsinə zəmin yaranacaqdır. Misal üçün, İslamın əxlaqi qaydalarında “niyyət” mühüm rol oynayır. Əxlaqi dəyərlərin, insani keyfiyyətlərin və səciyyəvi xüsusiyyətlərin, eləcə də, yaxşılıq və pisliklərin mənbəyi hesab olunur. İslam baxımından əxlaqi dəyərlərə və keyfiyyətlərə malik olmaq üçün yalnız yaxşı əməl yerinə yetirmək kifayət etmir. Həm də insanın həmin əməli yerinə yetirməkdə məqsədi xeyir və ilahi olmalıdır. Bu zaman onun üçün əxlaqi əməllər səmərəli olar.

Qurani-Kərimin “Bəqərə” surəsinin 264-265-ci ayələrində insanın sədəqə verməkdə niyyətinin əhəmiyyət daşıdığı haqda buyurulur: “Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq daş halına salar. Onlar etdikləri işlərdən bir şey (savab) qazanmazlar. Şübhəsiz ki, Allah kafirləri hidayət etməz. Mallarını Allahın razılığını qazanmaq və ruhlarını möhkəmlətmək yolunda sərf edənlər uca təpə üstündə dağa bənzərlər. Oraya düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmazsa, az bir şeh də ona kifayət edər. Həqiqətən, Allah nə etdiyinizi görəndir!”

Belə yaxşı və xalis niyyət yalnız iman sayəsində aşkar olur. Əlbəttə, imanın da müxtəlif dərəcələri var; bəzilərinin imanı möhkəm, bəzilərinin imanı isə zəifdir. Buna görə də, qəflət və məlumatsızlıq ucbatından insanın doğru yoldan azaraq tənəzzülə uğraması mümkündür.

Əxlaqın tənəzzülünə səbəb olan mühüm bir amil kimi insanın yolu üzərində qərar tutan nəfsin istəkləri o qədər güclüdür ki, bəzən Allah-Taala Öz peyğəmbərlərinə xəbərdarlıq edərək onun təhlükəsini xatırladır və bir ayədə Davud peyğəmbərə (ə) belə əmr edir: “(Ya Davud!) Biz səni yer üzündə xəlifə etdik. Buna görə də, insanlar arasında ədalətlə hökm ver və nəfsin istəklərinə uyma. Yoxsa, onlar səni Allahın yolundan sapdırar.[7]

İnsanın azğınlığa düşməsində şeytanın rolu və vəsvəsələri çox təsirlidir. Hətta uzun illər ibadətlə məşğul olan çoxlu abidlər və alimlər də onun tələsinə düşmüşlər.[8]

Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, Allah-Taala Öz bəndələrinin xeyirli və yaxşı aqibətə çatmasını istəyir. Əgər kimsə doğru və haqq yoldan uzaqlaşıb əyri və batil yola düşübsə, bunun səbəbi onun özüdür! (“Tövhid və ilahi ədalət – 40 sual və 40 cavab” Doktor Məhəmmədrza Kaşifi, 28-ci sual.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)



[1]. “Taha” surəsi, ayə 50.

[2] “İnsan” surəsi, ayə 3.

[3]. “Ləyl” surəsi, ayə 7.

[4]. “Muhəmməd” surəsi, ayə 17.

[5]. “Tövbə” surəsi, ayə 115.

[6]. “İsra” surəsi, ayə 8.

[7]. “Sad” surəsi, ayə 26.

[8]. Bax: “Əxlaq dər Quran”, 1-ci cild, səh.65-132.

 

Google+ WhatsApp ok.ru