QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ - 8

QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ - 8

-- 8. HİCRƏT VƏ CİHAD

“Küfr, şirk, zülm və günah diyarından uzaqlaşmaq, köç etmək” mənasını daşıyan “hicrət” bir çox hallarda möminlərin, pak insanların yeganə qurtuluş yolu olur. Onlar bu sayaq mühitdən köç etməklə özünü islah edir, yeni qüvvə toplamaqla özündə şirk və zülm rəhbərləri ilə mübarizə əzmini daha da gücləndirir. İlkin müsəlmanların gördükləri iş də elə bundan ibarət idi. Onlar iki dəfə hicrət və köç etdilər:

1. Məkkədən Həbəşəyə köç edən bir qrup müsəlman (xüsusi hicrəti);

2. Məkkədən Mədinəyə köç edən müsəlmanlar (ümumi hicrəti).

İkinci hicrət İslam tarixində yeni üfüqlərin açılışına səbəb oldu.

Aydındır ki, qohum-əqrəbadan uzaq düşmək, doğma evi, doğma vətəni tərk etmək çətin iş olduğu kimi, küfr və fəsad ocaqları ilə cihad və mübarizə də olduqca çətindir. Elə buna görə də, Qurani-Kərimdə mühacirlər (hicrət edənlər) açıq-aşkar əbədi behişt nemətləri ilə müjdələnir və “Tövbə” surəsinin 20-21-ci ayələrində belə buyurulur:

الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ اللّهِ وَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَ. يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَّهُمْ فِيهَا نَعِيمٌ مُّقِيمٌ

İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə cihad edənləri Allah yanında ən böyük dərəcələr gözləyir. Onlar nicat tapanlardır. Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün əbədi nemətlər olan cənnətlərlə müjdələyir.”

(Bu məna “Tövbə” surəsinin 100-cü ayəsində də verilmişdir)

Bu ayədə üc xüsusiyyətlə – “iman”, “hicrət” və “cihad”la vəsf olunan və bunun müqabilində üç mükafata – “Allahın rəhməti”nə, “Onun razılığı”na və “əbədi behişt bağları”na layiq görülən kəslərdən söz açılır.

Qeyd etməliyik ki, ayədən başa düşülən iki incəlik diqqəti daha da cəlb edir:

1. Hicrət edənlərin hər üç xüsusiyyəti arasında səbəb-nəticə rabitəsi hökm sürür. Belə ki, həmin şəxslərin imanı hicrətə və hicrətləri də Allah yolunda malları və canları ilə mübarizəyə səbəb oldu.

2. Hicrət edənlər yerinə yetirdikləri hər üç əmələ görə ayrı-ayrılıqda böyük mükafatlarla müjdələnirlər. Onların imanı günahlarının bağışlanmasına, hicrət etmələri Allahın razılığına, canları və malları ilə mübarizə isə nemət dolu behişt bağlarından bəhrələnməyə səbəb oldu.

Nəql olunur ki, Şeybə ilə Abbas öyünərək bir-birinə deyirdilər: “Kəbə evinin açarı və “Məscidul-Həram”ın abadlıq işləri mənə tapşırılıb.”

Digəri isə deyirdi: “Allah evinin zəvvarlarına və hacılara su vermək iftixarı da mənim öhdəmdədir.”

İmam Əli (ə) isə buyurdu: “Mən də fəxr edirəm ki, ilk olaraq iman gətirmişəm, hicrət və cihad etmişəm.”

Bu zaman “Tövbə” surəsinin 19-21-ci ayələri nazil oldu:

أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَوُونَ عِندَ اللّهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ. الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ اللّهِ وَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَ. يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَّهُمْ فِيهَا نَعِيمٌ مُّقِيمٌ

Məgər siz hacılara su verməyi və Məscidul-Həramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni deyillər. Allah zalım tayfanı hidayət etməz! İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə cihad edənləri Allah yanında ən böyük dərəcələr gözləyir. Onlar nicat tapanlardır. Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün əbədi nemətlər olan cənnətlərlə müjdələyir.”

Bu ayələr nazil olduqdan sonra imam Əlinin (ə) fəzilət və üstünlüyü hamıya məlum oldu. (“Şəvahidut-tənzil”, Əbülqasim Həskani, uyğun ayələrin təfsiri, səh.224-dən sonra; “Ehqaqul-həqq”, 3-cü cild, səh.122-127; “Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.70-71.)

Rza Şükürlü (Maide.az)

 

 

Google+ WhatsApp ok.ru