QURANİ-KƏRİMDƏ MƏSƏLLƏR-1

QURANİ-KƏRİMDƏ MƏSƏLLƏR-1

“MƏSƏL” SÖZÜNÜN MƏNASI

Qurani-Kərimin gözəl və maraqlı mövzularından biri onun surələrində verilən ibrətamiz məsəl və misallardır. Məsəllər ilahi maarif və dərin əqidəvi fikirlərin hər hansı predmetin vasitəsilə anlaşılmasına kömək edir.

Qurani-Kərimdə kökü bir olan “misl”, “məsəl” və “məsil” sözləri eyni mənanı – iki şeyin bərabərliyi və bir-birinə bənzərliyini bildirir. Ərəb dilində onlara bir növ sinonim olan “şibh”, “şəbəh” və “şəbih” sözləri də vardır. Misal üçün, Qurani-Kərimdə “keçmiş ümmətlərə nazil olan əzablar” “məsulat” adlandırılır:

...وَقَدْ خَلَتْ مِنْ قَبْلِهِمُ الْمَثُلَاتُ...

“...Onlardan öncə (keçmiş ümmətlərə) ibrətamiz əzablar olub keçmişdir...” (“Rəd”/6.)

Lüğət kitablarında qeyd edilənlərdən məsəlin tay, bərabər, təşbeh və oxşar mənasını daşıdığı məlum olur. Bəzi dilçilər bu sözün “sifət” və “vəsf” mənasında da işləndiyini deyirlər. “Lisanul-ərəb” kitabının müəllifi İbn Mənzur onu Yunis ibn Həbib (vəfatı 182 h.q.), Məhəmməd ibn Salam Cəmhi (vəfatı 232) və Əbu Mənsur Səalibi (vəfatı 429) kimi dilçilərdən nəql edir. Quran elmləri üzrə tədqiqatçı alim Zərkeşi yazır: “Dilçilərin qeydlərindən “məsəl”in “vəsf” mənasını ifadə etdiyi anlaşılsa da, Əbu Əli Farsi (vəfatı 377) isə onu yalnız bir mənada “təşbeh”i bildirdiyini deyir.” (“Əl-bürhanu fi ülumil-Quran”, c.1d, səh.490.)

Onlar bunu əsaslandırmaq üçün iki ayəyə istinad edirlər:

Birinci ayə:

مُحَمَّدٌ رَسُولُ اللَّهِ وَالَّذِینَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَینَهُمْ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا یبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا سِیمَاهُمْ فِی وُجُوهِهِمْ مِنْ أَثَرِ السُّجُودِ ذَلِكَ مَثَلُهُمْ فِی التَّوْرَاةِ وَمَثَلُهُمْ فِی الْإِنْجِیلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَى عَلَى سُوقِهِ یعْجِبُ الزُّرَّاعَ...

“Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərə qarşı güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında, daim Allahın lütf və bəxşişini, Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların Tövratdakı vəsfidir. Onların İncildəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət, qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir...” (“Fəth”/29.)

Demək, Tövrat və İncildə Peyğəmbərin (s) səhabələri iki xüsusiyyətlə vəsf edilir: kafirlərə qarşı güclü və sərt, öz aralarında isə mehribandırlar. Bu ayədəki “məsəl” sözü təşbeh və bənzətməni yox, vəsf və xüsusiyyəti ifadə edir.

İkinci ayə:

مَثَلُ الْجَنَّةِ الَّتِی وُعِدَ الْمُتَّقُونَ فِیهَا أَنْهَارٌ مِنْ مَاءٍ غَیرِ آسِنٍ وَأَنْهَارٌ مِنْ لَبَنٍ لَمْ یتَغَیرْ طَعْمُهُ وَأَنْهَارٌ مِنْ خَمْرٍ لَذَّةٍ لِلشَّارِبِینَ وَأَنْهَارٌ...

“Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətri qaçmamış sudan, tamı dəyişməmiş süddən, içənlər üçün büsbütün ləzzət olan şərabdan və saflaşdırılmış baldan çaylar vardır...” (“Muhəmməd”/15.)

Bu ayədə də “məsəl” sözü “vəsf”i bildirir və vəd edilən Behiştin dörd böyük çaydan ibarət olduğu göstərilir.

Verilən iki ayədəki məsəldən vəsf anlaşılsa da, belə hallar çox azdır və ümumiyyətlə, məsəl təşbeh və oxşarlığı ifadə edir. Bəzən, “məsəl”in yerinə “misal” da işlənir və lüğətdə nümunə mənasını verir.

Qeyd etməliyik ki, camaat arasında çox işlədilən “zərbi-məsəl” (məsəl çəkmək) sözü Qurani-Kərimin müxtəlif ayələrində də qeyd edilir. Məsələn:

...وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ یتَفَكَّرُونَ

“…Bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə düşünələr.” (“Həşr”/21.)

أَلَمْ تَرَ كَیفَ ضَرَبَ اللَّهُ مَثَلًا...

“Allahın necə məsəl çəkdiyini görmədinmi?...” (“İbrahim”/24.)

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِی هَذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ لَعَلَّهُمْ یتَذَكَّرُونَ

“Doğrudan da, Biz bu Quranda insanlar üçün, bəlkə ibrət götürsünlər deyə, hər cür məsəl çəkdik.” (“Zümər”/27.)

وَاضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْیةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ

“(Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman Allahın göndərdiyi (peyğəmbərlər) oraya gəlmişdi.”

Zaman ötdükcə bəzi ayələr camaat arasında məsəl kimi işlənməyə başladı. Biz burada həmin aylərdən bir neçəsinə işarə etməklə kifayətlənirik:

...وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا...

“...Yeyin-için, lakin israf etməyin...” (“Əraf”/31.)

...فِرَاقُ بَینِی وَبَینِكَ...

“Bu, mənimlə sənin aranda ayrılıq vaxtıdır.” (“Kəhf”/78.)

...نُورٌ عَلَى نُورٍ...

“...Nur üstündə nurdur...” (“Nur”/35.)

یخْرِجُ الْحَی مِنَ الْمَیتِ وَیخْرِجُ الْمَیتَ مِنَ الْحَی...

“Allah ölüdən diri, diridən də ölü çıxardır...” (“Rum”/19.)

... هَلْ یسْتَوِی الَّذِینَ یعْلَمُونَ وَالَّذِینَ لَا یعْلَمُونَ...

“...Alimlə cahil eyni ola bilərmi?!...” (“Zümər”/9.)

...یدُ اللَّهِ فَوْقَ أَیدِیهِمْ...

“...Allahın (qüdrət) əli onların əllərindən yuxarıdır....” (“Fəth”/10.)

هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ

“Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!” (“Ər-rəhman”/60.)

...لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ

“...Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?...” (“Səff”/2.)

لَكُمْ دِینُكُمْ وَلِی دِینِ

“Sizin öz dininiz var, mənim də öz dinim!” (“Kafirun”/6.)

(“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, səh.3-4.)

 

Ardı var...

 

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru