QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “SƏBƏ” SURƏSİ-1

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “SƏBƏ” SURƏSİ-1

-- SURƏLƏR GÜLÜSTANI

“Səbə” (Səba) surəsi 54 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. Məlum olduğu kimi, Məkkədə nazil olmuş surələrdə, əsas etibarilə İslam maarifi, etiqadi üsullar, məxsusən, tövhid, məad və nübüvvətdən bəhs edilir.

Bu surədə “Səba” qövmünün sərgüzəştindən söz açıldığı üçün surə “Səbə” adlandırılmışdır və surədə bu mövzuya daha çox önəm verilmişdir. (Sәbа әhli Yәmәndә yаşаyаn qәdim әrәb qövmüdür və tarixə görә, оnlаrın ulu bаbаlаrının аdı Sәbа оlmuşdur.)

Ümumiyyətlə, “Səbə” surəsinin möhtəvasını beş hissəyə bölmək olar:

1. “Tövhid”, varlıq aləmində Allahın nişanələri, Onun “tövhid”, “rübubiyyət” və “üluhiyyət” kimi vəsflərindən söz açılır.

2. “Məad” – ölümdən sonrakı həyatdan bəhs olunur və bu mövzuya daha çox yer ayrılır.

3. Peyğəmbərlərin, məxsusən, İslam Peyğəmbərinin (s) peyğəmbərliyindən, düşmənlərin bəhanə və inadkarlığından, eləcə də, keçmiş peyğəmbərlərin bəzi möcüzələrindən danışılır.

4. Allahın böyük nemətlərindən bir qismi, Süleyman peyğəmbərlə Səba qövmünün sərgüzəştinin bir guşəsi şərh olunmaqla şükür edənlər və nankorların aqibəti və taleyindən söhbət olunur.

5. Bəşər təfəkkür, iman və saleh əmələ dəvət olunur, onun səadət və xöşbəxtliyində bu amillərin təsirindən söz açılır və haqq axtarışında olanlar üçün hərtərəfli proqramlar irəli sürülür.

“SƏBƏ” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ قَرَاَ سُورَهَ سَبَا لَمْ یَبْقَ نَبِىٌّ وَ لارَسُولٌ اِلاّ کَانَ لَهُ یَوْمَ الْقِیَامَهِ رَفِیقاً وَ مُصَافِحاً

“Səbə surəsini oxuyan şəxs qiyamətdə bütün peyğəmbərlər və rəsullarla yoldaş olacaq, elə bir peyğəmbər və rəsul olmayacaq ki, onunla görüşməsin.” (“Məcməul-bəyan”, Səbə” surəsinin təfsiri, 8-ci cild, səh.375.)

2. İmam Sadiq (ə) buyurmuşdur:

مَنْ قَرَاَ الْحَمْدَیْنِ جَمِیعاً، سَبَا وَ فَاطِر، فِی لَیْلَه لَمْ یَزَل لَیْلَتُهُ فِى حِفْظِ اللَّهِ تَعالى وَ کِلَاءَتِهِ فَاِنْ قَرَاَهُمَا فِى نَهَارِهِ لَمْ یُصِبْهُ فِى نَهَارِهِ مَکْرُوهٌ وَ اُعْطِىَ مِنْ خَیْرِ الدُّنْیَا وَ خَیْرِ الآخِرَهِ مَا لَمْ یَخْطُرْ عَلَى قَلْبِهِ وَ لَمْ یَبْلُغْ مُنَاهُ

“Hər kim“Həmd”lə başlayan “Səbə” və “Fatir” surələrini gecə vaxtı oxuyarsa, həmin gecəni Allah-Taalanın pənahında qorunar və əgər həmin surələri gündüz vaxtı oxuyarsa, xoşagəlməz hadisə ilə üzləşməz, ona qəlbindən keçməyən, fikrinə belə gəlməyən dünya və axirət xeyri əta olunar.” (“Məcməul-bəyan”, Səbə” surəsinin təfsiri, 8-ci cild, səh.375.)

Təbii ki, bu qədər savab təfəkkür və əməllə nəticələnən oxunuşa aiddir. Məlum olduğu kimi, hər kim bu surəni tilavət etsə, bu qədər biləcək ki, “Səba” qövmü Allahın onlara əta etdiyi saysız-hesabsız nemətlərə nankor olduqları zaman məişətləri cəhənnəmə döndü. Bu hadisə bir zərbi-məsəldir və sözsüz, oxucuya təsirsiz ötüşməyəcək. O çalışacaq ki, sahib olduğu nemətlərin şükrünü etsin. Şükür edən bəndələr də Allahın amanında qorunub-saxlanılır. (“Təfsiri-nümunə”, 18-ci cild, səh.3-6.)

 

Ardı var...

 

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru