QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “ƏNBİYA” SURƏSİ

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “ƏNBİYA” SURƏSİ

Qurani-Kərimin 21-ci surəsində yer alan “Ənbiya” (Peyğəmbərlər) surəsi 112 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.

–Bu surə adından da göründüyü kimi, peyğəmbərlər surəsidir və surənin 48-91-ci ayələrində on yeddi peyğəmbərin adı çəkilir; bəzi peyğəmbərlərin yalnız adına işarə olunur, bəzilərinin də sərgüzəştlərinin bir qisminə toxunulur. Həmin peyğəmbərlər bunlardır: Musa, Harun, İbrahim, Lut, İshaq, Yəqub, Nuh, Davud, Süleyman, Əyyub, İsmayil, İdris, Zul-Kifl, Zun-Nun (Yunis), Zəkəriyya və Yəhya (əleyhimus-salam).

–Surədə adıçəkilən peyğəmbərlər arasında İbrahim peyğəmbərin macərası ətraflı izah olunur, onun bütpərəstlərlə mübahisə və mübarizəsi, bütləri sındırması, tonqala atılması və nicat tapması xüsusi vurğulanır və 51-70-ci ayələr bu mövzuya həsr olunur.

–Surədə İslam Peyğəmbəri (s) ilə həzrət İsa-Məsihin (ə) adı aşkar çəkilməsə də, onlar barəsində də söz açılır. Surə “Peyğəmbərlər” adını daşıdığı üçün onların proqram və missiyalarından danışılır.

–Ümumiyyətlə, Məkkədə nazil olmuş surələrdə daha çox dini etiqadlara, məxsusən, tövhid və məad bəhslərinə önəm verilir və bu məsələ uyğun surədə də tamamilə əks olunur. Surənin 25-ci ayəsinə sasən, “tövhid” prinsipi bütün ilahi peyğəmbərlərin proqramında birinci yerdə dayanır. Həmin ayədə buyurulur:

وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونِ

(Ey Muhəmməd!) Səndən öncə elə bir peyğəmbər göndərmədik ki, ona “Məndən başqa məbud yoxdur, yalnız Mənə pərəstiş edin!” deyə vəhy etməmiş olaq.”

–Sözügedən surənin bir qismində haqqın batilə, təkallahçıların müşriklərə, haqq-ədalət carçılarının İblis ordusuna qələbəsindən söhbət olunur.

–Surədə müjdədən daha çox xəbərdarlıqla rastlaşırıq.

ƏNBİYASURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

“Ənbiya” surəsini oxumağın bir sıra bərəkətləri var. Qiyamət hesabının yüngüllüyü və peyğəmbərlə görüş bu bərəkətlərdəndir; bu şərtlə ki, surə eşqlə oxunsun, iman və əməl üçün müqəddimə olsun. İmam Sadiq (ə) buyurur:

من قرأ سورة الانبياء حبا لها کان ممن رافق النبيين أجمعين في جنات النعيم و کان مهيبا في أعين الناس حياة الدنيا

“Hər kim “Ənbiya” surəsini eşq-məhəbbətlə oxusa, nemət dolu cənnət bağlarında bütün peyğəmbərlərlə birgə olar və dünya həyatında insanların gözündə heybətli, əzəmətli olar.” (“Səvabul-əmal”, səh.98.)

Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:

.َمَنْ قَرَأَ سُورَةَ الْأَنْبِيَاءِ، حَاسَبَهُ اللَّهُ حِسَابًا يَسِيرًا، وَصَافَحَهُ وَسَلَّمَ عَلَيْهِ كُلُّ مَنْ ذُكِرَ اسْمُهُ فِي القرآن

“Ənbiya surəsini oxuyan şəxsin Allah-Taala (qiyamət) hesabını asanlaşdırar və Quranda adıçəkilən peyğəmbərlər onunla görüşüb, ona salam verərlər.” (“Nurus-səqəleyn”, səh.412.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru