QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ –“FATİHƏ” SURƏSİ

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ –“FATİHƏ” SURƏSİ

 “Fatihə” surəsi yeddi ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.

“Fəth” sözündən alınan “Fatihə” sözü “fəth edən”, “açan” və “başlayan” mənalarını verir. Qurani-Kərim bu surə ilə başlandığından, ona “Fatihətul-kitab”, yəni “Allahın kitabını başlayan” adı verilmişdir. Surənin “Fatihətul-kitab” adlandırılmasından məlum olur ki, Quranın bütün ayələri Peyğəmbəri-Əkrəmin (s) zamanında toplanılmış, kitab şəklinə gətirilmiş və onun əmri ilə “Fatihə” surəsi ilahi kitabın başlanğıcında yerləşdirilmişdir. “Səqəleyn” hədisində də o həzrətin belə buyurduğunu görürük: “Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli-beytimi.” İlahi ayələrin Peyğəmbər (s) zamanında Allahın kitabı şəklində toplanması və bu adla müsəlmanlar arasında tanınması bu hədisdən də görünür.

Surənin başqa bir adı isə “Həmd”dir. “Həmd” sözü ixtiyar üzündən yerinə yetirilən gözəl və xeyirxah iş müqabilində tərif və sitayiş mənasını daşıyır. Bütün nemətlər, xilqət və xilqətin gözəllikləri Allah tərəfindən olduğu üçün, bu surədə Ona həmd, sitayiş və təriflər deyilir.

“İsm” ad və nişan mənasını daşıyır. “Bismillah”, yəni Allahın adı və nişanı ilə başlayıram. Həm Qurani-Kərim, həm də “Həmd” surəsi “Bismillah” ilə başlayır; yəni Allah-Taala Öz kəlamını, hidayət kitabını, “Həmd” və digər surələri “Allah” ifadəsi ilə başlayır və nişanlayır.

“Rəhman” və “rəhim” sözləri “rəhmət” sözündən alınmışdır. “Rəhman” sözü Allahın ümumi və geniş rəhmətinə, “rəhim” isə Onun xüsusi rəhmətinə işarədir. Allah rəhmandır, yəni Onun rəhməti genişdir; rəhməti bütün varlıqları, o cümlədən, həm müsəlmanı, həm də kafiri əhatə edir. Allahın “saysız-hesabsız yağış rəhməti”, “tükənməz neməti və ruzisi” rəhman sifətindən və geniş rəhmətindən qaynaqlanır. Allah rəhimdir, yəni Onun rəhməti xüsusi olaraq saleh, müti və mömin bəndələrinə şamildir.

“Əl-həmdu lillahi rəbbil-aləmin” – bütün həmd və sitayişlər aləmlərin Rəbbi olan Allaha məxsusdur. Çünki bütün nemətlər Onun tərəfindəndir. Odur ki, bütün nemət və gözəlliklərin qaynağıdır.

“Ər-rəmanir-rəhim” – rəhman və rəhimdir. Bu ibarədə də Allahın rəhman və rəhim olması, başqa sözlə, geniş və xüsusi rəhməti yenidən təkrarlanır.

“Maliki-yəvmiddin” – qiyamət gününün mütləq hakimi və malikidir.

“İyyakə nə`budu və iyyakə nəstəin” – yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

“İhdinəs-siratəl-mustəqim” – (İlahi!) Bizi doğru yola (haqq dinə) hidayət et!

“Siratəl-ləzinə ən`əmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələz-zallin” – (peyğəmbərlər, onların həqiqi ardıcılları, salehlər, övliyalar və şəhidlər kimi) nemət verdiyin kəslərin yoluna (hidayət et)! (İlahi rəhmətdən uzaq düşüb) qəzəbə düçar olmuşların və (haqdan) azmışların yoluna yox!

NÖQTƏLƏR

1. Surənin ahəngi: “Fatihə” surəsi ahəng baxımından Qurani-Kərimin digər surələri ilə aşkar fərqlərə malikdir. Çünki sair surələr yalnız Allahın dilindən, bu surə isə Allahın tərəfindən bəndələrin dilincə söylənilir. Başqa sözlə, bu surədə Allah-Taala Onunla danışmağı, rabitə bərqərar etməyi, raz-niyaz və münacatı Öz bəndələrinə öyrədir.

2. “Fatihəsurəsi Quranın əsasıdır: Bu surənin başqa bir adı “Ümmül-kitab”dır (kitabın anası və əsası). Peyğəmbərdən (s) belə nəql olunur: “Həmd surəsi ümmül-kitabdır (kitabın anasıdır).” (“Məcməül-bəyan”, 1-ci cild, səh.17.)

Bu surə sanki Qurani-Kərimin bütün məfhumlarını qısa şəkildə özündə toplamışdır. Həqiqətdə, bu surə Allahın zati, sifati, feli və ibadi tövhidini (yeganəliyini) bəyan edir, məad məsələsini də aşılayır. Başqa sözlə, bu surə Quranın bütün mətləblərinin xülasəsidir.

3. Fatihə surəsi Peyğəmbərin (s) böyük iftixarıdır: “Fatihə” surəsi böyük bir nemət kimi Peyğəmbəri-Əkrəmə (s) təqdim olunaraq Quranla bərabər qiymətləndirilir. Belə ki, buyurulur:

وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ

Biz “səbül-məsani”ni (iki dəfə nazil olan yeddi ayəni) əzəmətli Quranı sənə əta etdik.”  (“Hicr” surəsi, ayə 87.)

Elə bu məzmunu imam Əli (ə) Peyğəmbərdən (s) belə nəql edir: Həqiqətən, Allah-Taala Fatihəsurəsini verməklə mənə minnət qoymuş və müstəsna bir nemət əta etmiş, onu Qurani-Kərimlə bərabər tutmuşdur. Həqiqətən,Fatihətül-kitabilahi ərş xəzinələrinin ən şərəflisidir.” (“Təfsiri-Burhan”, 1-ci cild, səh.26; “Məsabihül-ənvar”, 1-ci cild, səh.435.)

4. Bu surə xüsusi əhəmiyyətə malik olduğu üçün hədislərdə onun tilavət olunması təkidlə vurğulanmışdır. Bu surənin fəziləti ilə bağlı Peyğəmbərdən (s) belə nəql olunur: Həmdsurəsini oxuyan müsəlmana verilən əcr savab Quranın üçdə iki hissəsini oxuyan şəxsin, habelə bütün mömin kişi qadınlara hədiyyə verən bir şəxsin savabı qədərdir.” (“Məcməül-bəyan”, 1-ci cild, səh.17.)

5. Təfsir mənbələrində “Fatihə” surəsi üçün on cür ad qeyd olunmuşdur: 1. “Fatihətul-kitab”, 2. “Ümmül-kitab”, 3. “Ümmül-Quran”, 4. “Səbül-məsani”, 5. “Əl-vafiyə”, 6. “Əl-kafiyə”, 7. “Əş-şafiyə”, 8. “Əl-əsas”, 9. “Əs-səlat”, 10. “Əl-həmd.” Bu adlardan hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əxz edilmişdir. (“Təfsiri-Əbul-Fütuh Razi”, 1-ci cild, “Həmd” surəsinin təfsiri; “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 1-cild, “Həmd” surəsinin təfsiri; “Qolestani-sureha”, Məhəmmədhüseyn Cəfəri, səh.16.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru