Quran – zahiri füsunkar, batini isə dərin…

Quran – zahiri füsunkar, batini isə dərin…

Quran misilsiz bir sənət əsəridir; yəni Quranın əzəmət və əhəmiyyətinin daha bir aspekti onun sənət baxımından, bədii cəhətdən gözəlliyidir. Qəlbləri maqnit kimi İslam dininə çəkən də ilk növbədə Quranın o bədii cəhətidir. Ərəblər həm kəlmələrin melodikliyini yaxşı duyurdular, həm də ədəbi dillə tanış idilər – o dövrün ərəb mühiti bu cür idi – və qəflətən ortaya elə bir fenomen çıxdı ki, o vaxta qədər onlar ona bənzərini eşitməmişdilər. Nə şeir, nə də nəsr olan Quran qeyri-adi bir ədəbi təzahürdür. Eynən Əmirəlmöminin Əlinin (ə) buyurduğu kimi:

ظاهِرُهُ اَنیقٌ وَ باطِنُهُ عَمیق

Zahiri füsunkar, batini dərindir.” (Nəhcül-bəlağə, xütbə 18.)

“Aniq” (اَنیقٌ) – insanı mat-məəttəl qoyacaq dərəcədə füsunkar, heyrətamiz gözəllik mənasındadır. Quran o dərəcədə gözəldir. Əlbəttə ki, qeyri-ərəbdillilər və elə ərəbdillillərin də çoxu bu gözəlliyi dərk edə bilmir, lakin Quranla daha çox ünsiyyətdə olduqca bunu dərk etmək olur. İnsan Quranla daha sıx ünsiyyətdə olduqca, daha çox tilavət etdikcə, Quranı daha çox dinlədikcə başa düşür ki, mənəvi aspektindən əlavə, bu kitabın dili nə qədər gözəl, nə qədər bəlağətlidir. 

Deməli, bu heyrətamiz dərəcədə gözəl sənət əsərini elə yüksək sənətkarlıqla da icra etmək lazımdır. Biri var biz öz evimizdə özümüz üçün Quran oxuyuruq, o zaman necə oxusaq da, eybi yoxdur; istər avazla oxuyaq, istər avazsız oxuyaq. Hərçənd orada da avazla oxumaq tövsiyə olunur. Amma qarşınızda bir auditoriya varsa, məsələn, hansısa məclisdə Quran oxuyursunuzsa, bu o deməkdir ki, dinləyənlərə təsir göstərmək istəyirsiniz. O yerdə sənətkarlıq ortaya gəlməlidir; məhz o yerdə sənətkarlıq öz rolunu oynamalıdır. Auditoriyaya sənətlə təsir göstərmək olar. O tilavətləri dinləməyimizin, yüksək qiymətləndirib qariləri təşviq etməyimizin mənası budur; yəni siz bu misilsiz sənət əsərini yüksək sənətkalıqla icra edir, ustalıqla oxuyursunuz. Nəticədə isə tilavətin təsiri qat-qat artır.

Əlbəttə ki, Əmirəlmöminin Əlinin (ə) qeyd etdiyi o ikinci cəhət – batinin dərinliyi də həmin bu sənətkarlıqla, ustalıqla bağlıdır, yəni oxuma tərzi o dərinliyə varmaqda bizə xeyli dərəcədə bələdçilik edə bilər. Amma Quranın batininə diqqət yetirmək lazımdır. “Quranın batini” deyərkən mən yalnız zikr əhlinin, məsum imamların (ə) xəbərdar olduğu o batini qatı nəzərdə tutmuram. O bizim işimiz deyil, onu gedib rəvayətlərdən, imamların (ə) buyurduqlarından öyrənib dərk etməliyik. Mən bu ifadə ilə yenə də Quranın zahirini nəzərdə tuturam. Misal üçün, Quran buyurur:

وَ العاقِبَةُ لِلمُتَّقین

“Aqibət müttəqilərindir!” (“Əraf” / 128.)

Yaxşı, bəs bu aqibət, işin axırı nə deməkdir? “İşin axırı müttəqilərindir”; bu dünyada da işlərin axırı müttəqilərindir, axirətdə də sonda onlar uğurlu çıxacaqlar, mübarizələrdə də – əgər qələbə qazanmaq niyyətində olsalar – qalibiyyət onların olacaq. Döyüş meydanında düşmənə qalib gəlmək istəyirsinizsə, gərək müttəqi olasınız. Baxın! Diqqət yetirsəniz, görərsiniz ki, aqibət müttəqilərindir; bunun bir qədər dərinliyinə varaq, diqqət edək, üstündən ötəri keçməyək. Və ya məsələn:

وَ لَنَبلُوَنَّکُم بِشَیءٍ مِنَ ‌الخَوفِ وَالجوعِ وَ نَقصٍ مِنَ الاَموالِ وَ الاَنفُسِ وَ الثَّمَرتِ وَ بَشِّرِ الصُّبِرین

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (“Bəqərə” / 155.)

Bu qorxu nədir, aclıq nədir? İnsan gərək bu kəlmələr, bu məfhumlar haqda bir az dərindən düşünə. Bu elə Quranın mənası haqda düşünmək deməkdir. Quran ayələrində dönə-dönə vurğulanan “تدبّر” – dərindən düşünmək, fikirləşmək elə budur.

بَاطِنُهُ عَمیق” – Quranın batini dərindir. Bu dərinliyə hər kəs öz bacardığı qədər, öz məlumatına, mütaliəsinə, şüur və dərkinə uyğun səviyyədə vara bilər. Bu dərinliyə hamı eyni dərəcədə gedə bilmir. Amma necə olursa-olsun, biz də bir az əl-qol ata bilərik; gəlin cəhd göstərək, bir az əl-qol ataq, diqqət yetirib Qurandan nəsə başa düşək. Bəzən deyirlər ki, Qurandan həyat dərsi öyrənmək lazımdır. Bu o demək deyil ki, məsələn, sürücülük və yol hərəkəti qaydalarını da Quranda axtarmalıyıq. Yox, Quran bizim təfəkkürümüzə ali təlimlərlə zinət verir. İnsanın təfəkkür səviyyəsi ali təlimlərlə yüksəldiyi zaman isə dünyanın bütün sirlərini dərk edə bilir, hikməti öyrənir. Şair deyir:

آن که در او جوهر دانایی است

بر همه کاریش توانایی است

Elm və hikmət cövhəri kimdə varsa,

O insanın hər bir işi uğurlu olar.

(Nizami Gəncəvi, “Sirlər xəzinəsi”)

Mənim fikrimcə, Quran kurslarının, Quran məclislərinin sayını artırmaq bizim öhdəmizə düşən mühüm işlərdən biridir. Bununla yanaşı, təfsir məclisləri də təşkil olunmalıdır. Təfsir dərsləri həddən ziyadə önəmlidir. Bu işi bilənlər, bacaranlar, əsasən möhtərəm ruhanilərimiz, Quranla ünsiyyətdə olan insanlar cəmiyyəti maarifləndirsinlər. Axı Quranda buyurulur ki:

اِنَّ هذَا القُرءانَ یَهدی لِلَّتی هِیَ اَقوَم

“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola yönəldir.(“İsra” / 9.)

Bu Quran sizə daha möhkəm, daha güclü, daha əsaslı olanı göstərir, sizi bu istiqamətə yönəldir. Bu möhkəmlik, bu güc və sarsılmazlıq nəyə aiddir? Sizin bu dünyadakı həyatınıza, hörmət və nüfuz qazanmağınıza, həqiqi həyatınız olan axirət həyatına, – لَهِیَ الحَیَوانaxirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. (“Ənkəbut” / 64.)

Bizim Qurana ehtiyacımız var. Bu Quran bizim bugünkü ehtiyacımızdır. Təkcə müsəlman dünyasının deyil, bütün bəşəriyyətin bu gün Qurana, doğrudan da, ehtiyacı var. İmperializmə qarşı mübarizə aparan, zülmə qarşı açıq-aşkar və qətiyyətlə çıxan, küfrə, günah və azğınlığın tüğyan etməsinə, tağuta qarşı qüdrətlə mübarizə aparan Qurandır:

اَلَّذینَ ءامَنوا یُقاتِلونَ فی سَبیلِ اللهِ وَالَّذینَ کَفَروا یُقاتِلونَ فی سَبیلِ الطّاغوتِ فَقاتِلوِّا اَولِیاّْءَ الشَّیطن

“İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostları ilə (kafirlərlə) vuruşun!” (“Nisa” / 76.)

Quranın bu bəyan tərzi nə qədər güclüdür?! Bunlar bəşəriyyətin bu gün düçar olduğu problem və sıxıntılardır. Bu gün hansısa ölkənin prezidenti, yaxud kralı simasında insanlığa, xalqlara, sülhə, asayişə, hökumətlərin və ölkələrin sabitliyinə qarşı bəd əməllər törədənlər Quranın sərt bir şəkildə tənbeh etdikləridir. İnsanlar bunu dərk etməlidirlər. Quran bizə  buyurur:

وَلا تَرکَنوا اِلَی الَّذینَ ظَلَموا فَتَمَسَّکُمُ النّار

“Zülm edənlərə meyil etməyin. (“Hud” / 113)

– Zalımlara inanmayın! Bu gün dünya xalqlarının problemi budur.

Pərvərdigara, bizi Quran əhli et! Bizi Quranla yaşat, Quranla öldür, Məhşər meydanına da Quranla gətir! (Ali Rəhbər Ayətullah Xameneinin Quran məclisində etdiyi çıxışı – 6 /May/ 2019)

Maide.az

Google+ WhatsApp ok.ru