'Quranda islami təfəkkür tezisi' kitabı - 25-ci məclis

'Quranda islami təfəkkür tezisi' kitabı - 25-ci məclis

Maide.Az saytı ilk dəfə olaraq Ramazan ayının əvvəlindən  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Quranda islami təfəkkür tezisi" kitabını səsli və mətn formatda oxuculara təqdim edir: 
 

VİLAYƏT

İYİRMİ BEŞİNCİ MƏCLİS

VİLAYƏT CƏNNƏTİ

 

 

Bazar – 1974-10-13

Ramazan ayının 26-sı.

 


بسم الله الرحمن الرحيم الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ

O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namazı bərpa edər, zəkat verər, (insanları) yaxşı işlərə əmr edib pis işlərdən çəkindirərlər. Bütün işlərin sonu Allaha aiddir.

“Həcc” surəsi, ayə 41.

 

Keçən bəhslərin davamı olaraq, bu məclisimizdə də vilayətlə bağlı qeyd olunması zəruri olan məsələyə toxunacağıq. Ötən iki-üç məclisdə vilayətçi fərd və cəmiyyət haqqında qısa danışdıq, uyğun mövzu ilə əlaqədar Əhli-beyt (ə) maarifindən ilham alaraq, bəzi Quran ayələri üzərində düşündük; həm Quran ayələrinə, həm də hədislərə istinadən yekun nəticəni diqqətinizə çatdırdıq.

Qeyd etdiklərimizin xülasəsi bu oldu ki, vilayət bir neçə konsepsiyadan ibarətdir. Onlardan biri budur ki, müsəlman cəmiyyəti (Allaha zidd) xarici qüvvələrə və qeyri-müsəlmanlara bağlı olmamalıdır. İzah etdik ki, bağlı olmamaqla əlaqə yaratmaq ayrı-ayrı kateqoriyalardır. İslam aləminin özünü siyasi və iqtisadi əlaqələrdən təcrid etməsini, qeyri-müsəlman millətlər, ölkələr və qüdrətlərlə münasibət yaratmamasını əsla demirik. Məsələ fərqlidir, belə ki, digər qüdrətlərə bağlı və müti olmamalı, müstəqil olmalı və öz ayağı üstə durmağı bacarmalıdır.

Vilayətin başqa bir konsepsiyası müsəlman qüvvələrin bir-birilə (daxili) əlaqə və bağlılıqlarının möhkəmliyindən ibarətdir. Yəni, İslam cəmiyyətində vilayətin mənası birlik və həmrəylikdir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur:

مَثَلُ المُؤمُنينَ في تَوادِّهم وتَرَاحُمِهِم کَمَثَلِ الجَسَدِ

“Möminlərin bir-birinə sevgi və qayğıkeşliyi bir bədənin misalı kimidir...”[1] Onların bir-birinə bağlılığı bir binanı və onun hissələrini bir-birinə bağlamış materiallarını xatırladır. Müsəlmanlar da bir-birinə bağlanmalı, bir-birilə birləşməli və əlbir olmalı, müxalif qüdrətlərin düşmənçilikləri qarşısında vahid bir yumruğa çevrilməlidirlər. Bu mətləbi dünənki məclisimizdə tilavət etdiyimiz ayədə tamamilə müşahidə etdik. “Maidə” surəsində buyurulur:

أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ

“Onlar möminlərə qarşı mehriban, kafirlərə qarşı isə güclüdürlər.”[2]

مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاء عَلَى الْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ

Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, öz aralarında isə mehribandırlar.[3]

Möminlər xarici cəbhə ilə üzləşdikdə, müstəqil, möhkəm və yenilməz, öz aralarında isə mülayim, mehriban və təvazökar olarlar, hamı bir-birindən təsirlənər, bir-birini xeyirxahlıq, yaxşılıq, haqqa tabe olmaq və haqq uğrunda mübarizə aparmağa, habelə pisliklər, pozğunluqlar və azğınlıqlar müqabilində müqavimət göstərməyə dəvət edərlər. Bir sözlə, İslam cəmiyyətində hamı bir-birini qoruyub-saxlayır. Keçən məclislərin birində buna dolambac yollarla dağlara dırmaşan on nəfər alpinisti misal çəkdik. Belə ki, əgər onlar dağa dırmaşarkən birinin ayağı sürüşərsə, 300-500 metr hündürlükdən aşağı süqut edir. Burada bütün alpinistlərin dağın qülləsinə sağ-salamat qalxmaları üçün yeganə yol onların kəndirləri bir-birinə möhkəm bağlamaları, bir-birini özlərinə tərəf çəkib aparmaları, əllərindən tutmaları və bir-birini “Filankəs, yolu azmadınmı? Gələ bilirsənmi? Acmayıbsanmı?” – deyə səsləmələridir. Beləcə, onlar bir-birinin maddi və psixoloji baxımdan hazırlığını, yolu tanıyıb-tanımadığını, zəif olub-olmadığını öyrənir, ailənin bütün üzvləri arasındakı səmimi rəftarlar tək, bir-birinə yardım etməyə və yolu göstərməyə çalışırlar. Bu da İslam cəmiyyətinə hakim vilayət prinsipinin başqa konsepsiyasıdır.

Yenə ötən məclislərin birində qeyd etdiyimiz daha mühüm, eyni zamanda vilayətin birinci və ikinci konsepsiyasının gerçəkləşməsinə zəmanət verən növbəti konsepsiya İslam cəmiyyətinin xüsusi şərtlərə sahib idarəetmə mərkəzinə ehtiyac duymasıdır. Çünki İslam cəmiyyəti vahid bədən hökmünü daşıyır; həm daxili münasibətlərdə cəmiyyət bir-birilə sıx əlaqə saxlamalı, həm də xarici münasibətlərdə vahid yumruq və bədən tək (İslama zidd) xarici cəbhələr qarşısında möhkəm dayanmalıdır. Çünki bu vəhdət və birlik İslam cəmiyyəti üçün bir zərurətdir və mərkəzi idarəetmə qüvvəsinə sığınmadan vəhdətin formalaşması qeyri-mümkündür. Əgər İslam dünyasının hər bir guşəsinə ayrı-ayrı amillər və qüdrətlər hakim olarlarsa, təbii ki, bu bədənin üzvləri parçalanacaq, bir-birindən ayrılacaq və bir istiqamət üzrə hərəkət edə bilməyəcəklər. Buna insanın beyninin mövcud idarəetmə mərkəzi sinir sistemini biri sağ, digəri isə sol tərəfə çəkən iki növ sinir sistemi ilə əvəz edilməsi kimi misal göstərə bilərik. Əgər mən hər iki əlimi eyni vaxtda və eyni istiqamətdə tərpətmək istəsəm, bunu bacararam. Çünki hər iki əlim eyni mərkəzdən əmr alır. Ağırlığı qaldırıb yerini dəyişən şəxsin hər iki əli bir mərkəzin (eyni sinir mexanizminin) əmrinə tabe olduğundan, hər iki əl birgə işləyir və ağırlığı mütənasib şəkildə qaldırır. Lakin insanın bədənində iki mərkəzi sinir sistemi olarsa, biri sağ, digəri isə sola hökm verər və sağ-sol bir-birilə həmahəng olmaz; ağırlığı qaldırmaq üçün sağ əl barmaqlarını açacaqsa, sol əl başqa mərkəzin hökmünə tabe olduğu və ondan əmr aldığı üçün barmaqlarını daha da möhkəm yumacaq. Sağ əl sol əli həmkarlığa və ağırlığı qaldırmağa çağırsa da eşitməyəcək. Sağ əl ağırlığı qaldırmağa hazır olsa da sol əl möhkəm yumulacaq və ağırlığı qaldırmağa hazır olmadığını bildirəcək. Yumulmuş və yumruğa çevrilmiş bu əl düşmənə zərbə endirməyi qərar alıb o biri əldən kömək istədikdə, başqa sinir sisteminə tabe olduğu üçün həmkarlıq etməyəcək, yumruğa çevrilib düşmənə zərbə endirməyə hazır olmadığını bildirəcək. Görün, insanın bədəninə iki fərqli sinir sistemi hakim olarsa, insan hansı gülünc vəziyyətə düşər! Elə buna görə də bir ağırlığı qaldırmaq, onun yerini dəyişmək, habelə düşmənin hücumunu dəf etmək istədikdə aciz qalar, bunu bacarmaz.

Əgər düşmənlərin hücumunu dəf etmək üçün İslam cəmiyyətində pərakəndəlik yaranıb bir dəstəsi bu gün, digər dəstəsi isə sabah hücuma keçməyi qərar alarsa, faydası olmayacaq (və istənilən nəticə əldə edə bilməyəcək). Öz düşməni ilə döyüşə başlamaq istəyən bir cəmiyyət (və bir bədənin) mütləq bütün dəstələri eyni vaxtda düşmənə müqavimət göstərməli və hücuma keçməlidir. Bu gün bir dəstə, sabah isə başqa dəstə, o biri gün başqa bir dəstə yuxudan ayılacaqsa, düşmən çox rahatlıqla qələbəyə nail olacaq. Bir macərada nəql olunur ki, üç nəfər üzüm bağına girir. Bağban onları üzüm bağından qovmaq üçün xüsusi məharətlə hiylə işlədir və onların arasında ayrılıq salaraq onları elə öz əlləri ilə cəzalandırır.[4] İslam tarixində belə hadisələr dəfələrlə baş vermişdir. 

Əgər İslam cəmiyyəti vaxtında öz mənafeyinə sahib çıxmaq və zərərləri dəf etmək istəyirsə, daxili münasibətlərdə bir-birilə sıx rabitə qurmalı, bir olmalıdır. Xarici münasibətlərdə də düşmən müqabilində bir yumruğa çevrilməlidir. Bir sözlə, vilayətin iki konsepsiyasını təmin etmək istəyirsə, daxildə güclü mərkəzi rəhbərliyə ehtiyacı vardır ki, cəmiyyətin bütün fəal qüvvələri əməli və ideoloji qidalarını, fəaliyyətlərini, düşmənlə mübarizə metodunu və sevgi münasibətlərini həmin mərkəzdən ilham almaqla əldə edə bilsin. İslam cəmiyyətində bütün qüvvələr bu mərkəzin rəhbərliyi ilə idarə olunur, hər kəs öz layiqli missiyasını icra edir, qarşıdurmadan çəkindirilir, qüvvələr bir istiqamətə yönəldilir. Həmin rəhbər mütləq Allah tərəfindən seçilməli, alim və məlumatlı olmalı, İslamın bütün ali göstərişlərinin və Quranın təzahürünə çevrilməlidir. Qeyd etdiyimiz iki konsepsiyanın icrası üçün cəmiyyətdə “vəli” adını daşıyan ilahi rəhbərin varlığı vacibdir. Bu da vilayətin üçüncü konsepsiyasından ibarətdir. Vilayət bəhsi ilə bağlı ötən məclislərimizin xülasəsi bundan ibarət idi.

Növbəti məsələ isə budur: Biz vilayətçiyik, ya yox? Mən və sən vilayətçi ola bilərik, amma xalq kütləsi necə? Bunun fərqi varmı? Əlbəttə ki, var! Ola bilər ki, bədənin hansısa bir üzvü sağlam olsun, amma onun sağlam olması bütün bədənin sağlam olması mənasında deyil. Bundan əlavə, əgər sağlam üzvün yerləşdiyi bədən sağlam deyilsə, sağlam üzvün bütün funksiyalarını icra edə bilməyəcək. Əvvəla, vilayətçi insanın necə bir insan olduğunu araşdırmalıyıq ki, onun həqiqətən də vilayətçi olub-olmadığını anlayaq. Bu, bizə sabit və aydın olduqdan sonra, inşallah, cəmiyyətin də vilayətçi olması üçün necə olacağını araşdırmalıyıq.

Vilayətsiz cəmiyyətdə bir insanın vilayətçi olmasını fərz etməyimizin heç bir eybi yoxdur. Amma görəsən, bu insanın bununla məsuliyyəti bitirmi? Onun özü vilayətçi olduğu halda, vilayətdən məhrum bir cəmiyyətdə yaşayırsa, onun yaşayışı arzu olunandırmı? Əgər vilayətçi bir şəxs vilayətsiz bir cəmiyyətdə yaşadığı halda cəmiyyətin vilayətsiz olmasına laqeyd yanaşırsa, onun laqeydliyi vilayətçi olmasını sual altına atmırmı, ona zərər yetirmirmi? Bu, siz müsəlman gəncin, kişi və qadının düşünülməsi zəruri olan məsələ deyilmi? Bunların hər birini ayrı-ayrılıqda geniş şəkildə şərh etmək üçün vaxt lazımdır. Bu qədər vaxtımız olmadığından, hər bir məsələ haqqında bir saat danışmağı qərara almışıq.

Birinci məsələ odur ki, əvvəla, görək, vilayətçi insan necə olmalıdır? Vilayətçi insanla vilayətçi olmayan insan arasında fərq nədir? Bu, bir mətləb!

İkincisi, biz – cəmiyyət, (vilayət eşqilə) daim bir yerə toplaşan ictimai heyətlər axı nə üçün vilayətçi olmamalıdır? Hansı hallarda ilahi rəhbəri olan cəmiyyətin vilayəti islami göstərişlərə əsaslanır, hansı hallarda isə islami vilayətdən məhrumdur?

Üçüncüsü, vilayətçi insanın vilayətçi olması ilə mükəlləfiyyəti sona yetirmi? Cəmiyyəti vilayətçi etmək onun mükəlləfiyyət və vəzifəsi deyilmi?

Dördüncüsü, əgər vilayətdən məhrum bir cəmiyyətdə yaşayan vilayətçi bir şəxs öz cəmiyyətini vilayətçi etmək üçün məsuliyyət hissi daşımırsa, onun özünün vilayətçi olmasını sual altına atmırmı? Bu məsuliyyətsizlik hissi onun vilayətçi olmasını zəiflətmirmi? Bu da başqa bir məsələdir.

Bu məsələləri araşdırmaq lazımdır. İndi bir-ikisini araşdıracaq və haqqında söz açacağıq. Söhbətdən sonra özünüz Quran ayələri və hədislərin buyurduğu vilayətin mütərəqqi və məntiqli mənasını rahattələb, səhlənkar və işdən yayınan tənbəl bir şəxsin  öz təsəvvüründəki vilayətin mənası ilə bir müqayisə aparın.

Bəziləri elə təsəvvür edirlər ki, insanın vilayətçi olması yalnız Əhli-beyt (ə) məclislərində ağlaması, Əhli-beytin (ə) adı çəkiləndə dərhal “ələyhis-salam” (və salavat) deməsi deməkdir, elə bu qədər! Onlara görə, vilayətçi olmaq yalnız qəlbində Əhli-beytə (ə) sevgini daşımaqdır. Bəli, Əhli-beytə (ə) sevgi vacibdir, onların adlarını ehtiramla çəkmək və yaşatmaq, xatirəsinə məclis qurmaq, əza və şad günlərindən ibrət almaq, onların sevincini danışmaq, məzlumiyyətinə ağlamaq və şücaətindən danışmaq, onlara əza saxlamaq – bütünlüklə, bu məsələlər lazımıdır. Amma bu məsələlər insanı vilayətçi etmir. Vilayət daha üstün bir məqamdır. Şəhidlər sərvəri İmam Hüseynin (ə) məclisində əyləşən və ağlayan şəxs ağladığı üçün yaxşı iş görür, lakin vilayətçi olması üçün yalnız ağlamaqla kifayətlənməsi yaxşı hal deyil, bəyənilmir.

Nə dediklərimi düzgün anlayın. Zehni bəzi muzdurların və qərəzli insanların qərəzli və yaxud cahilcəsinə təlqinləri ilə dolu olan şəxslər yaxşı diqqət yetirsinlər. Deməyin ki, kimlərsə şəhidlər sərvəri İmam Hüseynə (ə) ağlamaqla müxalifdir. Xeyr! Kim müxalif olsa da biz müxalif deyilik, onun tərəfdarıyıq! Biz deyirik ki, İmam Hüseynə (ə) ağlamaq bəzən bir millətə nicat verə bilər. “Təvvabin” dəstəsi İmam Hüseynin (ə) qəbrinin üstündə əyləşib bir gün, yaxud iki gün, yaxud da üç gün yalnız ağladı. Bu ağlamağın nəticəsi nə oldu? Nəticədə həmin dəstənin üzvləri bir-birilə ölüm-qalım barədə əhd-peyman bağladı, döyüş meydanına üz tutub bir də sağ-salamat geri dönməmək üçün qəti qərara gəldi. İmam Hüseynə (ə) ağlamaq budur və kimsə bununla müxalif deyil.

Heç bir ağıllı, heç bir şiə, heç bir əhli-sünnə, hətta kafir də İmam Hüseyinin (ə) və Əmirəlmöminin Əlinin (ə) adının izzət və əzəmətlə çəkilməsinə qarşı deyil. Onları tanıyan hər kəs təsdiq edir ki, onların adını izzət və əzəmətlə çəkmək lazımdır. İyirmi ikinci məclisimizdə qeyd etmədik ki, mirası şəhidlik və Allah yolunda fədakarlıq olan ailə izzət və əzəmətlə yad edilməlidir? Əlbəttə ki, yad edilməlidir.

Mən sizə söz verirəm, Avropaya, Amerikaya, küfr ölkələrindən hər birinə, İslama yad olan və “İslam” adını eşitməyən hər bir məntəqəyə səfər edin və onlara Həzrət Əli ibn Əbitalibin (ə) sərgüzəştini əvvəldən axıra kimi, xülasə şəkildə danışın. O zaman görəcəksiniz ki, həyatı iftixarlarla dolu olan bu simanın ehtiramına əl çalacaq, onu ehtiramla yad edəcək, baş əyəcək, onun adını sizdən yadigar qalmış əziz bir xatirə tək qoruyub-saxlayacaqlar. Həzrət Əli ibn Əbitalibin adı çəkildikdə, onun ardınca dərhal “ələyhis-salam” (ona salam olsun) – deməklə hünər göstərməmisiniz, mühüm bir iş görməmisiniz, çünki bu, yalnız şiəyə məxsus deyil. Elə təsəvvür edirsiniz ki, vilayət elə budurmu? Bu cür düşünmək, böyük yanlışlıqdır və bu vilayət insanı Cənnətə aparmaz. Əlbəttə, İmam Hüseynə (ə) ağlamaq “vilayət” adlı mühüm prinsipin ən kiçik hissələrindən biridir. Bəziləri qərəz üzündən yox, cəhalətdən ağlamaq məsələsini önə çəkirlər. Heç Əhli-beytin (ə) ideoloji düşmənləri və onların düşmənçiliklərindən danışan yoxdur. Amma vilayət və şiəliyin səthi məsələlərini daha çox qabardır və vilayəti bu kimi məsələlərə həsr edirlər. Maraqlıdır ki, vilayəti yaxşı dərk edənləri, yaxşı tanıyanları və həqiqi vilayətçiləri məhkum etmək üçün elə bu silahdan istifadə edirlər. Vilayət prinsipini aradan qaldırmaq və onu kiçik çərçivədə məhdudlaşdırmaq necə də əla, ləzzətli görünür, amma İslamın bu mühüm prinsipinə layiq deyil.

İnsanın vilayətçi olması onun ilahi rəhbərlə etiqadi və əməli rabitəsinin günü-gündən daha da artması anlamındadır. İslam cəmiyyətinin həqiqi ilahi rəhbərini axtarıb tapdıqdan və tanıdıqdan sonra, etiqadi, əməli, ruhi-psixoloji və digər sahələrdə özünü ona yaxınlaşdırmalı, onunla daim rabitədə olmalı və ardınca hərəkət etməlisən. Əgər sənin təlaşın onun təlaşı, sənin mübarizən onun mübarizəsi, sənin sevgin onun sevgisi, sənin düşmənçiliyin onun düşmənçiliyi və sənin cəbhən onun cəbhəsi ilə eynilik təşkil edirsə, sən vilayətçisən. Nə dediyimi başa düşdünüzmü? İlahi rəhbəri tanımaq, onun fikirlərini öyrənmək, onunla həmfikir və əməlləri ilə tanış olmaq, onun yerinə yetirdiyi əməlləri yerinə yetirmək, ona tabe olmaq, özünü etiqadi və əməli baxımdan ona yaxınlaşdırmaq vilayətçi insanın xüsusiyyətləridir.

Kim əlini qaldırıb deyə bilər ki, mən vilayətçiyəm? Kim vilayətçi olmadığını etiraf edə bilər? Vilayəti yalnız Əli ibn Əbitalibə (ə) məhbbətdə məhdudlaşdırmışıq. Özümüz üçün bir əfsanə və xurafat düzəltmişik. Əməlimiz və etiqadımız Əli ibn Əbitalibin (ə) əməlinə və etiqadına zidd olsa da o Həzrətə azacıq göz yaşı axıdır, adını “vilayət” qoyur və ürəyimizi bununla sevindiririk. Adımızı da həqiqi vilayətçi və Əli ibn Əbitalibin (ə) tərəfdarı qoymuşuq. Bu isə cəfadır, Əli ibn Əbitalibin (ə) və İslamın haqqına qarşı böyük zülmdür. Çünki vilayət İslamın bir prinsipidir. Vilayəti anlamağa hazır olmadığımız halda, bu mühüm prinsipə qarşı böyük zülmü rəva görürük.

İmam Sadiq (ə) hörmətə layiq gördüyü vilayətçi tərəfdarlarını əməl sahibi kimi tanıtdırırdı. Elə buna görə də buyururdu: “Hər kim əməl sahibidirsə, bizim dostumuzdur, hər kim əməl sahibi deyilsə, bizim düşmənimizdir.” Çünki İmam Sadiq (ə) vilayəti belə məna edirdi. O Həzrətin təfəkküründəki vilayət o Həzrətin adı ilə yaşayan qərəzli və yaxud cahil insanın təfəkküründəki vilayətin mənası ilə tamamilə fərqlənirdi. Axı nə üçün vilayətin mənasını anlamamalıyıq? Nə üçün İslamdan, dünya və axirətdən uzaqlaşmamaq, geridə qalmamaq və irticadan qurtulmaq üçün İslamın bu prinsipini dərindən dərk etməməliyik? Qorxuram ki, özümüzü Cənnət şövqü ilə bir ömür dünya Cəhənnəmində saxlayaq, can verdiyimiz zaman – uzun-uzadı arzularımızın təcəssüm etdiyi bir vaxtda Cənnətdən uzaq düşək. Bir insanın vilayətçi olması “ilahi rəhbərə mütləq şəkildə bağlılığı” deməkdir. Odur ki, ona bağlı olmaq lazımdır.

Amma bir cəmiyyətin vilayətçi olması nə deməkdir? O deməkdir ki, həmin cəmiyyətdə, əvvəla, ilahi rəhbər müəyyən olmalı və hamı onun ilahi rəhbər olmasını bilməlidir. İkincisi, həmin cəmiyyətin bütün qüvvələri, əmək və fəaliyyətləri bir mərkəzə əsaslanmalı, bir mənbədən ilham almalı və qidalanmalıdır. Bütün əmrlər həmin mərkəzdən verilməli, bütün qanunlar onun vasitəsilə icra olunmalı, hər bir məsələ həmin mərkəzdə birləşməli, hamı diqqətini ona yönləndirməli, ona tabe olmalı və həyat mühərriki onun əli ilə işə salınmalıdır. O, bu cəmiyyətin sürücüsü və həyat karvanının öncülü olmalıdır. Belə bir cəmiyyət “vilayətçi cəmiyyət” adlanır.

Əmirəlmöminin (ə) Peyğəmbəri-Əkrəmdən (s) sonra iyirmi beş il cəmiyyətin rəhbərliyindən kənar saxlanıldı. İslam cəmiyyəti Peyğəmbəri-Əkrəmdən (s) sonra iyirmi beş il vilayətsiz qaldı. Bununla da hər bir şey bitdi. Həmin cəmiyyətdə Salman, Əbuzər, Miqdad və digər bir neçə nəfər vilayətçi olsa da İslam cəmiyyəti vilayətçi idimi? Peyğəmbəri-Əkrəmdən (s) sonra İslam cəmiyyəti iyirmi beş il vilayətsiz qaldı. Əmirəlmöminin Əli (ə) hakimiyyətə gəldikdən sonra, İslam cəmiyyəti vilayətçi oldu. Haçana qədər? Həzrət Əli (ə) hakimiyyətdə olub qanunların, bilik və maarifin qaynağı olduğu vaxta qədər! Vilayətçi cəmiyyətin mənası budur! Cəmiyyət o zaman vilayətçi adlanır ki, həmin cəmiyyətə İmam (ilahi rəhbər) hakim olsun, bütün göstərişlər, əmr və qadağalar onun tərəfindən verilsin, cəmiyyəti əməli olaraq İmam idarə etsin, döyüş bayrağını İmam dalğalandırsın, hücum əmrini İmam versin və sülh müqaviləsini İmam imzalasın. Əks-təqdirdə, vilayətçi cəmiyyətdən söz gedə bilməz.

Əgər siz vilayətçi və bu nemətə sahibsinizsə, Allaha şükür edin. Vilayətdən böyük nemət yoxdur. İndi vilayətdən böyük bir nemət olmadığını sizə izah edəcəyəm. Əgər vilayətçi deyilsinizsə, vilayətçi olmaq üçün çalışın. Özümüz və cəmiyyətimizdə vilayət ruhiyyəsini təmin etmək, Həzrət Əlinin (ə) həyatını özümüzə örnək bilmək və o Həzrətin arxasınca hərəkət etmək üçün çalışmalı, Allahın vəlisi (ilahi rəhbər) olan Əli (ə) ilə rabitəmizi möhkəmlətməliyik. Bunun üçün çalışmaq, mübarizə aparmaq və çətinliklərə sinə gərmək lazımdır. Deməliyəm ki, məsum imamlar Əmirəlmöminin Əlinin (ə) şəhadətindən sonra daim vilayət yolunda çalışmışlar. Onların bütün zəhmət və səyləri vilayətin yaşaması, İslam cəmiyyətinin dirçəlişi, bu bağda əkilən “insan” adlı fidanın saf və həyatverici vilayət suyu ilə canlanması və çiçəklənməsinə həsr olunmuşdu.

Bir cəmiyyətin vilayətçi olması üçün çalışmağın mənası daim oturub höcətləşmək, mübahisə etmək, ağzına gələni danışmaq və onu-bunu söymək deyil. Bu işlərlə vilayətçi olmaq olmaz, əksinə bu işlər insanı vilayətdən daha da uzaqlaşdırır. Yolu isə İslam rəhbərinin – Allahın buyurduğu rəhbərin qüdrətli olması üçün çalışmaqdır. Ötən məclisdə ilahi rəhbərin xüsusiyyətləri haqda danışdıq və qeyd etdik ki, bəzən, ilahi rəhbər Allah tərəfindən adı və xüsusiyyətləri ilə təyin edilir, misal üçün, İmam Əli ibn Əbitalib (ə), İmam Hüseyn ibn Əli (ə), Həsən ibn Əli (ə) və digər imamların bir-bir adları və xüsusiyyətləri müəyyən edilir, bəzən də Allah tərəfindən təyin olunmuş rəhbərin kəlamında buyurulduğu kimi, adı ilə deyil, (ümumi) xüsusiyyətləri ilə göstərilir:

فَأَمَّا مَنْ كَانَ مِنَ الفُقَهَآءِ صَآئِنًا لِنَفْسِهِ، حَافِظًا لِدِينِهِ، مُخَالِفًا عَلَي‌ هَوَاهُ، مُطِيعًا لاِمْرِ مَوْلَاهُ؛ فَلِلْعَوآمِّ أَنْ يُقَلِّدُوهُ

Fəqihlərdən hər kəs öz nəfsinə hakim olsa, dinini qorusa, nəfsinin istəklərinə müxalif olsa və mövlasının əmrlərinə itaət etsə, avamların vəzifəsi ona təqlid etməkdir.[5]

Hər ikisi Allah tərəfindən seçilir, lakin birini adı ilə, digərini isə adını çəkmədən təyin edir. Misal üçün, bütün xüsusiyyət və meyarları nəzərdən keçirib onun Ayətullah əl-üzma Bürucerdi olduğunu görürsən. Diqqət yetirdinizmi?

Əgər cəmiyyət vilayətçi olarsa, nə baş verəcək? Bunu bir cümlədə bəyan etmək istəyirəm: “Ölü cəmiyyət cana gələcək.” Bu cümlə kifayətdir. Cansız bir ölünü nəzərdən keçirin. Onun beyni olsa da fəaliyyət göstərmir, gözü olsa da görmür, ağzı olsa da yeməyi çeynəmir, uda bilmir. Qaraciyəri, mədəsi və həzmedici orqanı var, amma yeməyi cəzb etmir, damarı var, amma qan cərəyan etmir, qan var, amma dövr etmir. Nə üçün? Çünki cansızdır. Əli var, amma üstündəki qarışqanı dəf etmir, ayağı var, günəşin altından kölgəli yerə keçə bilmir; çünki ölüdür. Ona can verildikdə, beyin və sinir sistemi fəaliyyətə başlayır, əl hərəkətə gəlir, ağız işləyir, mədə həzm edir, mədə-bağırsaq sistemi və qan dövranı fəaliyyətə başlayır və bədənin bütün orqanları güclənir, bədənə istilik gəlir, onu hərəkətə gətirir, yeriməyə, düşmənlə mübarizə aparmağa, dostluqları bərpa etməyə başlayır və özünü tez bir zamanda daha da kamil və gümrah vəziyyətə çatdırmaq istəyir.

Bir cəmiyyətdə vilayət prinsipinin anlaşılması üçün bu misalı zehninizdə canlandırıb ölü insan bədəninin yerinə insan cəmiyyətini və ruhun yerinə vilayəti qoyun. Vilayətsiz cəmiyyətdə mövcud istedadlar ya məhv olub aradan gedir, ya da daha acınacaqlı vəziyyətdə insanın zərərinə tamamlanır. Beyni və düşüncə qabiliyyəti var, amma onu fəsad və pozğun yolda, insan qətli, dünyanı yandırmaq, insanları bədbəxt etmək, zülm və müstəmləkə sütunlarını möhkəmlətmək uğrunda sərf edir. Onun gözü olsa da lazım olmayanları yaxşı görür, lazım olanları isə əsla görmür. Qulağı olsa da haqq sözü eşitmir, sinir sistemi haqq sözü beyinə ötürmür, bədən üzvləri haqq əsasında mühakimə yürütmür, haqq əsasında rəftar etmir və işləməyə icazə vermir. Vilayətsiz cəmiyyətin vəziyyəti budur!

Vilayətsiz cəmiyyətdə çıraqlar nəinki işıq saçmır, hətta onun içindəki azacıq yağ belə tükənib quruyur.

Peyğəmbərin (s) hidayət çıraqları və məşəllərə tökdüyü yağların necə quruduğunu gördünüzmü? Onlar Peyğəmbərin (s) vəfatından sonrakı günlərdə necə alışıb yanır və işıq saçırdı, çünki yağını Peyğəmbər (s) tökmüşdü. Amma bu məşəllər və çıraqların üzərində vilayət əli olmadığı üçün işığı azaldı, yağı dibinə çökdü, tükəndi, tüstüləndi və iyləndi. Osmanın, ondan sonra isə Müaviyənin hakimiyyəti dönəmində gördünüzmü hansı vəziyyətə düşdü? Axı, Fatimeyi-Zəhra (s.ə) bu haqda ənsar və mühacir qadınlara xəbərdarlıq etmişdi! İlk günlərdə o Həzrətə qulaq asan olmadı. Həzrət Fatimeyi-Zəhranın (s.ə) proqnozlarını o günün qafil müsəlman cəmiyyəti anlaya bilmədi.[6] Bütün xəbərdarlıqlar gerçəkləşdi. Bütün fəzilətləri öldürən həmin qanlı ülgüc, insanları və insanlığı boğan həmin əl haqqında o Xanım məlumat vermişdi. O Xanımdan öncə Peyğəmbər (s) məlumat vermişdi. Onlar özləri bunu görür və anlayırdılar, lakin İslam cəmiyyəti anlamadı. Qulaqlar ağırlaşdı, karlaşdı. Bu gün də Xanım Fatimeyi-Zəhranın (s.ə) səsi hələ də qulaqlarda cingildəyir. Ey həssas və ayıq qulaqlar! Eşidirsinizmi?

Vilayətçi cəmiyyətdə bütün insani istedadlar inkişaf edir, insanın təkamülə və ali dəyərlərə yiyələnməsi üçün Allahın ona bəxş etdiyi bütün vasitələr hazırlanır, insanlıq fidanı çiçəklənir, insan təkamülə yetir və insanlıq güclənir. Bu cəmiyyətdə bütün qüvvələrin dönüş mərkəzi olan, siyasi baxımdan xalqı Allaha yönəldən və Allahı xatırladan, iqtisadi baxımdan isə sərvəti ədalətlə bölən ilahi rəhbər yaxşılıqları artırmağa, pislikləri isə məhv etməyə çalışır.

Qurani-Kərimdə buyurulur:

الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ

O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namazı bərpa edərlər.[7] Allaha tərəf addımlayarlar, hərəkət istiqamətləri Allaha doğru olar, ilahi göstərişlər əsasında hərəkət edərlər. Namaz insanların Allahı zikr etməsi, cəmiyyətin Ona diqqət yetirməsi və Ona üz tutması üçün bir simvoldur.

وَآتَوُا الزَّكَاةَ

Zəkat verərlər.Sərvəti ədalətli şəkildə bölərlər. Qurani-Kərimdə zəkatın əhatə dairəsi çox genişdir. Mənim zənnimcə, Qurani-Kərimdə “zəkat” ifadəsi bütün mali sədəqələrə və infaqlara (Allah yolunda sərf olunmuş mallara) şamildir və bununla bağlı bəzi arqumentlər də əldə etmişəm. (Bunu bir ehtimal olaraq qəbul edin.)

Zəkat verərlər. – ifadəsində məqsəd odur ki, onlar sərvətdə ədalətə və ədalətli bölgü prinsipinə əməl edirlər. Zəkatla bağlı rəvayətlərdə deyilir ki, zəkat sərvətin ədalətlə bölgüsünə səbəb olur.

وَأَمَرُوا بِالْمَعْرُوفِ

Yaxşılığa əmr edər və yaxşı işləri artırarlar.

وَنَهَوْا عَنِ الْمُنكَرِ

Pislikdən çəkindirər və onu kökündən kəsərlər.

Biz elə təsəvvür edirik ki, yaxşılığa əmr etmək və pislikdən çəkindirmək buna bənzəyir: “Misal üçün, mən sizə əmr edirəm ki, filan pis işdən çəkinməli və filan yaxşı işi yerinə yetirməlisiniz.” Yalnız sözdə əmr etmək və çəkindirməyin kifayət etdiyini düşünürük. Halbuki, dildə əmr etmək yaxşılığa dəvətin və pislikdən çəkindirməyin nümunələrindən biridir. Əmirəlmöminin Əlidən (ə): “Nə üçün Müaviyə ilə döyüşürsən?” – deyə soruşduqda, o Həzrət buyurdu: “Çünki yaxşılığa dəvət və psilikdən çəkindirmək vacibdir.” Hədis geniş olduğu üçün hamısını demirəm. Diqqətlə qulaq asın ki, bir nəticə çıxara biləsiniz. Əmirəlmöminin Əli (ə) Siffeyndə Müaviyə ilə nə üçün döyüşməlidir? Nə üçün özü Kufəyə qayıdıb, Müaviyənin də Şama qayıtmasına icazə verməməli, onunla müharibə etməlidir? O Həzrət özü buyurur ki, yaxşılığa dəvət və pislikdən çəkindirmə vacibdir. İmam Hüseyn (ə) Mədinədən çıxıb gedir. “Ağa, hara gedirsən?”– deyə soruşanda, belə buyurur:

أُريدُ أَنْ آمُرَ بِالْمَعرُوفِ وَ أَنْهى‏ عَنِ الْمُنْكَرِ

Yaxşılığa əmr etmək və pislikdən çəkindirmək istəyirəm.[8]

Baxın, görün o Həzrətin dünyagörüşünün dairəsi nə qədər böyük, bizim dünyagörüşümüzün dairəsi isə nə qədər kiçik, dar və cılızdır. Bir sözlə, vilayətçi cəmiyyət bu xüsusiyyətlərə sahibdir: Namaz qılır, zəkat verir, bir-birini yaxşılığa dəvət edir, çirkinlikdən çəkindirir; xülasə, cansız bədən cana gəlir, həyata qədəm qoyur.


 

Xülasə

Bazar günü – Ramazan ayının 26-sı

VİLAYƏT CƏNNƏTİ

Bir cəmiyyət o zaman vilayətçi olur ki, həmin cəmiyyətdə rəhbər həqiqi mənada bütün insani qüvvələr və həyati fəaliyyətlərin ilhamverici mənbəyinə çevrilsin. Bir fərd də o zaman vilayətçi olur ki, Allahın vilayət məzhəri olan rəhbəri düzgün tanısın, onunla əlaqələrini möhkəmlətsin. İlahi rəhbər yer üzündə Allahın canişini, Onun qüdrət və ədalətinin təcəllisi olduğundan, insanları təkamül və ali insanlıq məqamına yetirmək üçün onların daxilində qoyulmuş bütün imkan və istedadlardan onların öz xeyrinə istifadə etməlidir. Bu imkan və istedadlardan elə istifadə etmək lazımdır ki, insanlıq məqamına azacıq belə zərər və xələl dəyməsin. Çünki bunun özü böyük ziyandır və insan fidanını çiçəkləndirən ədalət və əmniyyətə manedir. İlahi rəhbər insanların həyat şəraitini təmin edən münbit torpaq, şirin su və əlverişli havanı xatırladır, müxtəlif növ zülmkarlıq nümunələrinin (şirk, özünə və başqalarına təcavüzkarlığın) baş qaldırmasının qarşısını alır, hamını Allaha bəndəçiliyə sövq edir, insan əqlini və düşüncəsini yetkinləşdirir, onu iş və fəliyyətə cəlb edir. Onun ən önəmli proqramı Allahı yad etmək (namaz), sərvəti ədalətli şəkildə bölmək (zəkat), yaxşılıqları artırmaq (əmr be məruf), pisliklərin və pozğunluqların kökünü kəsmək, (pisliklərdən çəkindirmək), bir sözlə, insan və insanlıq fenomenini yaradılış hədəfi və qayəsinə daha da yaxınlaşdırmaqdır.

Aşağıdakı ayələr üzərində düşünmək insanda vilayət cənnəti haqda geniş təsəvvür yaradır və agahlıq bəxş edən bu sözü işıqlandırır: “Dini əmrlərin heç biri vilayətin əhəmiyyəti qədər deyildir.”

لُعِنَ الَّذِينَ كَفَرُواْ مِن بَنِي إِسْرَائِيلَ عَلَى لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَİsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu.

ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَBu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.

كَانُواْ لاَ يَتَنَاهَوْنَ عَن مُّنكَرٍ فَعَلُوهُOnlar etdikləri pis əməldən əl çəkmirdilər.

لَبِئْسَ مَا كَانُواْ يَفْعَلُونَOnların gördükləri iş necə də pis idi!

تَرَى كَثِيرًا مِّنْهُمْ يَتَوَلَّوْنَ الَّذِينَ كَفَرُواْOnların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən.

لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ اللّهُ عَلَيْهِمْGör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur.

وَفِي الْعَذَابِ هُمْ خَالِدُونَ  – Onlar əbədi əzaba düçar olanlardır!

وَلَوْ كَانُوا يُؤْمِنُونَ بِالله والنَّبِيِّ وَمَا أُنزِلَ إِلَيْهِ مَا اتَّخَذُوهُمْ أَوْلِيَاءƏgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana (onun dininə) inansaydılar, onları (kafirləri) özlərinə vəli (rəhbər, dost, köməkçi) tutmazdılar.

وَلَـكِنَّ كَثِيرًا مِّنْهُمْ فَاسِقُونَLakin onların çoxu itaətdən çıxmış fasiqdirlər!

(“Maidə” surəsi, ayə 78-81.)

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الَّذِينَ اتَّخَذُواْ دِينَكُمْ هُزُوًا وَلَعِبًا مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَالْكُفَّارَ أَوْلِيَاءEy iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə vəli (rəhbər, dost, köməkçi) tutmayın.

وَاتَّقُواْ اللّهَ إِن كُنتُم مُّؤْمِنِينَƏgər möminsinizsə, Allahdan qorxun!

وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلاَةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًاSiz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar.

ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَعْقِلُونَBu, onların anlamaz bir tayfa olmalarındandır.

قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنقِمُونَ مِنَّا إِلاَّ أَنْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ(Ey Peyğəmbər!) De: “Ey kitab əhli! Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim Allaha, bizə nazil edilənə (Peyğəmbərimizin dininə) və bizdən daha əvvəl nazil edilənlərə (keçmiş peyğəmbərlərin dininə) inanmağımıza və sizin əksəriyyətinizin fasiq olmasına görədirmi?!

قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَلِكَ مَثُوبَةً عِندَ اللّهِDe: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi?

مَن لَّعَنَهُ اللّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَOnlar Allahın lənətlədiyi, qəzəbləndiyi, bəzisini meymunlar və donuzlar surətinə saldığ və tağuta pərəstiş etmiş kəslərdir.

أُوْلَـئِكَ شَرٌّ مَّكَاناً وَأَضَلُّ عَن سَوَاء السَّبِيلِ –Yerləri daha pis olan və düz yoldan daha çox azanlar onlardır!

(“Maidə” surəsi, ayə 57-60.)



[1]. “Biharul-ənvar”, “İnsan və ruh” başlığı, “Ruhların bədəndən öncə yaradılışı” bölməsi, hədis 29.

[2]. “Maidə” surəsi, ayə 54.

[3]. “Fəth” surəsi, ayə 29.

[4]. “Məsnəvi”, Mövləvi.

[5]. “İmam Həsən Əskəriyə (ə) mənsub təfsir kitabı”, “Bəqərə” surəsinin 78-79-cu ayələrinin təfsiri.

[6]. “Biharul-ənvar”, “Tarixi-Fatimə (s.ə)”, “Fatiməyə (s.ə) rəva görülən zülmlər” bölməsi, hədis 9.

[7]. Həcc” surəsi, ayə 41.

[8]. “Biharul-ənvar”, “İmam Hüseynin (ə) həyatı”, 37-ci bölmə, İmam Hüseynin (ə) Məhəmməd Hənəfiyyəyə vəsiyyəti.

 

Google+ WhatsApp ok.ru