Quranda İslami təfəkkür tezisi - 5-ci məclis

Quranda İslami təfəkkür tezisi - 5-ci məclis

İMAN VƏ ÖHDƏLİKLƏRİN İCRASI

 

Bazar ertəsi – 1974/09/23

Ramazan ayının 6-ı.

 

بسم الله الرحمن الرحيم

إِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِينَ إِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ أَن يَقُولُوا سَمِعْنَا وَأَطَعْنَا وَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ. وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ وَيَخْشَ اللَّهَ وَيَتَّقْهِ فَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَ

Aralarında hökm (və qəzavət) etmək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik (anladıq) və itaət etdik!” – deməkdən ibarətdir. Hədəf və səadətə çatanlar da məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər və Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır.

“Nur” surəsi, ayə 51-52.

 

İmanla bağlı bəhsdə bu məsələ də önəmlidir; belə ki, mömin şəxsin öhdəlikləri ötəri və könüllü deyil. Özünü “mömin” adlandıran şəxs belə olmamalıdır. Şəxsi mənafeyini və təcavüzkar marağını güdən şəxs mömin ola bilməz. İmanın adından sui-istifadə edən və özününümayişlə məqsədinə çatan şəxs iman və əməldən danışa bilməz. Həmçinin, mömin şəxs belə olmalı deyildir ki, iman və əməli onun şəxsi mənafe və təcavüzkar marağını ödəmədikdə, imandan, onun öhdəliklərinə əməl etməkdən və İslamın adından da üz çevirsin. Biz Quranın müxtəlif ayələrində söz açıldığı bu xüsusiyyəti mənfəəttələb insanlara nisbət verdik və onların bu xüsusiyyətə sahib olduğunu qeyd etdik. Bütün dünya xalqları mənfəttələbdir. Kim öz ziyanını istəyər? Lakin biz mənfəttələb dedikdə, öz şəxsi mənafeyinə görə dünya mənfəətlərini fəda etməyə hazır olanları – təcavüzkar mənfəəttələbləri nəzərdə tuturuq.

Onlar iman və əməli şəxsi mənafeyə xidmət etdiyi vaxta qədər sevir, imanın və özününümayiş məqsədilə zahirdə yerinə yetirdiyi əməllərin adından bəhrələnirlər. İslam belələrini mömin adlandırmır. Quran ayəsində onların imansız olduqları açıq-aşkar vurğulanır. Odur ki, biz imanla bağlı bəhsimizdə (İslam təfəkkürünün tanınması ilə bağlı silsilə bəhslərin başlanğıcında) imanın əməl və öhdəliklərlə birgə olduğu qənaətinə gəldik. Əgər imanın öhdəlik və məsuliyyət hissindən kənar qalan, öhdəliklərə əməl etməyən şəxs, Quran ifadəsi ilə desək, əməlisaleh deyilsə, imansızdır və imanın nəticələri abstrakt, quru və yalnız zehndəki imana aid deyil; buna rəğmən, nəzərdən qaçırmaq olmaz ki, öhdəlik həmişəlik və hərtəfli olmalıdır.

Mömin olan, mömin qalmaq istəyən və möminliyin faydalarından bəhrələnən şəxs Allahın bütün hökmləri qarşısında öhdəlik hiss etməlidir. Bu öhdəlik odur ki, hamı Allaha bəndə olmalı, bacardıqca, insanları bəndəçiliyə dəvət etməlidir. Peyğəmbərə (s) iman gətirmək və onun risalətinə şəhadət verməyin məsuliyyəti Peyğəmbərin (s) ardınca və onun yolunda hərəkət etməkdir. Əgər mən bunu iqrar və etiraf edib, bu məsuliyyəti qəbul edirəmsə, Peyğəmbərin (s) əxlaqı və həyat yoluna qarşı olan kiçik bir hadisə ilə üzləşdikdə, həqiqi müsəlman rolunu oynayıb sabitqədəmliklə və tam varlığımla ona əməl etməli, bununla bərabər peyğəmbərlik və risalət yoluna qarşı olan daha böyük və daha ağır bir hadisə ilə üzləşdikdə, öz məsuliyyətimi unutmamalıyam. Necə deyərlər:

أسَد عَليَّ وَفِي الحُروبِ نُعامَةٌ

رَبداءُ تَنفَرُ مِن صَفير الصّافِرِ

“Mənim üçün şir kimisən, döyüşlərdə isə bir fit səsi ilə qaçıb aradan çıxan dəvəquşunu xatırladırsan.”[1]

Zəif və günahı az olan insanlara qarşı şirsən və şir kimi nərə çəkirsən, amma böyük günah sahibləri və pislikləri yaradanlar müqabilində susur və döyüşməkdən vaz keçirsən. Bu, el arasında işlənən bir ərəb şeridir. Deyirlər ki, bizə çatanda şir olursan, döyüşdə əli qılınclı və boynuyoğun düşmənlə üzləşdikdə isə dəvəquşuna dönürsən. Dəvəquşu kiminləsə döyüşərmi? Heç onun caynağı və dişləri varmı?

Öhdəlik , mövsümi deyil, müəyyən zamana və fərdə xas deyil, ümumi xarakter daşıyır, həmişəlik və hər yerə aiddir. Qurani-Kərimdə yəhudlərin adı çəkilir; bir zaman “qardaşlarımızı əzizlərimiz kimi qorumalıyıq“ deyənlər ortalığa şəxsi mənafeləri gəldikdə, həmin qardaşlarını döyüş meydanlarında öldürür, əsir tutur, qul kimi satır və pullarını mənimsəyirdilər. Qurani-Kərimdə Bəni-İsrail məzəmmət edilərək buyurulur:

أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ

Aya, siz kitabın bir hissəsinə iman gətirib, digər hissəsini inkar edirsiniz?[2]

Dinin rahat, sadə və zəhmətsiz hökmlərinə iman gətirir, digər hökmlərini isə danır və inanmırsınız. Məgər bu mümkündürmü? Məgər bir mənbədən qaynaqlanan iki söz arasında fərq qoymaq doğrudurmu?

Bizim məsum imamımız İmam Baqirdən (ə) mötəbər şiə kitablarında və “Kafi”[3] kitabının “Yaxşılığa dəvət və pislikdən çəkindirmə” bölməsinin başlanğıcında nəql olunan məşhur bir hədis var. Nəzərimcə həmin bölmənin ilk hədisidir. Həmin hədisdə deyilir ki, namaz və oruc kimi rahat və zəhmətsiz əməllərə üz gətirən həmin insanlar “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (pislikdən çəkindirmə) kimi zahirdə zərərli və başıbəlalı əməllərə arxa çevirir, etina etmirlər. Bu hədisdə İmam (ə) onların mömin, yaxud, fasiq, yaxud da münafiq olub-olmadığından söz açmasa da Quran ayəsində şəxsi mənafelərinə görə dini istəməyənlərin mömin olmadığı açıq-aşkar buyurulur.

Onlar bir macərada haqqın öz xeyirlərinə olduğunü gördükdə, Peyğəmbərin (s) rəhbərliyi və qəzavətinə razılıq verir, zərərlərinə tamamlandıqda və Peyğəmbərin (s) onların əleyhinə hökm yürüdəcəyini bildikdə isə o Həzrətin rəhbərlik və qəzavətinə qarşı çıxırdılar. Qurani-Kərimdə belələrinə buyurulur: “Qorxdunuzmu? Şəkkə düşdünüzmü? Dinin doğruluğu və haqq olduğunda tərəddüd etdinizmi?” Ayənin bir hissəsi belədir:

أَمْ يَخَافُونَ أَن يَحِيفَ اللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُ

Yaxud Allahın və Peyğəmbərinin onlara zülm edəcəklərindən qorxurlar?[4]

Hər bir hadisədə, hər bir məsələdə və həyatın hər bir sahəsində mömin məsuliyyətlidir və şəxsi mənafeyini güdmür.

Əbu Süfyan oğlu Müaviyə lazım gəldikdə, Quranı belə vərəq-vərəq nizələrə keçirir, bu əhvalatı eşidib bilirsiniz. Özlərinə sərf etdikdə, Qurandan, namazdan və dindarlıqdan dəm vurur; Əli aşiqinin qəlbini ələ almaq üçün Əmirəlmöminin Əlidən danışır, Əlinin fəzilətlərindən söz açdıqda, timsah göz yaşları[5] axıdırlar. Eşitmisiniz, bir gün Müaviyə oturmuşdu. Abdullah ibn Abbas və başqaları da onun qarşısında əyləşmişdilər. Birinə dedi ki, filankəs, Əlinin fəzilətindən nə bilirsən? O dedi: “Amandayammı?” Dedi: “Bəli, amandasan!” Sonra həmin şəxs Əlinin (ə) fəzilətlərindən danışdıqca, Müaviyə hönkürtü ilə ağlamağa başladı.[6]Lazım gəldikdə Əlinin məhəbbətindən dəm vurur, lazım gəldikdə özünü Allahın xas bəndəsi adlandırır, bir qrup müsəlmana hökmranlıq etmək üçün onların özünə qarşı sevgisini cəlb etmək və hissləri ilə oynamamaq məcburiyyətində qaldıqda isə  insanların sevimlisi olan İslam və Qurandan dəm vurur.

Bunlar dinin onun xeyrinə, şəxsi mənafeyinə və təcavüzkar maraqlarına aid hissələrindən ibarətdir. Amma dinin və onun hökmlərinə əməl etməyin öz zərərinə tamamlanacağı hissələrdə, sanki, dini tanımır. Ədalətdən, ictimai ədalətin bərpasından, məzlum və məhrum təbəqəni düşünməkdən, qohumlarla yadlar arasında bərabərlik prinsipinə əməl etməkdən, cəmiyyətin təfəkkür səviyyəsini yüksəltmək kimi nübuvvət və peyğəmbərliyin hədəfindən söz düşdükdə, Müaviyə dindən xəbərsiz kimi susub qalır, dini öhdəçilik belə hiss etmir. Mən Müaviyəni misal çəkdim, sınaqdan keçirmək üçün bu sahədə özümüzü də misal çəkə bilərik. Amma pis insan olması hamıya aydın olan bir şəxsi misal çəkmək istədim.

Demək istəyirəm ki, əgər biz dinin bir hissəsini qəbul edib, digər hissəsini qəbul etmədiyimiz halda, özümüzü “mömin” adlandırsaq, onda, öncə Müaviyəni mömin hesab etməliyik. Çünki Müaviyə də belə idi; dinin bəzi hökmlərini zahirdə diqqətlə yerinə yetirirdi. Axı dəfələrlə qeyd etmişəm ki, Müaviyə namazını ilk vaxtda və camaatla qılırdı, özü də imam-camaat idi. Camaat namazının imam-camaat üçün fəzilət və savabı daha çoxdur. Allah tərəfindən imam-camaata verilən savab məmumlara (iqtida edənlərə) verilən savabdan çoxdur. Bu barədə rəvayət də var. Buna görə də, Müaviyə imam-camaat idi.

Bəli, belə bir din ləzzətbəxşdir, zərərsizdir, sevimlidir, sevgini cəlb edəndir, diqqət çəkəndir – bütün bunlar yaxşıdır. Amma Peyğəmbərin (s) insanların təlim-tərbiyəsi üçün göndərildiyini deyən dinə gəldikdə isə (bu dinə yox, şəxsi maraqlara üstünlük verilir):

لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ

Allah möminlərə minnət qoydu. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları saflaşdıran, onlara kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.)[7]

Allah Peyğəmbəri göndərdi ki, bəşəriyyətə təlim versin, insanların şüur və düşüncələrini çiçəkləndirib gücləndirsin. İnsan əqlinin mübarizə apardığı hər bir şeylə din də mübarizə aparır; insanın gözü, əqli, şüuru və dərkinin qarşısını alan hər bir şeyin təcavüzünə mane olur, hər hansı vasitə ilə düşünüb dərk etməkdən saxlayan heç bir amilin yaşamasına imkan vermir.

Din budur; xalqların şüur və düşüncəsini alan din, din deyil və bizim Quranımızda həmin dinin nişanələrindən əsər-əlamət yoxdur. Bizim Peyğəmbərimizin və digər din rəhbərlərimizin əməllərində də həmin nişanələr görünmür. Küfrlə döyüşən İslam həmin dinlə də döyüşür. İslamın böyük rəhbəri Əmirəlmöminin Əli (ə) buyurur:

وَيُثِيرُوا لَهُمْ دَفَائِنَ الْعُقُولِ

Allah peyğəmbərləri göndərdi ki, (insanların içərisindən) əql xəzinələrini çiçəkləndirsinlər.[8]

Demək, bu xəzinələri dəfn edən hər bir şey insanın əql və düşüncə qüvvəsini torpaq, yaxud əsəb, yaxud batil, yaxud qəddarlıq daşları altında gizlətmişdir. Bu sayaq amillər peyğəmbərlərin gəlişinin fəlsəfəsinə qarşıdır; nə olursa olsun, hansı zamanda olursa olsun, fərq etməz.

Peyğəmbərlər insanın əqli və düşüncəsini çiçəkləndirmək və artırmaq üçün gəlmişlər. İstər insanın varlığında, istərsə də onun varlığından xaricdə hər hansı bir amil, hər hansı bir güc, hər hansı bir stimul insan əqli və düşüncəsinin çiçəklənib artmasına, fəaliyyət imkanına maneçilik törədirsə, onun şüur və dərrakə məşəli sayəsində düşünməyə, yol axtarmağa və bu yolu azad şəkildə getməyə imkan vermirsə, dinə qarşıdır. Müaviyə belə idi. İnsanların düşüncələrini aydınlatmaq məsələsi ortaya gəldikdə, Müaviyə, İslamın nə olduğunu anlamırdı. İslam ona “cəmiyyətdə aclığa, sosial təbəqəyə və ayrı-seçkliyə son qoy, vicdansız zalımları xalqa hakim təyin etmə, müşavirlərini, dostlarını və yaxınlarını cinayətkarlardan seçmə, xalqı Cəhənnəmə, dünya və axirət əzabına doğru aparma, sıxıntıları xalqın üzərindən qaldır, qoy düşünsünlər.” – deyə hökm verdikdə, bu zaman Müaviyə ilə din arasında kilometrlərlə fasilə yaranır.

İbn Abbasa: “Quran oxuma” – deyildikdə, cavab verdi: “Axı necə Quran oxumayım?” Ona dedilər: “Onda oxuyursansa, heç olmasa, təfsir etmə.” Dedi: “Müaviyə, necə ola bilər, Quran oxuyum, amma təfsir etməyim? Sən nə danışırsan?” Müaviyə özünün yaxşı danışmadığını gördükdə dedi: “Eybi yox, təfsir et, amma camaata öz tayfan – Əlinin vasitəsilə deyilən təfsiri söyləmə.”[9] O, camaatın Quranı anlamasını istəmirdi. İnsanların düşünməsi hər şeyi alt-üst edə bilərdi, onların az düşünməsi Müaviyənin xeyrinə idi.

Odur ki, Müaviyənin gündəliyinə müraciət etdikdə, onda zülmlərdən, qətllərdən, insanları diri-diri torpağa gömməkdən, həbslərdə çürütməkdən, Hücr ibn Ədi[10] və Rüşeyd Həcəriləri[11] edam etməkdən, Meysəm Təmmar[12] kimilərə ağır işgəncələr verməkdən başqa, heç bir şey görünmür. Bunu hər kəs görür və dərk edirdi. Amma onun bir cinayətini dəqiq gözlərdən başqası görə və anlaya bilmirdi; o da bu idi ki, “İslam cəmiyyəti” adlı yenicə doğulmuş körpəni, ona həvalə olunmuş bu əmanəti iyirmi il qabağa atmaq əvəzinə, iki yüz il geri atdı. Hansı sahədə geri atdı? Pulları azaldımı? Xeyr! Kaş, pulları azalaydı! Əraziləri işğal olundumu? Ölkələri bölündümü? İnsanlar (mənasız döyüşlərdə) qətlə yetirildimi? Kaş, bu işlər baş verəydi! Cəmiyyəti şüur və əxlaq baxımından geri atdı Bu, bağışlanmayan cinayətdir. Bu günahın əlacı yenidən on il, iyirmi il düzgün şəkildə hakimiyyət etmək deyildi. Müaviyədən iyirmi-otuz il sonra Ömər ibn Əbdüləziz[13] hakimiyyətə gəldi. O, Əməvilər sülaləsinin ədalətli şəxsi olsa da bir iş görə bilmədi, Müaviyənin faciələrini aradan qaldıra, onun qazdığı çalaları doldura bilmədi. Hələ ona iki ildən artıq hakimiyyətdə qalmağa imkan vermədilər, zəhərləyib öldürdülər. Müaviyə elə bir mühit yaratmışdı ki, fəsad və azğınlıqdan başqa, heç bir şey cücərmir və qəbul edilmirdi.

Nadan, ağılsız, proseslərə diqqətsiz yanaşan cəmiyyət Müaviyənin tribunalarından hansı səs ucalırdısa, onu gözübağlı qəbul edir, etiqad bəsləyirdirlər. Əməvilərin dövründə Şam əhalisinin nadanlığı ilə bağlı əlimdə maraqlı əhvalatlar var, çoxunu da təfsir bəhsələrimiz və söhbətlərimizdə qeyd etmişəm, necə deyərlər, bir lətifə olaraq birini də indi desəm, pis olmaz.

Görün, bir xalqın taleyini haralara gətirib çıxartdılar; xəlifə Əbdülməlik Mərvanın[14] zamanında Məkkə Həccac ibn Yusifin əli ilə fəth olundu. O, Əməvilərin cəsarətli və güclü sərkərdəsi idi. Azacıq şiəliyə meyilli olan hər kəsi aradan götürürdü. Əlbəttə, Məkkə şiələrin deyil, Abdullah ibn Zübeyrin ixtiyarında idi. Abdullah ibn Zübeyr də Həccac ibn Yusif kimi bir şəxs idi, lakin ona Allah möhlət vermədi. Həccac, Abdullah ibn Zübeyri öldürmək istəyirdi. Bir sözlə, Məkkəni aldılar, o cümlədən, Əbu Qübeys dağını ələ keçirtdilər. Bildiyiniz kimi, Əbu Qübeys dağı Məkkəyə yaxın və birləşmiş dağlardan biridir. Həccac bir məktub yazıb, Şama – xəlifə Əbdülməlikə xəbər verdi ki, həmd olsun Allaha, Əbu Qübeys dağını ələ keçirmişik. Xəlifə də əmr verdi ki, bu məktubu Dəməşq minbərində oxusunlar. Cümə günü idi, hamı toplaşmışdı. Xətib məktubu açıb oxudu və dedi ki, həmd olsun Allaha, xəlifənin sərkərdəsi Həccac Əbu Qübeysi ələ kerçirib. Birdən camaatın səsi ucaldı: Xeyr, biz bunu qəbul etmirik, biz bunu qəbul etmirik, Əbu Qübeys Rafizini mütləq zəncirləyib Şama göndərməlidirlər ki, biz gözümüzlə görüb inanaq. Onlar elə təsəvvür edirdilər ki, Əbu Qübeys Məkkədə bir rafizidir[15] (şiədir). Onlar bu qədər nadan və düşüncəsiz idilər. Bu qəbil əhvalatlar çoxdur.

Bunları kim yetişdirmişdi? Xalqın nadan qalması kimin günahı idi? Siz deyə bilərsiniz ki, Şüreyh Qazının[16], Məhəmməd ibn Şahab Zöhrinin[17] və yaxud filan muzdur qazı və müftinin günahıdır. Onlar insanları agah etməli idilər. Mən də bunu qəbul edirəm. Əlbəttə, Əbu Yusif Qazı[18], yxud Şüreyh Qazı, Məhəmməd ibn Şahab Zöhri və yaxud da başqaları ən böyük cinayətlərə əl atdılar. Necə ki, bunu İmam Səccadın (ə) Məhəmməd ibn Şahaba yazdığı məktubda oxuduq və gördük. Lakin bilməliyik ki, Məhəmməd ibn Şahabı kim yetişdirdi? Dinə və Qurana qarşı ruhani yetişdirən qüvvələr kimlər idi? Müaviyədən başqası idimi? Demək, sonda bütün günahlar Müaviyənin, Əbdülməlik ibn Mərvanın, Əməvilər və Abbasilər sülaləsinə mənsub olan digər zalımlarındır. Onlar bu günahları ilə hələ Quranın və dinin qələbəsindən də dəm vururdular!

Burada bizim vəzifəmiz nədir? Heç diqqət yetirmisinizmi? Biz hansı təbəqədə və hansı vəzifədə olmasından asılı olmayaraq, Müaviyə, Şüreyh Qazı, Müğeyrə və Müaviyənin dövründə yaşayan Zeyd ibn Əmr kimilərin müqabilində necə hökm yürütməliyik? Onlar bəzi məqamlarda dini və imanı qəbul edir, bəzi məqamlarda isə onların həyatında din və imandan əsər-əlmamət görünmürdü. Belə insanlara nə ad vermək olar? Möminmi adlandıraq? Axı, Quranda belə insanların mömin olmadığı açıq-aşkar buyurulur. Axı, belələri İslam təfəkkürü sayəsində olan mötəbər imanla tanış deyillər. (Bizim günümüzdə də bu sayaq insanlar istənilən qədərdir.) O kəslərin imanları möhkəmdir ki, onlar hər yerdə, hər zaman, hər kəslə müqayisədə öhdəliklərə sadiq qalanlar və əməldə iman gətirən və yaxşı iş görənlər – ayəsinə şamil olanlardır.

Möminlərə verilən vədlər də bu imanın sahiblərinə aiddir. “Möminlər qalibdir” – ifadəsi bu möminlərə aiddir və onlar, həqiqətən də, qalibdirlər. “Allahın əli möminlərlə birgədir” – ifadəsi həmin möminlərə məxsusdur. “Təbiət möminlərlə həmkar və munisdir” – deyilirsə, bu, mənim və sənin kimilərə yox, həqiqi möminlərə məxsusdur. Özümüzdə imanın təsirləri, xasiyyətləri və müjdələrini görmədiyimiz üçün Allahın Quranda möminlərə verdiyi müjdələrə də təəccüblənmirik. Çünki həmin imana verilən bu qədər müjdələri görmürük.

(Əlbəttə, sabah Qurana əsaslanaraq möminlərə verilən müjdələrlə bağlı bəhs edəcəyik, inşallah!)

İndi isə bu ayələri[19] tərcümə edək. Diqqətlə dinləyin:

لَقَدْ أَنزَلْنَا آيَاتٍ مُّبَيِّنَاتٍ

Həqiqətən, Biz açıq-aydın ayələr nazil etdik.

Quran ayələri aydındır. Özünə Quranı başa düşməyi icazə verməyən zavallılar bu aydınlıqdan məhrumdurlar.

وَاللَّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

Allah istədiyi şəxsi doğru yola yönəldər.

Allahın istəyi nə deməkdir? Yəni, Allah birini istəyir, digərini isə istəmirmi? Bir nəfəri xas lütfü-nəzəri ilə yüksəklərə aparır, başqasını isə rədd edirmi? Məsələ bundan ibarət deyil. Allahın iradə və istəyi (adi işlərdə) məhz təbii səbəblər vasitəsilə özünü büruzə verir. Məsələn, əgər bir hidayətçi və doğru yol göstərən bir şəxsin söhbətini dinləməyi qərara alıb doğru yola yönəlsəniz, sizin doğru yola yönəlməyinizi Allah istəmişdir. Yox, əgər tənbəllik və süstlük etsəniz, düşünmək yolunu öz üzünüzə bağlasanız, bu zaman nadan qalmağınızı Allah iradə etmişdir. Bunlar Allahın iradə və istəyinin təbii vasitə və səbəblərə köklənməsi anlamındadır; belə ki, nəticənin əldə edilməsi üçün təbbii vasitə və səbəblərin yaranmasını istəsəniz, Allah da istəyəcək, əks-təqdirdə isə aydındır ki, Allah da istəməyəcək; nəinki Allahın istəməməsi sizin də istəməməyinizə səbəb olacaq. Xeyr, siz iradə etməkdə azadsınız. Allahın istəməməsi lazımi səbəblərin yaranmaması anlamındadır.

Nə üçün lazımi səbəblər yaranmayıb? “Allah istəməyib” – deyə cavab veririk. Çünki səbəbləri yaradan və onlara xasiyyət verən Allahdır. Məsələn, yanar oda əlimi uzadaramsa, əlim yanacaq. Deyirəm ki, Allah istədiyi üçün əlim yandı. Əgər mən əlimi oda yaxınlaşdırmasaydım, əlim yanmayacaqdı. Yenə deyirəm ki, Allah istəmədiyi üçün əlim yanmadı. Bu nə deməkdir? Allahın onun yanmasını istəməsi təbii səbəbin hazır olması anlamındadır. Onun təbii səbəbi nədir? Odun olması, maneənin olmaması, mənim istəyim və əlin oda doğru uzanması. İkinci surətdə isə, yəni Allahın yanmasını istəməməsinə gəldikdə, onun səbəbi yandırmaq üçün təbii səbəbin olmaması – oda yaxınlaşmaması, yaxud oda uzadılan əlin və digər bir cismin yaşlığı və yaxud odun zəif olmasıdır və s. Bəs nə üçün səbəblərə aid olanları Allaha nisbət veririk? Çünki səbəbləri yaradan Allahdır. Buna görə də Quranın hər yerində مَن يَشَاء(istədiyi şəxsi) – ifadəsi bu qəbildəndir. Müxtəlif münasibətlərdə bu barədə izah etmişdim. İndi də azacıq işarə etdim.

وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا

“Allaha və Peyğəmbərə iman gətirdik və itaət etdik!” – deyərlər.

Onlar bunu iddia edirdilər. İddia etmək asandır.

ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِّنْهُم مِّن بَعْدِ ذَلِكَ

“Bu iddiadan sonra isə onlardan bir dəstə üz çevirər.

Burada kafir və yaxud İslamdan üz döndərən mürtədlərdən yox, İslam cəmiyyətində yaşayan adi müsəlmanlardan söz gedir. Onlar üz çevirdikdə, onlar haqqında belə buyuruldu:

وَمَا أُوْلَئِكَ بِالْمُؤْمِنِينَ

Belələri mömin deyillər.Bundan da aydın bir ifadə varmı?!

وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِّنْهُم مُّعْرِضُونَ

“Onlar (Peyğəmbərin) aralarında hökm (qəzavət) etməsi üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqda, onlardan bir dəstə (Peyğəmbərin yanına gəlməkdən və onun hökmünü dinləməkdən) dərhal üz çevirər.

Ayənin zahiri qəzavətlə bağlıdır. Adətən, Qurani-Kərimdə “hökm” dedikdə, həmişə “hakimlik” və “hökm yürütmək” mənasını daşıyan “qəzavət” anlamına gəlmir. Ayənin məzmunu ümumi xarakter daşıyır və yalnız Peyğəmbərin (s) qəzavətinə boyun qoymayanlara aid deyil, həm də Peyğəmbərin qəzavətdən başqa, digər əmlərinə təslim olmayanlara da şamildir və bu, aydın bir məsələdir.

وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِّنْهُم مُّعْرِضُونَ

“Onlar (Peyğəmbərin) aralarında hökm (qəzavət) etmək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqda, onlardan bir dəstə (Peyğəmbərin yanına gəlməkdən və onun hökmünü dinləməkdən) dərhal üz çevirər.

وَإِن يَكُن لَّهُمُ الْحَقُّ يَأْتُوا إِلَيْهِ مُذْعِنِينَ

Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər.

Hökm onların xeyrinə tamamlanacağı təqdirdə, dinə təslim olur, zərərlərinə olacağı ehtimal edildikdə isə dindən üz döndərirlər. Burada Qurani-Kərim onlardan həqiqətdə izah etmələrini tələb edir.

Axı, nə üçün şəxsi maraqlarınıza xidmət etmədikdə, dini qəbul etmirsiniz? Bunun səbəbi bu üç məsələdən biridir:

أَفِي قُلُوبِهِم مَّرَضٌ

Onların qəlblərində xəstəlikmi var?

Nifaq və nəfsani istəklər, nadanlıq və məğrurluq xəstəliyimi? Hökmü qəbul etməmələrinin səbəbi qəlblərindəki xəstəliklərdirmi? Yoxsa, bundan da ağır xəstəlikdirmi?

أَمِ ارْتَابُوا

“Yaxud da onlar dində şəkkə düşdülərmi?

Əgər dində şəkk və tərəddüd etmirsənsə, nə üçün xeyrinə olmayan, zəhmətə düşməyinə səbəb olan hökmlərdən üz çevirir və hətta dini inkar edirsən? Yoxsa, bunun səbəbi daha da dəhşətlidir?

أَمْ يَخَافُونَ أَن يَحِيفَ اللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُ

Yaxud Allahın və Peyğəmbərinin onlara zülm edəcəklərindən qorxurlar?

Bu isə şəkkə düşməkdən də dəhşətlidir, küfrün özüdür. İnsan nə qədər nadan və əqidəsiz olmalıdır ki, Allahın və Peyğəmbərin hökm yürütməkdə insana zülm və haqsızlıq edəcəyini düşünsün. Allahın və Peyğəmbərin zülm edəcəyindən qorxan insan, aydındır ki, Allahı və Peyğəmbəri əsla tanımır və qəbul etmir.

بَلْ أُوْلَئِكَ هُمُ الظَّالِمُونَ

Xeyr, onlar özləri zülmkardırlar!

Allah heç kimə zülm etməz, onlar həm özlərinə, həm də həqiqətə qarşı haqsızdırlar. Əgər yüksək vəzifə sahibidirlərsə, həm özlərinə, həm xalqa, həm də həqiqətə qarşı zalımdırlar, ondan da yüksək vəzifədədirlərsə, mütləq şəkildə bəşəriyyətə qarşı zülmkardırlar.

Görək, möminlər necədir? Möminlər elə deyillər. Baxın, Quranın mədəniyyəti budur. Quranın özünəməxsus leksikologiya və mədəniyyəti vardır. Quran terminologiyasında mömin belə olmalıdır:

إِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِينَ إِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ أَن يَقُولُوا سَمِعْنَا وَأَطَعْنَا

Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir.

Qeyd etdiyimiz kimi “eşitdik” – sözü “qulaq asdıq” yox, “anladıq” mənasındadır. Quranda buyurulur:

أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ

...Şahid olduğu halda, eşidən kəs üçün bir öyüd-nəsihət vardır![20]

Dünən gecə Quran mütaliələrimdə “səm`” (eşitmək) sözü ilə bağlı rastlaşdığım və çox olduğundan qeyd götürmədiyim nümunələrdə bu söz qulaqla eşitmək yox, “anlamaq” və “başa düşmək” mənasındadır. Möminlər deyərlər ki, biz anladıq, agah şəkildə mömin olduq. Ötən bəhslərdə qeyd etdiyimiz kimi, iman gətirmək agahlıq əsasında olmalıdır. سَمِعْنَا وَأَطَعْنَا“Eşitdik və itaət etdik!” Agahlıq əsasında iman gətirdikdən sonra itaət də etdik.

وَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ

Uğur və qələbəyə çatanlar da məhz onlardır!

“Fəlah” sözü “uğur və müvəffəqiyyət qazanmaq”, “qələbəyə nail olmaq”, “hədəf və məqsədə çatmaq” mənasını ifadə edir, bəzən də, “nicat tapmaq” və “səadətə yetmək” mənasında işlədilir. Amma adətən, möminlərlə bağlı işlənən “fəlah” sözü qeyd etdiyimiz mənalarla daha uyğundur. وَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَHədəf və məqsədə çatanlar da məhz onlardır!

وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ وَيَخْشَ اللَّهَ وَيَتَّقْهِ فَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَ

Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura (məqsədə) çatanlardır.

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُواAllah iman gətirənlərə vədə vermişdir.[21] Budur Allahın yaxşı işlər görən, məsuliyyət hiss edən möminlərə vədəsi! Diqqət yetirin! Bu ayədəki ilahi vədədə açıq-aşkar belə deyilir: Biz möminlərə vəd etmişik ki, onlar yer üzünə varis olacaqlar, onların ayin, əqidə və məktəbləri dünyaya hakim olacaq, qorxu və vəhşətləri əmin-amanlıqla əvəz ediləcək. Əgər tarix boyunca siz möminlər işgəncə və zümlərə məruz qalıbsınızsa, bundan sonra rahatlıq, asudəlik və təhlükəsizlik içində yaşayacaq, Allaha ibadət edəcək, Allahın müxaliflərini yer üzündən siləcəksiniz. Bu, uyğun ayədəki ilahi vəddən ibarətdir. Allahın bu vədi məsuliyyətli və saleh əməl sahibi olan möminlərə məxsusdur.

Bəziləri çox vasvasılıq edir, dar düşünür və deyirlər ki, bu vəd İmam Zamanın (ə.f) dövrünə məxsusdur. Şübhəsiz, İmam Zamanın (ə.f) dövrü bu ayənin kamil nümunəsidir. Amma bu ayənin harasında onun İmam Zamanın (ə.f.) dövrünə aid olduğu vurğulanır? Deyin görək, hansı rəvayətdə onun həmin zamana məxsus olması göstərilir? Nə üçün ayənin əhatə dairəsini məhdudlaşdırırsınız? Məgər Allah İslamın ilk çağlarında möminlərlə bağlı bu vədi gerçəkləşdirmədi? Elə bu ayə gerçəkləşdi; möminlər Mədinəyə gəlib İslam hökuməti qurdular. Qüreyş kafirlərinin qorxusundan “Lə iləhə illəllah” kəslməsini dilində belə deməyə cürət etməyən Bilal minarələrdə uca səslə “Lə iləhə illəllah” deyirdi. Halbuki, bundan öncə onlar üç yüz qeyri-insan və bir neçə insan formasındakı bütün, nəfsani istəklər, meyillər və şəhvətlər adlı bütlərin müqabilində hər gecə-gündüz səcdə etməyə, mütləq ibadət və bəndəçiliklə məşğul olmağa məcbur idilər. Allaha bu qədər şəriklər qoşanlar əmin-aman məntəqədə – ali İslam cəmiyyətində azacıq sıxıntılara məruz qalmadan yaşamağa başladılar, artıq Allaha böyük-kiçik, canlı-cansız, özləri və başqalarından şəriklər qoşmadılar. Bu ayə bir dəfə o zamanda gerçəkləşdi, min dəfələrlə də gerçəkləşə bilər. Amma şərti var; şərti odur ki, ayənin ilk hissəsi gerçəkləşməlidir:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِAllah aranızdan iman gətirib yaxşı işlər görənlərə (yəni imanın öhdəliklərlərinə əməl edənlərə) vəd vermişdir ki, لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ– onları yer üzünün canişinləri edəcək.[22]كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْNecə ki, onların özlərindən əvvəlki möminləri canişin etmişdir.

Biz möminlərin elə dünyanın əvvəlindən həmişə məzlum və xar olduqlarını güman etmişik. Müsəlmanların dünyagörüşü və tarixi məlumatlarına görə, müsəlman və mömin olmaq, Allah yolunda qədəm götürmək həmişə əzab-əziyyətlər, işgəncələr və məğlubiyyətlərlə nəticələnmişdir. Quran isə tamamilə bunun əksini buyurur. Biz haçansa bunu izah etmişik[23] ki, din yarandığı gündən bu günə qədər daim tərəqqi etmiş, nəzərimizcə, indiyə qədər bir addım belə geridə qalmamışdır. Geridəqalmışlıq kimi təsəvvür edilənlər, əslində tərəqqidir.

Hər halda, yer üzü və ona rəhbərlik siz möminlərə məxsusdur; necə ki, sizdən əvvəlki möminlərin ixtiyarında olmuşdur.

وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ

Allah onlar üçün din və ayinlərini möhkəmləndirəcək, o din və ayin ki, Allah Özü onlar üçün bəyənib və layiq görüb. Yəni, dünya və axirəti, indini və gələcəyi, cisim və ruhu, bir sözlə, hər bir ehtiyacı təmin edən həmin İslam dinini sizin üçün bəyənib.

وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا

Onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcək.Görəsən, bu əmin-amanlıq sayəsində nələr baş verəcək? Onun sayəsində yay fəslində bağçada əyləşib samovar çayımı içəcəklər? Əmin-amanlıq budurmu? Bu əmin-amanlıqla rahat, lüks və tənbəl həyatamı sahib olacaqlar? Xeyr! Həmin əmin-amanlıq sayəsində insan son mənzilə – təkamülə, Allaha bəndəçilik etməyə, Ona müti olmağa, bəndələrə kölə olmaqdan qurtulmağa və beləcə, təkamül yoluna daha da yaxınlaşacaq. Bu sözlərin hər birinin ayrıca bəhsə ehtiyacı var.

يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا

“Mənə ibadət etsinlər və heç bir şeyi Mənə şərik qoşmasınlar.Ayənin sonunda isə xatırladır ki, iman gətirdikdən sonra küfr edənlər və Allaha şərik qoşanlar, şübhəsiz ki, əsl fasiqlərdir! Dindən çıxana fasiq deyilir.[24]

İlahi, dediklərimiz və əməl etdiklərimizdə qəlbimizi saflaşdır, hamısını Özünə xatir qəbul et!

İlahi, Muhəmməd və ali-Muhəmmədə xatir, tövhid dolu həyatın ləzzətini bizə dadızdır!

İlahi, Muhəmməd və ali-Muhəmmədə xatir, şirki qəlbimizdən uzaqlaşdır!

İlahi, Muhəmməd və ali-Muhəmmədə xatir, Öz xeyrini bizdən əsirgəmə, məğrurluğu, bəlaları, bədbəxtlikləri və çirkinlikləri müsəlmanların arasından qaldır!

İlahi, müsəlmanların düşmənlərinin başlarını özlərinə qat!

 

 

Xülasə

Bazar ertəsi – Ramazan ayının 6-cı günü

İMAN VƏ ÖHDƏLİKLƏRİN İCRASI

Keçən məclisdə tilavət olunan ayələrə əsasən, doğru imanın öhdəliklərlə birgə olduğunu anladıq və onun üzərində düşündük.

Yalnız şəxsi mənafe ardınca olan kəslər imanın məsuliyyətlərinə icrası lazım olan öhdəliklər gözü ilə baxmırlar. Onlar bu öhdəliklərə şəxsi mənafeləri, təcavüzkar maraqlarına xidmət etdiyi vaxta qədər boyun əyir, əks-təqdirdə, etinasızlıq və laqeydliklə bir kənara atırlar.

Quran mədəniyyəti çətin günlər üçün qəlblərinin bir guşəsində bu iman mayasından zəxirə edən belə insanları açıq-aşkar imansız adlandırır.

Allahın möminlərə vəd etdiyi səadət, xoşbəxtlik, qələbə və üstünlük o kəslərə aiddir ki, hər bir halda və hər zaman dini mükəlləfiyyətlər müqabilində məsuliyyət hiss edir, onlara əməl edirlər. Aşağıdakı ayələr bu məsələ ilə bağlı Quranın aşkar nidasından ibarətdir:

لَقَدْ أَنزَلْنَا آيَاتٍ مُّبَيِّنَاتٍHəqiqətən, Biz açıq-aydın ayələr nazil etdik.

وَاللَّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍAllah istədiyi şəxsi doğru yola yönəldər.

وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا“Allaha və Peyğəmbərə iman gətirdik və itaət etdik!” – deyərlər.

ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِّنْهُم مِّن بَعْدِ ذَلِكَBu iddiadan sonra isə onlardan bir dəstə (dinə təslim olmaqdan) üz çevirər.

وَمَا أُوْلَئِكَ بِالْمُؤْمِنِينَBelələri mömin deyillər.

وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْOnlar (Peyğəmbərin) aralarında hökm yürütmək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqda,

إِذَا فَرِيقٌ مِّنْهُم مُّعْرِضُونَonlardan bir dəstə dərhal üz çevirər.

وَإِن يَكُن لَّهُمُ الْحَقُّ يَأْتُوا إِلَيْهِ مُذْعِنِينَƏgər (hansısa bir hadisədə) haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər.

أَفِي قُلُوبِهِم مَّرَضٌOnların qəlblərində mərəzmi var?

أَمِ ارْتَابُواYaxud onlar dində şəkkə düşdülərmi?

أَمْ يَخَافُونَ أَن يَحِيفَ اللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُYaxud da Allahın və Peyğəmbərinin onlara zülm edəcəklərindən qorxurlar?

بَلْ أُوْلَئِكَ هُمُ الظَّالِمُونَXeyr, (həqiqət odur ki,) onlar özləri zülmkardırlar!

إِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِينَ إِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْAralarında hökm (və qəzavət) etmək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq:

أَن يَقُولُوا سَمِعْنَا وَأَطَعْنَا“Eşitdik (anladıq) və itaət etdik!” – deməkdən ibarətdir.

وَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ.Hədəf və səadətə çatanlar da məhz onlardır!

وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُAllaha və Onun Peyğəmbərinə itaət edənlər,

وَيَخْشَ اللَّهَ وَيَتَّقْهِAllahdan qorxub çəkinənlər,

فَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَməhz belələri uğura çatanlardır.

“Nur” surəsi, ayə 46-52.

Nəhayət, növbəti ayədə “ilahi xilafət”in, dünyaya siyasi hakimiyyətin və ideal islami cəmiyyətin təşkilnin könüloxşayan vədi iman və əməllə şərtlənir:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِAllah aranızdan iman gətirib yaxşı işlər görənlərə (yəni imanın öhdəliklərlərinə əməl edənlərə) vəd vermişdir (və müjdələmişdir) ki,

لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ– həqiqətən də, onları yer üzünün xəlifə və canişinləri edəcək; necə ki, onların özlərindən əvvəlkiləri canişin etmişdir.

وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْOnlar üçün Özü bəyəndiyi dinini möhkəmləndirəcək.

وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًاOnların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcək ki,

يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًاMənə ibadət etsinlər və heç bir şeyi Mənə şərik qoşmasınlar.

“Nur” surəsi, ayə 55.

 

 

 

 



[1]. “Bəlağatun-nisa”, səh.173.

[2]. “Bəqərə” surəsi, səh.85.

[3]. Şiənin dörd mötəbər kitabının məcmusuna “Vafi” deyilir və müəllifi Mərhum Feyz Kaşanidir. O (1007-1091 h.c.) Molla Möhsin Feyz kimi tanınır, fəqih və hədisşünas alim, mütəfəkkir və filosof olmuşdur. Molla Məhəmmədtəqi Məclisi, Şeyx Bəhayi, Mirdamad, Mirfendreski, Molla Sədra kimi böyük ustad və filosofların hüzurundan bəhrələnmişdir. O, həcc səfərindən qayıtdıqdan sonra, Kəhək kəndinə getmiş və həmin kənddə məskunlaşan Molla Sədradan bəhrələnmişdir. Molla Sədra vəfat etdikdən sonra Kaşan şəhərinə köçmüş, təlim və tədris işləri ilə məşğul olmuşdur. “Təfsiri-Safi”, “Vafi”, “Elmül-yəqin fi üsulid-din” və “Muhəccətul-bəyza” onun məşhur əsərlərindəndir.

[4]. “Nur” surəsi, səh.50.

[5]. Yalançı məhəbbət, yalançı və riyakarcasına göz yaşları.

[6]. “Biharul-ənvar”, “Əl-fitənu vəl-mihən” başlığı, Osmanın ölümündən sonrakı hadisələr.

[7]. “Ali-İmran” surəsi, səh.164.

[8]. “Nəhcül-bəlağə”, Sübhi Saleh, xütbə 1.

[9]. “Kitabi-Süleym ibn Qeys Hilali”, hədis 26.

[10]. Hücr gənc çağlarında qardaşı Hani ilə bilikdə Mədinəyə gəlib İslamı qəbul etdi və sonralar da Əmirəlmöminin Əlinin (ə) səhabələri sırasına qatıldı və o Həzrətin ordu sərkərdəsi oldu. O, Kufənin hakimi ilə həmkarlığa razılıq vermədiyi üçün bir neçə dostu ilə birlikdə “Müaviyənin əleyhinə qiyam və təxribat” adı ilə şəhadətə yetirildi.

[11]. Rüşeyd Əmirəlmöminin Əli (ə), İmam Həsən (ə) və İmam Hüseynin (ə) xas səhabəsi və sirdaşı idi. Əmirəlmöminin Əlidən (ə) insanların ölüm əhvalatı və gələcək hadisələrlə bağlı qeybi məlumatları öyrənmişdi. Mövlası ona buyurduğu kimi, əl-ayaqları və dili kəsilmiş halda dar ağacından asıldı və şəhadətə yetdi.

[12]. Meysəm ibn Yəhya Əmirəl-möminin Əlinin (ə) əli ilə azad olunmuş bir qul və o Həzrətin xas səhabələrindən idi. Xurma satmaqla məşğul olduğundan “Təmmar” (xurmasatan) ləqəbi ilə məşhulaşmışdı. O, Quran təfsiri ilə yanaşı, Əmirəl-möminin Əlidən (ə) ölüm və bəlalarla bağlı elmi də mənimsəmişdi. Übeydüllah ibn Ziyad Kufəyə hakim gəldikdən sonra Meysəmi Əmirəlmöminin Əlinin (ə) ona göstərdiyi xurma ağacından dara çəkidi və şəhadətə yetirdi.

[13]. Ömər ibn Əbdüləziz İmam Səccadın (ə) imaməti zamanında Mədinə şəhərinin hakimi idi. 99-cu hicri-qəməri ilində xəlifə seçildi və yalnız iki il hakimiyyətdə qaldı. O, hakimiyyətə çatdıqdan sonra keçmiş xəlifələrin əksinə olaraq yumşaq siyasət yürütdü, xalqla mülayim rəftar etdi. Müaviyənin vaxtından minbərlərdə Əmirəlmöminin Əlinin (ə) lənətləməsinə qadağan qoyması, Fədəki Əhli-beytə (ə) qaytarması, hədis yazmaq qadağasını ləğv etməsi, Ələvilərlə mülayim davranması onun müsbət işlərindən idi.

[14]. Əbdülməlik ibn Mərvan 65-ci hicri-qəməri ilində Hicaz və İraq Zübeyr sülaləsinin hakimiyyəti altında olduğu halda, hakimiyyətə gəldi. Xəlifə olmamışdan öncə ibadət əhli kimi tanınırdı, lakin xəlifə olduqdan sonra ondan hiyləgərlik və qan tökməkdən başqa, bir şey görünmədi. O, Həccac ibn Yusif Səqəfi kimi qəddar bir sərkərdə ilə bütün İslam ərazilərinə hakim oldu və iyirmi il hakimiyyət etdi.

[15]. Tərk edən. İmamların zamanında onların şiələrinə verilən ad.

[16]. Şüreyh ibn Haris ikinci xəlifə Ömərin vaxtından Kufənin qazısı idi. Əmirəlmöminin Əli (ə) xilafətə gəldikdən sonra, hökmləri o Həzrətin məşvərəti ilə icra etmək şərti ilə onu bu vəzifədə saxladı. O, dünyapərəst insan idi. Əmirəl-mömin Əli (ə) “Nəhcül-bəlağə”nin üçüncü məktubunda onu 80 dinarlıq evə görə danlayır, məzəmmət edir. Şüreyh, Übeydullah ibn Ziyad Kufəyə daxil olduqdan sonra, ona qoşuldu. Hani ibn Ürvənin sağ olduğu haqda yalan məlumat verib onun qəbiləsini Übeydullahın sarayından uzaqlaşdırdı. İmam Hüseynin (ə) qanını halal bildi. Sonralar isə Həccac Kufəyə hakim olduqda, ona yaxın insanlardan oldu.

[17]. Məhəmməd ibn Şahab İmam Səccadın (ə) şagirdlərindən idi ki, hakim dairələrə satıldı. O, Ömər ibn Əbdüləzizin əmri ilə (hədis qadağasından sonra) hədis yazıb-toplamağa başlayan ilk şəxsdir.

[18]. Əbu Yusif Yəqub ibn İbrahim Bağdad şəhərinin “qazılar qazısı” (113-182) idi. Gənc çağlarında Əbu Hənifənin şagirdi olmuşdu. Mehdi Abbasi, Harun Ər-Rəşid və Hadi Abbasinin xilafəti dönəmində on səkkiz il Bağdad şəhərinin qazısı oldu.

[19]. “Nur” surəsi, ayə 46-52.

[20]. “Qaf” surəsi, ayə 37.

[21]. “Nur” surəsi, ayə 55.

[22]. Əlimdəki Quranın tərcüməçisi Quranın tərcüməsində böyük səhvlərə yol verib. Bir səhv indi gözümə çarpdı. Bu ayədə qeyd olunan “fil-ərz” (yer üzündə) ifadəsini “bu məntəqədə” tərcümə etmişdir və bu yanlışdır. Bu məntəqə, yəni Ərəbistan yarımadası. Möminlər nəinki Ərəbistan yarımadasına, onun kimi 40-50 məntəqəyə də hakim oldular. “Fil-ərz” ifadəsi “yer üzündə” mənasını ifadə edir. Bunu xatırlamaqda məqsədim oldur ki, bəzi tərcümələrdə yol verilən belə səhvlər çaşqınlığa səbəb olur. Əlbəttə, biz kimsə haqqında bədgüman deyilik; amma görəsən, tərcüməçi “bu məntəqədə” sözündə onun digər məntəqəyə aid etmədiyini, yəni əməlisaleh möminlərin yalnız Hicaz məntəqəsinə hakim olacaqları, Rey, Rum, Bağdad, Əndəlüs və s. məntəqələrə isə hakim olmayacaqlarını nəzərdə tutubmu? Biz deyirik ki, inşallah, məqsədi bu deyil. Əlbəttə, bu tərcüməçinin kim olduğunu da bilmirəm.

[23]. İki-üç il öncə “Mirzə Cəfər” mədrəsəsində hansısa əlamətdar münasibətlərin birində bu haqda iki-üç gün danışmışam.

[24]. “Nur” surəsi, ayə 55.

 

Google+ WhatsApp ok.ru