Quranda İslami təfəkkür tezisi kitabı - 14-cü məclis (AUDİO)

Quranda İslami təfəkkür tezisi kitabı - 14-cü məclis (AUDİO)

NÜBUVVƏTİN FƏLSƏFƏSİ

 

Çərşənbə – 1974-10-02

Ramazan ayının 15-i.

بسم الله الرحمن الرحيم

يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ. هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ

Göylərdə və yerdə nə varsa, mülkün sahibi (və hökmdar), müqəddəs, yenilməz qüdrət və hikmət sahibi olan Allaha zikr deyir! Savadsız cəmiyyətə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) onlara Onun (Allahın) ayələrini oxuyur, onları saflaşdırır, onlara kitabı və hikməti öyrədir.Halbuki, onlar əvvəllər haqq yoldan açıq-aşkar azğınlıqda idilər.

“Cümə” surəsi, ayə 2-3.

 

Biz nübuvvətlə bağlı Qurani-Kərimin bir neçə mübarək ayəsinə istinadən müxtəlif məsələlər haqqında danışmağı nəzərdə tutmuşuq. Əlbəttə, qardaşlar bilirlər ki, əgər ona prinsip adı verə biləriksə, nübuvvət bütün dinlərin ən başlıca prinsiplərindən biridir. Hətta ondan da üstündür. “Əgər ona prinsip adı verə biləriksə” – ifadəsində məqsədim bu deyil ki, onun prinsip olduğunu kimsə inkar edir, xeyr, əksinə prinsipdən də üstündür. Ümumiyyətlə, dinə nübuvvətsiz etiqad mənasızdır. Allah tərəfindən peyğəmbərin (xəbər gətirən bir şəxsin) vasitəsilə göndərilən hər bir ayin, məktəb və məsləkə “din” deyilir. Demək, peyğəmbər və onun Allah tərəfindən gəlişi dinin fundamental bir əsası, möhkəm dayağıdır. Beləliklə, burada dinin ən mühüm bir təməli olan nübuvvət haqqında bəhs etməyimiz zəruridir.

Nübuvvətlə bağlı geniş yayılmış bir sıra silsilə bəhslər vardır. Siz bu mövzu ilə əlaqədar qələmə alınmış hər bir kitaba müraciət etsəniz, həmin bəhsləri orada görəcəksiniz. Biz bu silsilə bəhslərimizdə kitablarda göstərilmiş həmin bəhslərdən yalnız birini xüsusi metodla qeyd edəcəyik; o da bizim bugünkü bəhsimizdən ibarətdir və tilavətimizin mövzusunu təşkil edir. Nübuvvətlə bağlı bütün teoloji kitablarda bəhs olunan digər mövzulara gəldikdə isə, nəzərimizcə, öz yerində doğru-düzgün və lazımi mövzular olsa da bizim də belə bir şəraitdə və qısa zaman çərçivəsində həmin mövzular haqqında danışmağmıza ehtiyac yoxdur. Onlar da zəruri mövzulardır, lakin onların içindən hansı daha zəruri və həyati əhəmiyyətlidirsə, öncə onu nəzərdən keçirib araşdırmalı, sonra isə növbəti məsələlərə yer ayırmalıyıq.

Misal üçün, nübuvvət bəhsində peyğəmbərin ilahi və insani elmlərə nə dərəcədə yiyələnməsi haqda xüsusi olaraq bəhs olunur. Görəsən, bizim Peyğəmbərimiz (s) natiqi-Quran olduğu halda, yazıb oxumağı da bacarırdımı?

وَمَا كُنتَ تَتْلُو مِن قَبْلِهِ مِن كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ إِذًا لَّارْتَابَ الْمُبْطِلُونَ

(Ey Peyğəmbər!) Sən bundan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar şəkk-şübhəyə düşərdilər.[1]

Peyğəmbər (s) nə yazır, nə də oxuyurdu. Görəsən, bacarmadığı üçün yazıb oxumurdu? Müasir ifadə ilə desək, tamamilə savadsız idimi? Yoxsa, yazıb oxumağı bacarırdı, amma nə yazır, nə də oxuyurdu? Bu da ayrıca bir bəhsdir. Yaxud da, İslam Peyğəmbəri (s) peyğəmbərliyə çatmamışdan öncə, hansı din və ayinə xidmət edir, etiqad bəsləyirdi? Bu da bir bəhsdir. Amma bu və ondan öncəki bəhslər bizə nə qədər lazımdır? Cavab mənfidir.

Əlbəttə, insan din və nübuvvətlə bağlı hər bir məsələni bilərsə, sonda Peyğəmbərin (s) də peyğəmbərliyindən öncə hansı dinə xidmət etdiyini öyrənərsə, heç bir maneəsi yoxdur. Biz isə hələ küçənin başındayıq. Bizim cəmiyyətimiz hələ nübuvvət və besətin mənası, onun yolu, hədəfi və şüarı haqqında məlumatsızdır, onların hələ bu vəziyyətdə olduqlarından xəbərsizdir. Müsəlman şəxs Peyğəmbərin (s) besətinin hədəfini, missiyasını bilmir. Əgər besətin hədəfi haqqında məlumatı olsaydı, onun ardınca gedərdi. Biz nübuvvətlə bağlı hələ müqəddimə məlumatlar, ilkin və önəmli məsələlərdə ilişib qalmışıqsa, cüzi, dördüncü və beşinci dərəcəli məsələləri araşdırmağımızın nə mənası var? Odur ki, sxolastların uyğun kitablarda nübuvvətlə bağlı bəhs etdiyi məsələlərdən vaz keçirik. Maraqlananlar onların qələmə aldığı kitablara müraciət edə bilərlər. Əlbəttə, həmin məsələlərin araşdırılmasına ehtiyac olsa da, bizim bu gün bəhs edəcəyimiz məsələlərlə müqayisədə növbəti sıralarda yer tutur, ona görə də onlar haqqında bəhs etməyəcəyik.

Burada bəhs edəcəyimiz ilk məsələ nübuvvətin fəlsəfəsidir. Nə üçün peyğəmbər olmalıdır? Nə üçün insanın hidayəti üçün Allah tərəfindən kimsə göndərilməlidir? Məgər insan özü (peyğəmbərsiz) hidayət ola bilməzmi? Məgər bəşər elmi və şüuru kifayət etmirmi? Peyğəmbər nə üçündür? Bu məsələləri mütləq bilməliyik. Əgər nübuvvətin fəlsəfəsini bilməsək, digər uyğun məsələləri də bir həddə anlaya bilməyəcəyik. Elə isə öncə nübuvvətin fəlsəfəsini öyrənməliyik. Bu, bizim əlinizdəki vərəqdə qeyd etdiyimiz birinci bəhsimizdir. Bu məsələni qısa və lakonik qeyd etmişik və elə bu gün ona aid ayələri də tilavət edəcəyik.

Nübuvvətin fəlsəfəsi haqda çox danışmayacağıq; bir kəlmədir, o da budur ki, insanın hissləri, instinktləri və əqli doğru yolu tanımaqda acizdir. Bəzi varlıqlar öz hissləri ilə idarə olunurlar, bəzi heyvanları buna misal göstərə bilərik; belə ki, onlar yalnız öz zahiri hisslərindən kömək alırlar, adətən, heyvanların çoxu belədir. Bal arısının instinkti ona deyir ki, ətirli gül üzərinə qonmalı, onun ətri və şirəsini sormalı, yuvası və pətəyinə doğru hərəkət etməli, yuvaya xüsusi nizam-intizamla girib-çıxmalıdır; onlar şahzadə arı, köməkçilər və gözətçilərdən ibarət xas arı mədəniyyətinə sahibdirlər. Əgər arıların bir yerə toplaşıb, arı rəhbərlərindən ibarət böyük bir konfrans təşkil etdiyini, yuvalarını necə tikəcəkləri haqda müzakirə apardıqlarını, biri səkkizbucaqclı, başqası dördbucaqlı, bir başqası isə altıbucaqlı tikilidən söz açdığını və sonda altıbucaqlı tikilini münsib gördüklərini təsəvvür edirsinizsə, diqqətinizə çatdırmalıyıq ki, belə deyil, yanlış təəvvür etmisiniz.

وَأَوْحَى رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ. ثُمَّ كُلِي مِن كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik (pətəklər sal); sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla hərəkət et![2]

Bu, Allahın bal arısına vəhyidir. Allahın bal arısına vəhyinin mənası bu deyil ki, vəhy mələyi Cəbrail (ə) ona nazil olur. Bal arısının anatomik quruluşu və instiktiv hissləri belədir, onu çəkən bir hiss var, o, bu işdən başqa bir iş görə bilməz, işlərində təbii və instinktiv olaraq məcburdur və mütləq bu şəkildə ev tikməli, gül üzərinə qonub onun şirəsini sormalıdır. Bunun əksini etdikdə – şirəni ətirli gül-çiçəklərdən deyil, pisqoxulu bitkilərdən gətirdikdə, elə oradaca öldürülür. Bunları tələb edən onların fitrəti və instiktiv hissləridir.

İnstinkt bal arısı üçün kifayətdir. Moris Meterlink[3] bal arısı və qarışqlar ailəsi haqqında illərlə düşünmüş və tədqiqatlar aparmışdır. Sizin bu qədər gileyləndiyiniz bu qarışqaların özünəuyğun və özünəməxsus formada yaşayış tərzi var. Onlar sizin evlərinizin içində – qəsbi yerdə yuva qurur və öz işləri ilə məşğul olur, siz isə buna görə narazılıq edirsiniz. Maraqlıdır ki, müasir qarışqa və yaxud bal arısının yuva və pətəklərini Həzrət Nuhun (ə) dövründəki və yaxud ondan on əsr öncəki yuva və pətəkləri ilə (Məşhədin gözəl ab-havası olan yaylaqlarından birində onları yanaşı qoyub) müqayisə etsəniz (və yaxud edə bilsəniz), onların arasında iynə ucu qədər fərq olmadığına şahid olacaqsınız; bal arısı, eləcə də, digər həşəratların işlərində heç bir təkamül, inkişaf və tərəqqi yoxdur. Onu işə sövq edən, ona hərəkət verən və maneələri göstərən yalnız instinktdir, yaradılış təbiəti və fitrətinin ilhamıdır.

İnsan isə instinktdən çox az bəhrələnir. Onun dünyaya göz açdığı günkü hökmü (durumu) eynilə heyvanlar kimidir; instinkt, fitrət və təbiətinin istiqaməti ilə qida mənbəyini anasının sinəsində tapır və süd vəzisini sormağa başlayır. Halbuki, onu heç kimdən öyrənməmiş, kimdənsə eşitməmiş, hardasa görməmişdi. Bu, onun instinktidir. İnsan uşaqlıq mərhələsindən çıxdıqca, onun instinkt silahı tədricən zəifləyir və təsirdən düşür, onun yerini “ağıl” və “şüur” adlı daha güclü, daha təsirli qüvvə doldurur və beləcə, insan ağıllanır, artıq o zaman instink qüvvəsi işləmir, ona filan saatda dükanı açıb-bağlamağı, müştəriyə necə cavab verməyi, necə dərs oxumağı və tədris etməyi deyən instinkt qüvvəsi deyil, bu təlimlər ağıl və şüurun bəhrəsidir. Ağıl və şüur vasitəsilə öyrənir və həyat yolunu tapır.

Görəsən, insanın bu şüur və ağlı onu hidayət etmək və xoşbəxtlik mənzilinə aparmaq üçün kifayətdirmi? Bəşər əqli onun doğru yola yönəlməsi üçün bəs edirmi? Təəssübkeşlik və qərəzçilikdən uzaq, azacıq fikirləşsə və ağlını işlətsə, “Xeyr!” – deyə cavab verəcək. Eynilə özünün səlahiyyətsizliyinə hökm verən məhkəmə tək “Mənim mühakimə yürütməyə səlahiyyətim və ləyaqətim yoxdur!” – deyə çıxış edəcək. Qərəzsiz insan ağlı hökm verir ki, mənim müstəqil şəkildə insanlığı hidayət etməyə səlahiyyətim yoxdur. Dəlil-sübut istəyirsinizmi? Buna iki dəlil-sübutumuz var: Biri odur ki, bəşərin ehtiyacları sonsuz olduğu halda, əqli sonsuz deyildir, məhduddur. Hansı ağıl bütün ehtiyacları anlayıb onları təmin edə və onun təminatı istiqamətində qanun çıxara bilər? İnsan ağlı bu işdə zəif və gücsüzdür, bütün probemləri və onun münasib həllini tanıyıb kəşf etməkdə acizdir.

Növbəti dəlil-sübut isə budur: Elmi-tarixi həqiqətlərə baxın, kimin ağlı bəşərin idarəsində bacarıqlıdır? Aristotel, Platon və Sokrat kimilərin ağılları belə bunu bacarmadı. Mütəfəkkir Platon oturub düşündükdən, məsləhətləşdikdən və mütaliə edib araşdırdıqdan sonra, vətəndaş cəmiyyətilə bağlı yalnız öz dərdinə dəyən, öz beyni və daxili yaddaşında qalan əsasnamə tənzimləyir, amma dünyada bir an belə icra olunmur. Siz bu gün onun əsasnaməsinə baxsanız, əsla qəbul etməyəcək və bunu məsxərə hesab edəcəksiniz.

Əqli-fəlsəfi məktəblərə baxsanız, bir-birinin müqabilində dayandığının şahidi olacaqsınız. Baxın, insanlıq ağıldan üstün və dərin bir mənbəyə birləşməsə, hidayət və səadət yoluna çata bilməz. Nübuvvətin mənası budur: İnsan üstün bir qüvvə, ağıl, hiss və instinktdən güclü bir hidayət vasitəsinə möhtacdır. Bu hidayət vasitəsinin işi nədir? Sizin hissinizlə rəqabət aparmaqdırmı? Sizin instinktinizə qarşı çıxmaqdırmı? Sizin başınızı daşa vurmaqdırmı? Əsla! O, sizin ağlınızı istiqamətləndirmək, çiçəkləndirmək və dəfn olunmuş ağlınızı torpaq altından çıxarmaq üçün gəlir.

Bəşəriyyətin rəhbəri, müəllimi və görkəmlisi Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Allah peyğəmbərlər göndərdi ki, insanlara fitrətin əhd-peymanına sadiq qalmalarını və unudulmuş nemətləri xatırlatsınlar.

وَ يُثِيرُوا لَهُمْ دَفَائِنَ الْعُقُولِ

“(Allah peyğəmbərləri göndərdi ki,) insan varlığındakı ağıl xəzinələrini (gizlənmiş ağılları) üzə çıxararaq işə salmalarını xatırlatsınlar.”[4]

Peyğəmbərlər gəliblər ki, insanların fironlar, nəmdurlar, qüdrət və sərvət sahibləri tərəfindən dəfn olunmuş ağıllarını, şüur və düşüncələrini çiçəkləndirsin, onları ayıltsınlar. Firon insanın ağıllı olmasını, düşünməsini istəmirdi. Çünki düşünən insan onun varlığını batil biləcəkdi. (Bunu növbəti bəhslərimizdə izah edəcəyik, inşallah! Firon camaatın ağıl qüvvəsini işə salmasını istəmirdi, odur ki, onların ağlını dəfn edirdi. “Necə dəfn edirdi?” – sualını gələcək söhbətlərimizdə cavablandıracağıq, inşallah!) Peyğəmbərlər gəliblər ki, bu gizli xəzinəni üzə çıxarıb saflaşdırsınlar və insanların ixtiyarında qoysunlar.

Demək, vəhy qüvvəsinə sahib olan peyğəmbərlər ağılla döyüşmürlər. Dinin ağılla ziddiyyət təşkil etdiyini güman edənlər ya dinlə tanış deyil, ya da özləri ağılsızdırlar. Ağlı sınaqdan və təcrübə süzgəcindən keçirən şəxs dinin bəşər elmi və əqlinə əsla zidd olmadığını çox yaxşı bilir. Dinin dediklərini sağlam ağıllar anlayır və bəyənir. Dinin müdafiəsi adı ilə danışan nadanlar bəzən deyirlər ki, dində dəlil-sübut axtarmayın, dini məsələlərin isbatı üçün fəlsəfə tələb etməyin. Onlar elə düşünürlər ki, bu söz (fəlsəfə ardınca olmaq, dəlil-sübuta istinad etmək) dini qiymətdən salır. Onlar yanıldıqlarını anlamalıdırlar. Düzgün din kamil ağılla təqdim edildikə, əsla ziddiyyət təşkil etməyəcək. Bu gün böyük ağıl sahibləri dinin tövhid, nübuvvət, namaz, oruc, zəkat və digər məsələlərini başa düşürlər.

İnsan ağlı və elmi təcrübəsi alkoqollu içkilərin zərərlərini, cismə, sinir sisteminə, ruhiyyəyə və cəmiyyətin ümumi durumuna əks təsirlərini anlayırsa, nə üçün mən də cürət edib Quran ayəsini qüdrətlə oxumamalıyam:

إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ

“Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan çirkin bir şeydir. Bunlardan çəkinin.”[5]

Nə üçün Qurana müraciət etməməliyəm? Nə üçün bəşər elminin anladığı məsələdə Qurana istinad etməməliyəm? Nə üçün onların şeytan əməllərindən olduğunu açıqlamamalıyam? Nə üçün deməməliyəm ki, sizə yol göstərənlər və şərab içənin şərabxorluğundan bəhrələnənlər şeytanlardır?

Eşitmisiniz ki, İmam Səccad (ə) buyurmuşdur:

إِنَّ دِينَ اَللَّهِ عَزَّ وَ جَلَّ لاَ يُصَابُ بِالْعُقُولِ اَلنَّاقِصَةِ

“Həqiqətən, Allah-Taalanın dinini naqis əqllərlə dərk etmək olmur.”[6]

Necə dərk etmək olmur? Yəni, (misal üçün,) zöhr namazının dörd rükət olduğunu sübut edən bir rəvayət olmazsa, onun neçə rükət olduğunu ağılla başa düşmək olmaz. Bu, həqiqətən də, düzgün bir sözdür. Əgər Quranın bu ayəsi:أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ Günortadan gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. – olmasaydı, namazın vaxtını əqli yolla, adi şüur və düşüncənlə təyin edə bilməzdin. Bunu bizə vəhy – Quran və hədis deməlidir. İmam Səccadın (ə) məqsədi və kəlamının zahiri mənası budur! “Həqiqətən, Allah-Taalanın dinini naqis əqllərlə dərk etmək olmur.” – kəlamının mənası bu deyil ki, dini hökmləri və maarifi əqli düşüncə ilə əldə edə bilmərik; necə ki, bir qrup nadan insan dini müdafiə etmək məqsədilə fəryad çəkərək deyirlər ki, dinin fəlsəfəsinə toxunmayın. Axı nə üçün? Nə üçün toxunmayaq? Əlbəttə, həmişə demişik və etiraf etmişik ki, bizim anladıqlarımız dini maarifin mində biri də deyil. Bizim tətbiq və izah etdiklərimiz həqiqətlə müqayisədə çox azdır. Bunda heç bir şəkk-şübhə yoxdur. Bəşər tarixinin şaquli xəttini nəzərdən keçirsək, 200-500 il sonra bəşəriyyətin dinin dərinliklərinə imanı, yəqini və etirafı keçmişlə müqayisədə daha çox olub.

Bir sözlə, din ağılı məhkum və batil etmək, həyatdan kənarlaşdırmaq üçün gəlməyib. Bəs nə üçün gəlib? Əqli hidayət etmək, ona bələdçi olmaq və kömək etmək üçün. Əgər insanın əqlinin kənarında nəfsi istəyi, tamah və hərislik varsa, düzgün mühakimə yürüdə bilməz, həqiqəti düzgün analiz edə bilməz; onunla yanaşı qərəzçilik varsa, düzgün anlaya bilməz. Din gəlib ki, nəfsin istəklərini, hərislik və tamahkarlıqları, qorxu və qərəzçilikləri əqlin üzərindən götürsün, sağlam və kamil əqli gücləndirsin, yaxşı dərk etməsi üçün ona yardmçı olsun. Siz İslama müraciət etsəniz, onun başlanğıcından sonuna kimi əqli cilvələrlə dolu olduğunu görəcəksiniz. Qurani-Kərimdə أَفَلَا تَعْقِلُونَ“Məgər dərk etmirsinizmi?”, أَفَلاَ تَتَفَكَّرُونَ“Məgər düşünmürsünüzmü?”,إِنَّ فِي ذَلِكَ لَآيَةً لِأُوْلِي الْأَلْبَابِ“Həqiqətən, bu hadisədə ağıl sahibləri üçün bir nişanə vardır.” – ifadələri kifayət qədərdir. Rəvayətlərdə də إن لله على الناس حجّتَينْ“Həqiqətən, Allahın insanlar üzərində iki höccəti vardır, biri peyğəmbər, digəri isə əqldir.” – ifadəsi az işlənməyib. (Əql barəsində qeyd etdiklərimizlə kifayətlənirik.)

Bir sözlə, unutmayın ki, insan vəhy bələdçiliyi olmadan, vəhydən kömək istəmədən səadət və xoşbəxtlik mənzilinə çata bilməz. Vəhy isə instinkti və zahiri hissləri məhkum etmədiyi kimi, əqli də məhkum etmir, əksinə zahiri hissləri, insani meyilləri, əql və idrak qüvvəsini gücləndirir, saflaşdırır, ona istiqamət verir və öyrədir. Bu, vəhyin missiyasıdır. Beləliklə, nübuvvətin fəlsəfəsi budur.

Biz naqis olduğumuzdan, hidayət olmağımız üçün əqlimiz kifayət etmir, ona görə də qeybi yardım vasitəsilə hidayət olunmalıyıq. Məhz burada qeybi yardıma ehtiyac var, yoxsa, qeybi yardım acdığımız və bir tikə çörəyə ehtiyac duyduğumuz zamana aid deyil, o zaman təəssüf və həsrət hissi ilə qeybi yardımın intizarında əyləşməyin mənası yoxdur. Həmçinin, ilahi vəzifələri yerinə yetirmədiyimiz, yaxşılığa dəvət etmədiyimiz, pislikdən çəkindirmədiyimiz, Allah yolunun yolçusu olmadığımız zaman da qeybi yardımın intizarında əyləşməməliyik. Quranın bu ayələrində buyurulanın icrası üçün qeybi yardımmı gözləməliyik?:

أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ. فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ. وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ

(Ey Peyğəmbər!) Allahın dinini və Qiyamət gününü təkzib edəni gördünmü?O, həmin o kəsdir ki, yetimi hiddətlə qovar və (heç kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz.[7]

قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ. وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ.

Onlar (Cəhənnəm əhli) deyəcəklər: “Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik.””[8]

 وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ

Qiyamət gününü təkzib edərdik.[9]

Qurani-Kərimə görə, dini təkzib edənlər o kəslərdir ki, yetimləri yedizdirmir və insanları da yoxsulları yedizdirməyə rəğbətləndirmirlər. İslam geniş prizmada və dərin düşüncə ilə yoxsulluğu aradan qaldırmaq istəyir. Özünü bu ayələrlə tətbiq etməyən, yoxsulluğun aradan qalxması, onun kökünün kəsilməsi üçün addım atmayan və bu istiqamətdə yalnız qeybi yardımın intizarında əyləşən insan bilməlidir ki, əgər qeybi yardım gələrsə, öncə elə onun özünü məhkum edəcək, fasid və batil varlıqları aradan qaldıracaq. Bəli, qeybi yardıma ehtiyac var, lakin qeyd etdiyimiz kimi, insanın hidayəti üçün ona ehtiyac vardır. Həmin qeybi yardım peyğəmbərdir, nübuvvət əlidir; insanların hidayəti və əql qüvvəsini çiçəkləndirmək üçün göndərilən risalət məqamıdır.

Burada bir neçə məsələ qarşıya çıxır və onlardan bir neçəsini qısa şəkildə qeyd etmişəm.[10] Biri də budur: Nübuvvətin mənası nədir? Onun besətlə rabitəsi nədir? “Peyğəmbər göndərildi.” – dedikdə, nə nəzərdə tutulur? Nübuvvətdə motivasiya varmı? Bu da bir bəhsdir, amma nübuvvətlə bağlı bəhslərdə buna rast gəlmirik.

Peyğəmbərlərin proqramlarının başlanğıc nöqtəsi nədir? Onlar islahat işlərinə və insanlara yardım etməyə haradan başlayırlar? İş və fəaliyyətləri nə ilə sonuclanır? Yəhya peyğəmbəri ağacın içinə qoyub mişar ilə doğradılar və başını zalım soltana apardılar. Nübuvvət (peyğəmbərlik) işinin sonu elə budurmu? Yoxsa, onun başqa sonluğu vardır? Bu başlanğıcın sonu tamamilə başqadır və Qurani-Kərimdə də ona işarə olunmuşdur. Burada da bəzi məsələlər var ki, növbəti məclislərdə bir-bir qeyd edəcəyik. Nəzərimcə, nübuvvətin fəlsəfəsi ilə bağlı qeyd etdiklərimiz bəs edər və bu məsələni mümkün qədər qısa şəkildə diqqətinizə çatdırdıq. (İnşallah, əziz qardaşlar diqqətlə qulaq asdılar. Elə diqqətlə qulaq asmağınızı görürəm. Ümid edirəm ki, mətləbləri yaxşı başa düşdünüz. Əgər nübuvvətin fəlsəfəsi ilə bağlı kiməsə qaranlıq qalan bir məsələ varsa, məndən və yaxud yanında əyləşən digər məclis iştirakçılarından soruşa bilər.)

Bu zəmində olan ayələr olduqca dərin və mənalıdır. İndi tilavət edəcəyim ayəni geniş şəkildə şərh edəcəyimi düşünürdüm, lakin sonradan geniş şərhə yer ayıracağım təqdirdə, nəzərimdə tutduğum bəzi məsələləri tam şəkildə çatdıra və bu bir saat ərzində həmin ayənin mənasını tam şəkildə şərh edə bilməyəcəyimi görüb ondan daşındım. Bu ayə çox maraqlıdır və bu ayə ilə bağlı əlavə məlumat üçün “Pərtovi əz Quran” (Qurandan bir nur) kitabına müraciət edə bilərsiniz. Çünki bu kitabda nisbətən maraqlı mətləblər vardır. Mən isə ayənin tərcüməsi və qısa şərhi ilə kifayətlənirəm:

كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ

İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (qorxudan) peyğəmbərlər göndərdi.O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi.[11]

Peyğəmbərlərin gəlişində məqsəd yalnız müjdələmək və qorxutmaq deyil, həm də onlara Allah tərəfindən haqq olaraq və haqqa əsaslanan kitabın nazil olunmasıdır. (“Haqq” sözünü neçə dəfə izah etdiyim üçün, yenidən izah emək istəmirəm. Əgər təkrar izah etmək istəsəm, 10-12 dəqiqə vaxtımızı tutacaq.) Qısaca, dünyanın təbii axarı, insanın fitrəti ilə uzlaşan hər bir şey haqdır. Peyğəmbərlərin kitabı da haqdır, çünki insanları fitri, təbii və təkamül yoluna dəvət və bu yolda ona kömək edir. Peyğəmbərlərin kitabı da haqq ilə birgədir.

وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ

O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasındakı ixtilaflı məsələlərdə hökm yürütsün.

İnsanlar arasında həmişə ixtilaf olub və bu, bir qanundur, eyni zamanda faydaları da var. Çünki ixtilaf təkamülə səbəb olur. Allah-Taala kitab nazil etdi ki, peyğəmbərlər ixtilaf zamanı hökm yürütsün və hökmranlıq etsinlər. Bunu necə başa düşürük? Peyğəmbərlərin bir fərd olaraq qurduğu hakimiyyət diktatura və şəxsi hökmranlıq mənasında deyil, kitab və qanunun hökmranlığı mənasındadır. Peyğəmbərin təşkil etdiyi cəmiyyətə həqiqi mənada hakim olan şey kitab və qanundur.

وَمَا اخْتَلَفَ فِيهِ إِلاَّ الَّذِينَ أُوتُوهُ

“Kitab verilmiş kəslərdən (kitab əhlindən) başqa, bu kitab barəsində ixtilaf etmədilər.”

Səmavi kitab barəsində elə kitab əhli ixtilafa düçar oldu. Bu, bizə nəyi bildirmək istəyir? Səmavi dinlərin və keçmiş peyğəmbərlərin sözlərinin təhrifə məruz qaldığını bildirmək istəyir. Peyğəmbərlər məktəb, kitab və qanun gətirdikdən sonra, kitab və qanunun verildiyi kəslər ixtilafa düçar oldular; belə ki, bəziləri haqq danışdı, bəziləri isə haqqa qarşı çıxdılar. Bir sözlə, bir dinin ardıcıllarının öz dinlərinə əsasən dedikləri sözün həqiqətin ziddinə olması həmin dinin təhrifə məruz qalması və ləğv olmasına işarədir.

مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ

Onlara aşkar dəlillər gəldikdən sonra aralarındakı kin və düşmənçilik üzündən (dində) ixtilafa düşdülər.

فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ لِمَا اخْتَلَفُواْ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ

Onların ixtilafda olduqları həqiqətə (dinə) Onun izni və idarəsi ilə iman gətirənləri Allah hidayət etdi.

وَاللّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

Allah istədiyini düz yola hidayət edir.

(Bu, bizim bugünkü tilavətimizin bir hissəsindən ibarətdir. Əlbəttə, onun son sözləri haqqında əlavə məlumat verməli idim, lakin özümdə yorğunluq hiss edirəm. Odur ku, əlinizdəki vərəqdə qeyd olunan “Cümə” surəsinin tərcüməsi ilə kifayətlənir və şərhindən daşınıram.)

“Cümə” surəsi  Quranın 28-ci cüzündə yerləşir. Kimin əlində Quran varsa, açıb baxsın:

يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ

Göylərdə və yerdə nə varsa, mülkün sahibi (və hökmdar), müqəddəs, yenilməz qüdrət və hikmət sahibi olan Allaha zikr deyir!

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ

“Savadsız cəmiyyətə özlərindən peyğəmbər göndərən Odur.

يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ

Bu Peyğəmbər onlara Onun (Allahın) ayələrini oxuyur, onları saflaşdırır, onlara Kitabı və hikməti öyrədir.

وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ

Halbuki, onlar əvvəllər haqq yoldan açıq-aşkar azğınlıqda idilər.

وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ

“Hələ onlara qoşulmamış başqalarına da (peyğəmbər göndərdi).

وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

O, yenilməz qüdrət və hikmət sahibidir!

ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاء

Bu, Allahın istədiyinə bəxş etdiyi mərhəmətdir.

وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

Allah böyük mərhəmət sahibidir!

(Qeyd etməliyəm ki, bu surəni indiyə qədər müxtəlif münasibətlərdə həm bu məscid, həm də o biri məsciddə[12] neçə dəfə tərcümə və şərh etmişəm. Cümə axşamları da, adətən, “məğrib” (şam) namazında oxuyuruq. Bu məclisdə iştirak edən bir çox qardaşlar bu surənin şərhini məndən eşitmişlər. Odur ki, əlinizdəki vərəqdə qeyd edilənlərlə kifayətlənirəm.)

Bir sözlə, biz bura qədər nə anladıq? Nübuvvətin fəlsəfəsini anladıq; belə ki, bu, bütün dinlərin fundamental əsasından ibarətdir. Bu təməl olmazsa, din düzgün məna kəsb edə bilməz. Çünki din Allah tərəfindən peyğəmbərlərin və vəhyi çatdıranların vasitəsilə nazil olur.

Xülasə

Çərşənbə – Ramazan ayının 15-ci günü

NÜBUVVƏTİN FƏLSƏFƏSİ

İlahi dinlərin müddəası və səmavi təlimləri gətirən peyğəmbərlərin nübuvvətinin fəlsəfəsi nədir? Nübuvvətin mənası və onun besətlə rabitəsi nədir? Nübuvvət və besətin hədəfləri nədən ibarətdir? Peyğəmbərlərin proqramlarının başlanğıc nöqtəsi nədir? Təlaş və fəaliyyətlərinin sonu necədir? Bu və bu kimi digər suallar nübuvvət prinsipinin önəmli və həlledici mövzularını təşkil edir və onlar haqqında agahlıq möhkəm iman və məsuliyyətlə sonuclanır. Qurani-Kərimdə bütün bu suallar qısa və aydın, eyni zamanda tutarlı şəkildə cavablandırılmışdır.

Nübuvvətin fəlsəfəsi – zahiri hisslər, daxili meyillər və ondan da üstün olan elm və mərifət bəşərin hidayəti və hidayət mənzilinə çatması üçün kifayət etmir, insan əqlinin yardımı, hidayət və rəhbərliyindən daha üstün bir hidayət vasitəsinə ehtiyacı var, o da vəhyin hidayətidir; vəhy insanın yaradanı, onun ehtiyaclarını, problemləri və onların həllini bilən Allah tərəfindən göndərilir. Bu isə bütün dinlərin və nübuvvətin fəlsəfəsindən ibarətdir. Peyğəmbərin missiyası insanın ehtiyaclarını təmin etmək və həmin ehtiyacları aradan qaldıran proqramları icra etməkdir.

Bu məqamları aşağıda qeyd edilən Quran ayələrində açıq-aşkar izləmək olar:

كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً  – İnsanlar tək bir ümmət idi.

فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ  – Allah onlara müjdə verən və xəbərdarlıq edən (qorxudan) peyğəmbərlər göndərdi.

وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَO, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi.

وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّO, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi ki,

لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِinsanlar arasındakı ixtilaflı məsələlərdə hökm yürütsün.

وَمَا اخْتَلَفَ فِيهِ إِلاَّ الَّذِينَ أُوتُوهُKitab verilmiş kəslərdən (kitab əhlindən) başqa, bu kitab barəsində ixtilaf etmədilər.

مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْOnlara aşkar dəlillər gəldikdən sonra aralarındakı kin və düşmənçilik üzündən (dində) ixtilafa düşdülər.

فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ لِمَا اخْتَلَفُواْ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِOnların ixtilafda olduqları haqqa (dinə) Onun izni və idarəsi ilə iman gətirənləri Allah hidayət etdi.

وَاللّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍAllah istədiyini düz yola hidayət edir.

(“Bəqərə” surəsi, ayə 213.)

يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِGöylərdə və yerdə nə varsa, mülkün sahibi (və hökmdar), müqəddəs, yenilməz qüdrət və hikmət sahibi olan Allaha zikr deyir!

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ  – Savadsız cəmiyyətə özlərindən peyğəmbər göndərən Odur.

يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَBu Peyğəmbər onlara Onun (Allahın) ayələrini oxuyur, onları saflaşdırır, onlara kitabı və hikməti öyrədir.

وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍHalbuki, onlar əvvəllər haqq yoldan açıq-aşkar azğınlıqda idilər.

وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ  – Hələ onlara qoşulmamış başqalarına da (peyğəmbər göndərdi).

وَهُوَ الْعَزِيزُ الْحَكِيمُO, yenilməz qüdrət və hikmət sahibidir!

ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاء  – Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir.

وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِAllah böyük mərhəmət sahibidir!

(“Cümə” surəsi, ayə 1-4.)



[1]. “Ənkəbut” surəsi, ayə 48.

[2]. “Nəhl” surəsi, ayə 68-69.

[3]. Moris Meterlink (1862-1949) – Belçikaşairi, dramaturqu və filosofu, məşhur "Mavi quş" fəlsəfi pyes-pritçanın müəllifidir. Onun bu əsəri Nobel mükafatına layiq görülmüşdür. O, bal arısı və qarışqanın həyatı haqqında məqalələr yazmışdır.

[4].“Nəhcül-bəlağə”, xütbə 1.

[5].“Maidə” surəsi, ayə 90.

[6]. “Əl-kafi”, “Əql və cəhl” bölməsi, hədis 12.

[7]. “Maun” surəsi, ayə 1-3.

[8]. “Muddəssir” surəsi, ayə 43-44.

[9]. “Muddəssir” surəsi, ayə 46.

[10]. Məclisin sonundakı xülasəyə müraciət edilsin.

[11]. “Bəqərə” surəsi, ayə 213.

[12]. Müqəddəs Məşhəd şəhəri, Kəramət məscidi.

 

Google+ WhatsApp ok.ru