Quranın evlərdə oxunması

Quranın evlərdə oxunması haqda bir neçə hədis və rəvayət nəql olunmuşdur.
Hədislərin məzmununa diqqət yetirdikdə, müsəlmanların evlərdə Quran tilavət etmələrinə sövq olunmalarının bir neçə səbəbinin və onun bir neçə müsbət təsirinin şahidi oluruq.
1. Quranın evlərdə tilavət olunması, haqq kəlməsinin (islam hökmləri və əxlaq normalarının) ev sakinləri tərəfindən dinlənərək qəbul olunmasına səbəb olur. Belə ki, ev sahibi vaxtaşırı Quran oxuyarsa, digər ev sakinləri də onun təsiri altına düşərək bu gözəl adətə meyl edər və nəticədə Quran oxuyan şəxslərin sayı birə on artar.
Əgər müsəlmanlar Quran tilavət etmək üçün müəyyən zaman və yer təyin edərlərsə, təbiidir ki, hamının eyni zamanda həmin yerdə Quran oxuması mümkün olmayacaqdır. Bu səbəbdən də Quranın evlərdə oxunması islam hökmlərinin hamı tərəfindən rəğbətlə qəbul olunmasına səbəb olur.
2. Evlərdə Quran oxunarsa, səhər-axşam oradan Quran səsi ucalar və onu dinləyən şəxslərin qəlbləri bununla təskinlik tapar.
3. Quranın evlərdə oxunması, həmin evin daha da bərəkətli olmasına səbəb olur. Mələklər bu evlərə nazil olar, şeytanlar isə qorxuya düşərək oradan uzaq olmaq istəyərlər. Ulduzlar yer üzünü işıqlandırdıqları kimi, Quran oxunan evlər də səma əhlinə nur saçar. Quran oxunmayan evlərdə bərəkət olmaz, mələklər bu evlərə gəlməkdən çəkinər və oralar şeytanların daimi gediş-gəliş yerinə çevrilər. (Üsuli-kafi, 2-ci cild. «Quranın oxunma fəziləti) /

Google+ WhatsApp ok.ru