QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “BƏQƏRƏ” SURƏSİ

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “BƏQƏRƏ” SURƏSİ

Bu surənin “Bəqərə” (inək) adlandırılmasının səbəbi həmin surənin 67-73-cü ayələrində bəhs olunan Bəni-İsrail qövmünün inəyi ilə əlaqədardır. “Bəqərə” surəsi Qurani-Kərimin ən böyük surəsidir və təqribən, Qurani-Kərimin 30 cüzündən iki cüz yarımını özündə cəmləmişdir. Mədinədə nazil olmuşdur və 286 ayədən ibarətdir.

“Bəqərə” surəsinin ayələri tədriclə nazil olmuşdur və müxtəlif mövzuları əhatə edir. O cümlədən:

1. Surədə tövhid və allahşünaslıq prinsipi, xüsusilə yaradılış aləmindəki sirlərdən söz açılır;

2. Məad və ölümdən sonrakı hadisələr hiss olunan misallarla (məsələn, İbrahim (ə) və onun quşları diriltməsi, Bəni-İsrail peyğəmbərlərindən olan Üzeyir peyğəmbərin (ə) ölüb, sonra dirilməsi hadisəsi) işıqlandırılır;

3. Quranın möcüzələri və bu səmavi kitabın əhəmiyyətinə toxunulur;

4. Yəhudilər və münafiqlər, habelə onların İslam və Quran müqabilində tutduqları düşmənçilik mövqeylərindən danışılır;

5. Böyük ilahi peyğəmbərlərin, xüsusilə İbrahim (ə) və Musanın (ə) həyatından söhbət olunur;

6. İslamın müxtəlif hökmləri, o cümlədən, namaz, oruc, Allah yolunda cihad, həcc məsələləri, qiblənin dəyişdirilməsi, izdivac, talaq, ticarət məsələləri, borc, sələm hökmlərinin mühüm hissəsi, eləcə də, Allah yolunda ehsan və sədəqə vermək, qisas hökmü, müxtəlif növ haram ətlərin, qumar və şərabın qadağan edilməsi, vəsiyyətin hökmlərindən danışılır.

“Bəqərə” surəsinin birinci hissəsində insanlar iman və etiqad, əməl və rəftar baxımından üç zümrəyə bölünürlər: Təqvalılar, kafirlər və münafiqlər (ikiüzlülər).

Allah-Taala surənin başlanğıcında Qurani-Kərimin təqvalıları doğru yola yönəltməsindən söz açaraq, 3-5-ci ayələrdə təqvalıları belə tanıtdırır: O kəslər ki, qeybə (Allaha, vəhyə, mələklərə, qiyamətə...) inanır, namaz qılır və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər. O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da onlardır.”

Surənin 6-7-ci ayələrində kafirlər belə vəsf olunurlar: “(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!”

Bu zümrənin zahirdə qəlbi, gözü və qulağı olsa da, hidayət yolunda onlardan bəhrələnmir, fitri hidayət və insanlıq vicdanına münasib cavab vermir, özünü ilahi hidayət nemətindən məhrum etmişdir. Odur ki, kafirlərin qəlbləri, gözləri və qulaqları işdən düşdüyü üçün, Quranın nurlu ayələri də onlara fayda vermir.

Surənin 13 ayəsində, yəni 8-20-ci ayələrində münafiqlərin əlamətlərindən söz açılır ki, xülasəsi belədir: “Allaha və qiyamətə iman gətirmədikləri halda, deyirlər ki, iman gətirdik. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Onlara: “Yer üzündə fəsad törətməyin!” – dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, – deyə cavab verirlər. Onlar iman əhlini ağılsız hesb etdikləri halda, özləri ağılsız və səfehdirlər, lakin bunu bilmirlər. Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”, –deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, – deyirlər. Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər...”

Bu üç zümrənin hər birinin xüusiyyətlərinə diqqət yetirəndə insanları tanıyıb, Allahın göstərişləri əsasında özünün onlarla rabitəsini tənzimləyə bilər.

Amma bu surədə bəyan olunan Bəni-İsrailin inək hadisəsi belə olmuşdur: Bəni-İsraildən bir nəfər müəmmalı şəkildə öldürülür, amma qatili müəyyən etmək mümkün olmur. Bəni-İsrail qəbilələri arasında çəkişmə yaranır və hər biri bu məsələni başqa qəbilənin boynuna atır və özünə bəraət qazandırır.

Onlar bu çəkişmələrə son qoymaq, mühakimə və məsələnin həlli üçün həzrət Musanın (ə) yanına gedirlər. Musa (ə) onlara buyurur: “Allah əmr etmişdir ki, bir inək kəsəsiniz və onun ətindən bir parçanı cəsədə toxundurasınız. Belə etsəniz, məqtul diriləcək və öz qatilini tanıtdıracaq.”

İnadkar qövm Musanın (ə) bu təklifi qarşısında deyir: “Yoxsa bizi masqaraya qoymusan?” Musa deyir: “Masqara cahillərin işidir. Mən isə cahillərdən olmaqdan Allaha pənah aparıram.”

Bəni-İsrail mövzunun ciddi olduğunu anladıqda, bəhanə axtarmağa başlayır: “Əgər belədirsə, öz Allahından istə ki, hansı inəyi kəsməyi bildirsin.”

Musa onların cavabında deyir: “Allah buyurur ki, çox qocalıb əldən düşməyən və çox da cavan olmayan orta səviyyədə dişi bir inək kəsməlisiniz.”

Amma onlar yenidən sözü uzadaraq, inadkarlıqla deyirlər: “Öz Allahından istə ki, o inəyin hansı rəngdə olduğunu bizə anlatsın.”

Həzrət Musa (ə) buyurur: “Allah buyurur ki, görənləri şad edən tam sarı rəngli dişi bir inək.”

Təəccüblü məsələ budur ki, bununla da kifayətlənmirlər; hər dəfə bəhanə axtararaq öz işlərini daha da çətinləşdirirlər. Yenə deyirlər: “Öz Rəbbindən istə, görək (işgörmə baxımından) o inək necə olmalıdır?”

Musa (ə) buyurur “Allah buyurur ki, o, yeri sürəcək və əkin suvaracaq qədər ram olmamış, heç bir eybi və ləkəsi olmayan bir inəkdir.”

Sanki bura çatanda daha artıq suala yer qalmadığından deyirlər: “İndi mətləbi lazımınca bizə bəyan etdin.”

Sonra həmin xüsusiyyətdə yalnız bir inək tapa bilirlər, onu da baha qiymətə alıb gətirirlər. İnəyi kəsib, ətini ölmüş şəxsin cəsədinə vurcaq, həmin şəxs dirilir və deyir: “Ey Allahın Peyğəmbəri! Məni əmim oğlu qətlə yetirib.”

Beləliklə, Allah Öz möcüzələrini göstərir ki, insan ağla gəlib bunu dərk etsin.

“BƏQƏRƏ” SURƏSİNİN FƏZİLƏTİ

“Bəqərə” surəsinin fəziləti barəsində islami mənbələrdə bir çox dəyərli rəvayətlər nəql olunmuşdur. O cümlədən, mərhum Təbərsi “Məcməul-bəyan” təfsirində belə nəql edir: Peyğəmbərdən soruşdular: Quranın hansı surəsi daha fəzilətlidir? Həzrət buyurdu: “Bəqərə” surəsi. Soruşdular: Onun hansı hissəsi daha fəzilətlidir? Həzrət buyurdu: “Ayətəl-kürsü”.[1]

Bu surənin fəzilətli olmasının səbəbi, zahirən onun hərtərəfli olması və “Ayətəl-kürsi”nin də daha fəzilətli olması isə onun xüsusilə tövhid məsələlərini ehtiva etməsi ilə əlaqədardır. Quran surələrinin bəzi ayələrinin digərlərindən müəyyən cəhətdən üstünlüyə malik olmasında heç bir ziddiyyət yoxdur. Çünki onlara müxtəlif nəzərlərdən diqqət yetirilir.

İmam Əli ibn Hüseyn (ə) Peyğəmbərdən (s) belə nəql edir: Hər kəsBəqərəsurəsinin əvvəlindəki dörd ayəni, eləcə də, Ayətəl-kürsünü, ondan sonrakı iki ayəni həmin surənin axırındakı üç ayəni oxusa, onun malı canına bəla gəlməz, şeytan ona yaxın düşməz Quran onun həyatında diqqət mərkəzində olub unudulmaz.”[2]

Übeyy ibn Kəb Peyğəmbərdən (s) belə nəql edir: Hər kəs “Bəqərə” surəsini tilavət etsə, Allahın sonsuz rəhmətinə qərq olar heç bir qorxusu, vəhşəti olmadan bir il Allah yolunda cihad edən kəsin savabı qədər savab qazanar bu savab onun əməl dəftərində yazılar. Müsəlmanlar hökmən bu surəni oxumalı, öyrənməli ona əməl etməlidirlər ki, dünya axirətdə ilahi rəhmət onlara şamil olsun.”[3]

İmam Sadiqdən (ə) belə nəql olunur: Hər kəsBəqərəAli İmransurələrini oxusa, Qiyamətdə bu iki surə iki bulud parçası, yaxud çətir kimi onun başına kölgə salacaq onu cəhənnəm odundan qoruyacaqdır.”[4]

Qeyd etmək lazımdır ki, Quranın surə və ayələrinin tilavət olunmasının savab və fəzilətinin məfhumu heç də insanın təkcə onları dildə oxuyub əzbərləməsi və bununla kifayətlənməsi deyil. Əslində Quranın oxunması onun başa düşülməsi üçün, başa düşülməsi isə əməl olunması üçün bir müqəddimədir. Doğrudan da, əgər bir kəs “Bəqərə” surəsinin yuxarıda qeyd olunduğu kimi, tövhid, allahşünaslıq, qeyb aləminə iman və bu kimi məsələlər barəsində olan ayələrini oxusa və onun möhtəvasını tam vücudu ilə qəbul etsə, şübhəsiz, o fəzilətlərə malik olacaqdır. Quranı bütün hallarda oxumaq savabdır, amma onun savabı və təsirləri o vaxt quruculuq xüsusiyyətinə sahib olacaqdır ki, təfəkkür və əməl üçün bir müqəddimə olsun. (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 1-cild, “Bəqərə” surəsinin təfsiri; “Qolestani-sureha”, Məhəmmədhüseyn Cəfəri, səh.21.)

Rza Şükürlü



[1] “Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh.26; “Məcməul-bəyan”, 1-ci cild, səh.32

[2] “Səvabul-əmal”, (“Nurus-səqəleyn”in 1-ci cildinin 26-cı səhifəsindən nəqlən)

[3] “Mənhəcus-sadiqin”, 1-ci cild, səh.120; “Məcməul-bəyan”, 1-ci cild, səh.32

[4] “Əl-burhan fi təfsiril-Quran”, 1-ci cild, səh.52

 

Google+ WhatsApp ok.ru