QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “NİSA” SURƏSİ

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “NİSA” SURƏSİ

176 ayədən ibarət olan “Nisa” (Qadınlar) surəsi Mədinədə nazil olmuşdur.

“Nisa” surəsi kəlmə və hərflərin sayı baxımından Qurani-Kərimin “Bəqərə” surəsindən sonra ən uzun surədir. Surənin ilk 35 ayəsində qadın hüquqları və ailə məsələləri bəyan olunduğundan surə “Nisa”, yəni “Qadınlar” adlandırılmışdır.

Cahiliyyət dövründə qadınlar öz hüquqlarından tam məhrum idilər; nə gördükləri iş müqabilində əmək haqqı ala bilir, nə ata, ana və qardaşdan irs aparır, nə də ixtiyar və iradə sahibi idilər. Qadınlar cahillik adət-ənənələrinə uyğun olaraq özlərinə bəzək vurub rəngarəng libaslar geyinməklə özlərini yad kişilərin ixtiyarında qoyur və buna görə fəxr edirdilər. Kişilər də qeyd-şərtsiz onlarla rabitə qururdular. Nəticədə, cəmiyyətdə ərli qadınlarla evlilik kimi qeyri-qanuni rabitələr geniş yayılmışdı.

Bu məsələ ilə yanaşı, qız uşaqlarını da diri-diri torpağa basdırırdılar. Bir kişi üçün ən acınacaqlı xəbər ona “Həyat yoldaşın qız doğdu!” – xəbərini eşitmək idi.

Qeyd etdiyimiz kimi, “Nisa” surəsi Mədinədə, İslam camiəsi və quruluşunun yenicə formalaşdığı, cahillik adət-ənənələrini aradan qaldırıb ilahi ədalətin icrasını bərpa edə biləcək qanunlara ehtiyac duyduğu bir şəraitdə nazil olduğundan, bu zəmində olan məsələ və hökmləri də ehtiva edir. Odur ki, həmin surənin 59-cu ayəsində vilayət və müsəlmanlara rəhbərlik kimi mühüm bir məsələyə toxunularaq buyurulur: “Ey iman gətirənlər, Allaha itaət edin, Onun Peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) əmr sahiblərinizə tabe olun...”

Bu ayəyə əsasən, müsəlmanlar Allaha və Onun Peyğəmbərinə itaət etməli və bununla yanaşı, əmr sahiblərinə itaət də onlara vacib buyurulmuşdur. “Əmr sahibləri”nin də məsum imamlara aid olması ilə əlaqədar çoxlu rəvayət nəql olunmuş və onların hər birində “əmr sahibləri”nin məsum imamlardan ibarət olduğu açıqlanmışdır. Buna əsasən, ayədə buyurulduğu kimi, İslam Peyğəmbərindən (s) sonra o həzrətin təyin edib tanıtdırdığı əmr sahiblərinə, yəni on iki imama itaət hamıya vacibdir. (“Burhan təfsiri”, c.1, səh.381-387; “Kənzüd-dəqaiq”, c.3, səh.437-452.)

Ümumiyyətlə, “Nisa” surəsində əsasən iman və ədalətə dəvətdən, keçmiş ümmətlərin tale və sərgüzəştlərindən ibrət götürmək, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılmasının zəruriliyindən, yetimlərin himayəsi, izdivacla bağlı qanunlar və irs hökmlərindən, ümumi əmlakın qorunmasını təmin edən ümumi qanunlardan, ictimai vəzifələr və hüquqlardan, İslam camiəsinin düşmənlərinin tanıtdırılması, onların müqabilində müsəlmanların oyaq olması və düşmənlərlə mübarizəyə təşviq edilməsindən, İslam quruluşu və ilahi rəhbərə itaətin zəruriliyindən, Allah yolunda hicrətdən danışılır.

“NİSA” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

“Nisa” surəsini oxumağın fəziləti haqda İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Hər kim “Nisa” surəsini oxusa, bu surənin məzmununa əsasən, hər bir müsəlmanın apardığı irs qədər sanki Allah yolunda infaq (xərc) etmişdir. Həmçinin ona bir qul azad edən şəxsin də savabı verilər.”

Aydındır ki, bu və buna bənzər rəvayətlərdə məqsəd yalnız ayələrin oxunuşu ilə kifayətlənmək deyil, üstəlik, ayələrin oxunuşu onların başa düşülməsi və dərk olunması üçün bir müqəddimə olmalı, bu da öz növbəsində fərdi və ictimai həyatda surə və ayələrdə bəyan olunan hökm və göstərişləri icra etmək üçün bir səbəb olmalıdır. Şübhəsiz, əgər bir müsəlman öz həyatında bu surənin hökm və göstərişlərindən ilhamlanarsa, dünyəvi nəticələrlə yanaşı, hədisdə deyilən savablara da sahib olacaqdır. (“Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.32; “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 3-cü cild, səh.241-243.)

 

Rza Şükürlü

Google+ WhatsApp ok.ru