QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “MAİDƏ” SURƏSİ

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “MAİDƏ” SURƏSİ

“Maidə” surəsi 120 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur. Bəzi təfsirçilərin qeydlərinə əsasən, bu surə “Fəth” surəsindən sonra (bir rəvayətə görə) bütövlükdə Peyğəmbərin (s) vəfatından 2-3 ay öncə nazil olmuşdur.

“Ya əyyuhəlləzinə amənu” (Ey iman gətirənlər!) xitabı ən çox bu surədə işlədilmişdir. Əgər “Bəqərə” surəsində bu xitabla on bir dəfə rastlaşırıqsa, bu surədə eyni ifadə ilə on altı dəfə xitab olunur.

Bu surədə əhdə vəfalı qalmaq, ictimai ədalətin sifarişi, ədalət əsasında şahidlik etmək, qətlin haram edilməsi, qidaların hökmləri – halal və haram olması, dəstəmaz, qüsl və təyəmmümün hökmləri, İslam Peyğəmbərindən (s) sonra vilayət və rəhbərlik məsələsi, məsihilərin üç üqnüm əqidəsinin rəddi, qiyamət hadisələri, vəsiyyət, qisas, oğurluq və zinanın hökmləri kimi məsələlər nəzərdən keçirilir.

Surə sonuncu nazil olmuş surələrdən olduğu üçün “əvfu bil-uqud” (əhdlərə sadiq olun) cümləsi ilə başlayır.

Bu surənin “Maidə” adlandırılmasının səbəbi, onun 114-cü ayəsində qeyd olunduğu kimi, həzrət İsanın (ə) duası ilə yaxın dostları (həvarilər) üçün “maidə”nin – səmavi süfrənin (yemək dolu tabaq və süfrənin) nazil olması ilə əlaqədardır və “maidə”nin nazil olması hәzrәt İsanın (ә) möcüzәlәrindәn biridir.

Tarixdə göstərilir ki, bir gün İsa Məsih (ə) müxtəlif şəhər və kənd əhalisini Allahın dininə dəvət etmək üçün səfərə çıxır. O, bu səfərində həvarilər və səhabələrini də özü ilə aparır. Səfər əsnasında yeməkləri qurtarır və həvarilər acırlar. Tarixdə göstərilir ki, İsa Məsih (ə) dünyaya rəğbətsiz olduğundan və nəfsi istəklərinə hakim olmağı bacardığından, bir qədər çöl otlarından yeyərək aclığını dəf edirdi. Həvarilər isə bu işi görə bilmir, çöl otları ilə aclıqlarını dəf etməyi bacarmırdılar. Bu zaman həvarilər öz aralarında danışmağa başladılar: palçıqdan quş qəlibi düzəldən, sonra üfürüb onu quşa çevirən və digər möcüzələr göstərən İsa Məsih (ə) Allahdan bizim üçün səmadan yemək göndərilməsini istəyə bilməzmi? Ona görə də dedilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizim üçün göydən (yeməklə dolu) süfrə göndərə bilərmi?”

İsa (ə) bu sözü eşitcək, çox narahat oldu və dedi: “Siz Allahın qüdrətinə şübhəmi edirsiniz?” Onlara xəbərdarlıq edərək buyurdu: “Əgər imanınız varsa, Allahdan qorxun.” Belə təkliflər irəli sürməkdən çəkinin. Bundan öncə Allahın mənim vasitəmlə göstərdiyi möcüzələri, anadangəlmə korun gözünün açılmasını, xora və cüzam xəstəliyinə tutulanın şəfa tapmasını, ölünün dirilməsini görmədinizmi? (“Maidə” surəsi, ayə 112.)

Həvarilər həzrət İsanın (ə) narahat olduğunu gördükdə, onun fikrini rahatlaşdırmaq və qəzəbini söndürmək məqsədilə dedilər: “Biz istəyirik ki, o yeməkdən yeyək. (Bilirik ki, sənin bizə dediklərin doğrudur, sənin peyğəmbərliyini qəbul edirik, amma istəyirik ki,) ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq.” (“Maidə” surəsi, ayə 113.)

İsa Məsih (ə) Rəbbinin dərgahına üz tutub səsləndi: “İlahi, ey Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o, bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” (“Maidə” surəsi, ayə 114.)

İsa Məsihin (ə) duası qəbul olundu və Allah-Taala ona buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edirəm. Lakin bundan sonra sizin biriniz kafir olsa, ona elə əzab verəcəyəm ki, aləmlərdə olanlardan heç kəsə belə əzab verməmişəm.”

Beləliklə, Allahın vəd etdiyi “maidə” – səmavi süfrə nazil oldu və həvarilər ondan doyunca yedilər.

Tarixi mənbələrin bir çoxunda “maidə”nin (səmavi süfrənin) yeməyinin çörək və balıqdan ibarət olduğu göstərilir.

Rəvayətlərdə deyilir ki, “maidə” – səmavi süfrə bazar günü nazil olmuşdur. Həm də, məsihilər bazar gününü müqəddəs gün hesab etdiklərindən, həmin günü ibadət üçün kilsələrə üz tuturlar. Onların arasında bazar gününün müqəddəs sayılması da ola bilər ki, səmavi süfrənin həmin gündə nazil olması ilə əlaqədar olsun. (“Peyğəmbərlərin tarixi”, Ustad Seyid Haşim Rəsuli Məhəllati, “İsa peyğəmbərin həyatı” bölümü; “Təfsiri-nümunə”, Ayətullah Məkraim Şirazi, “Maidə” surəsinin təfsirinin başlanğıcı; “Surələr” gülüstanı, Məhəmmədhüseyn Cəfəri, səh.38)

MAİDƏ SURƏSİNİ OXUMAĞIN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəm (s) “Maidə” surəsini oxumağın savabı və fəziləti haqda buyurmuşdur: “Hər kim Maidə” surəsini tilavət etsə, bu dünyada nəfəs çəkən yəhudi və məsihilərin sayı qədər ona on həsənə (savab) verilər, on günahı paklanar və məqamı on dəfə artar.” (“Məcməül-bəyan”, 3-cü cild, səh.257.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru