QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “İBRAHİM” SURƏSİ

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “İBRAHİM” SURƏSİ

“İbrahim” surəsi Məkkədə nazil olmuş və 52 ayədən ibarətdir. Amma surənin “Bədr” döyüşündə öldürülənlərə həsr olunmuş 28-29-cu ayələri Mədinədə nazil olmuşdur. Surənin adından məlum olduğu kimi, onun bir hissəsində bütsındıran İbrahim peyğəmbər (ə), onun müjdələri, moizələri və duaları haqqında söz açıldığından, surə “İbrahim” adlandırılmışdır. Surənin digər hissəsində Nuh və Musa kimi keçmiş peyğəmbərlərdən, “Ad”və “Səmud” qövmündən, onların sərgüzəştlərindəki ibrət dərslərindən danışılır.

“İbrahim” surəsi də əvvəlki “Yunus”, “Hud” və “Yusuf” surələri kimi, “müqəttəə hərfləri” – “Əlif, Lam, Ra” ilə başlayır və müqəttəə hərfləri ilə başlanılan surələrdə Quranın əzəməti və vəsfindən danışıldığından, bu surənin də ilk ayəsində Quran vəsf edilir və buyurulur:

الَر كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَى صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ

Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, həmd-sənaya layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik.”

Bu surənin ilk ayəsində Quran və onun vəsfindən, insanların Quran vasitəsilə zülmətlərdən nura çıxmasından söz açıldığı kimi, son ayəsi, yəni 52-ci ayəsində də Qurandan, onun vəsfi və hidayətə təsiri, moizə və nəsihət olmasından danışılır. Həmin ayədə buyurulur:

هَـذَا بَلاَغٌ لِّلنَّاسِ وَلِيُنذَرُواْ بِهِ وَلِيَعْلَمُواْ أَنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ وَلِيَذَّكَّرَ أُوْلُواْ الأَلْبَابِ

Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allahın yeganə məbud olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!

Surənin ortalarında müşriklər təhdid edildikdən sonra, “tövhid nişanələri”ndən söhbət olunur, Allahın bəzi nemətlərinə toxunulur və tövhid qəhrəmanı həzrət İbrahimin (s) sərgüzəşti nümunə olaraq göstərilir. Surənin 35-41-ci ayələrində o həzrətin duaları, raz-niyazı və öz əhli-əyalını Məkkə səhralığında Allaha tapşırmasından danışılır. 37-ci ayədə buyurulur:

رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ الصَّلاَةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ

Ey Rəbbimiz! Mən öz övladlarımdan (birini) (İsmaili və anası Hacəri) Sənin evinin (Kəbənin) kənarında, əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar (lazımınca) namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlblərini onlara meyilləndir. Onlara meyvələrindən ruzi ver ki, bəlkə (nemətinə) şükür edələr!”

Tarixdə göstərilir ki, İbrahim (ə) Şam diyarında yaşayırdı. Allaha ona Hacər adlı kənizdən İsmaili əta etdi. İbrahimin birinci zövcəsi Sara övladı olmadığından nigaran oldu. Hacər və İsmailin hüzuruna dözə bilmədi. İbrahimdən istədi ki, onları başqa bir yerdə sakin etsin. İbrahim (ə) Allahın əmrinə əsasən, onun istəyini qəbul etdi. Onları Şamdan susuz-otsuz Məkkə diyarına apardı və onlarla xudafizləşib geri döndükdə, Hacər, həyat yoldaşı İbrahimə dedi: “Bizi bu qorxulu, susuz yerdə yalqızmı qoyursan?” İbrahim (ə) dedi: “Allah mənə belə fərman vermişdir.” Hacər Allaha və əri İbrahimin (ə) peyğəmbərliyinə iman gətirmiş bir qadın olduğundan, arxayınlıqla dedi: “Əgər Allah belə fərman vermişdirsə, deməli, o bizi unutmayacaqdır.” Beləcə, Hacər və övladı İsmayıl yalqız halda quru və susuz vadidə qalmalı oldular. Hacər özü ilə gətirdiyi su qurtardıqdan sonra, İsmail təşnə olduğu zaman Məkkənin susuz səhralığında su axtarmağa başladı və hacıların bu gün “səy” etdiyi “Səfa” dağına tərəf qaçdı, dağın zirvəsinə qalxdı. O, dərəyə nəzər saldıqda, ilğımı su düşünüb dərəyə tərəf qaçdı, amma bir şey görmədi. Hacər qaça-qaça İsmailə tərəf qayıtdı. Uşaq ağlayır və qışqırırdı, su istəyirdi. Hacər ümidlə Mərvə dağına baxdı ki, bəlkə orada su olar! Dağa tərəf qaçdı, yenə də ilğımdan başqa bir şey deyildi. Hacər Səfa və Mərvə dağları arasında qaçırdı. O, bunu yeddi dəfə təkrarladı. Son dəfə Mərvə dağına qalxdıqda, İsmailin ağlamaq səsi kəsilmişdi. O, oğlu İsmailin canının təhlükədə olmasından qorxdu. Var gücü ilə qaçmağa başladı, uzaqdan gördü ki, İsmail sakitdir və ayaqlarını tərpədir. Kiçik ayaqlarının altından su bulağı qaynayır, qumların arasından su axırdı. Hacər, susuzlar ondan su içsinlər deyə, tez suyun yan-yörəsində kiçik bir hovuz düzəltdi. O, sonralar “Zəmzəm” quyusu adı ilə məşhurlaşdı.

Bir gün Curhum qəbiləsi o dərənin yaxınlığından keçərkən quşların göydə uçduğunu gördükdə, bildilər ki, dərədə su vardır. Ona görə də, həmin yerə yollandı və dərənin yaxınlığında çadır qurub, o dərədə sakin oldu. Yavaş-yavaş Məkkə diyarı yaşayış məntəqəsinə çevrildi. (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 10-cu cild, səh.259-260 və 362-363 “İbrahim” surəsinin təfsiri; “Nur təfsiri”, Ustad Qəraəti, 6-cı cild, “İbrahim” surəsinin təfsiri; “Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.90.)

“İBRAHİM” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəmin (ə) belə buyurduğu nəql olunmuşdur:

من قرأ سورة إبراهيم عليه السلام و الحجر أعطي من الأجر عشر حسنات بعدد من عبد الأصنام و بعدد من لم يعبدها

“Hər kim “İbrahim (ə) və “Hicr” surələrini oxusa, bütə pərəstiş edən və pərəstiş etməyənlərin sayından on dəfə çox ona savab verilər.” (“Məcməül-bəyan”, 4-cü cild, səh. 193.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru