QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “İSRA” SURƏSİ

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “İSRA” SURƏSİ

Qurani-Kərimin 15-ci cüz və 17-ci surəsində yer alan “İsra” surəsi 111 ayədən ibarətdir. Bu surənin Məkkədə nazil olması daha çox qeyd edilir. Amma surənin bəzi ayələrinin (o cümlədən, 26, 32, 33, 57 və 78-ci ayələri) Mədinədə nazil olduğu bildirilir.

Surə Peyğəmbəri-Əkrəmin (s) “Merac” səfəri və əhvalatından danışdığı üçün “İsra”, surənin ilk ayəsinin başlanğıc kəlməsinə görə “Sübhan” və Bəni-İsrail əhvalatını nəql etdiyi üçün “Bəni-İsrail” adlandırılmışdır. Amma uyğun surənin fəziləti ilə bağlı nəql olunan rəvayətlərdə surənin yalnız “Bəni-İsrail” adına işarə edilmişdir. Elə buna görə də, əksər təfsirçilər surəni bu adla qeyd etmişlər.

Bu surədə də digər Məkkədə nazil olan surələrdə olduğu kimi, tövhid və allahşünaslıq, məad və ölümdən sonrakı həyat, faydalı nəsihətlər, eləcə də, aşağıdakı mövzular bəyan olunur:

–Peyğəmbərlik və meracla bağlı dəlillər;

–İsrail övladlarının macəralı sərgüzəşti;

–Yaxşı və pis əməllərin nəticəsi;

–Ata-anaya ehtiram və qohumluq məsələləri;

–İsraf, paxıllıq, zina, yetim malını yemək, tərəzidə haqsızlıq, təkəbbür və adam öldürməyin haramlığı;

–Hər növ şirk, zülm və azğınlıqla mübarizə;

–İnsan şəxsiyyəti və onun digər məxluqlara üstünlüyü;

–Qurani-Kərimin ecazkarlığı, təsiri və əxlaqi-ictimai xəstəliklərə dərman olması;

–Şeytanın vəsvəsələri və onun insana nüfuz yolları ilə bağlı xəbərdarlıqlar;

–Müxtəlif əxlaqi təlimlər;

–Adəm və İblisin tarixçəsi, eləcə də, bütün insanlara ibrəti dərsi olaraq bəzi peyğəmbərlərin səgüzəştləri.

Bir sözlə, sözügedən surədə bəşərin təkamülü üçün etiqadi, əxlaqi və ictimai bəhslər kamil nüsxədə təqdim olunur.

“İsra” surəsində diqqəti daha çox çəkən məsələ Peyğəmbəri-Əkrəmin (s) merac məsələsidir. İslamda o həzrərtin qeyri-adi şəkildə səmaya səfərinə “merac” deyilir. Rəvayətlərə əsasən, o həzrətin merac səfəri iki mərhələdə baş vermişdir:

1. O həzrət merac gecəsi Məscidül-Həramdan Məscidül-Əqsaya aparılmışdır. Sözügedən surənin 1-ci ayəsində bu haqda belə buyurulur:

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (İslam Peyğəmbəri) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytül-Müqəddəsə) aparan Allah pak və müqəddəsdir...”

Tarix kitablarında bu mərhələ “isra” adlandırılmışdır.

2. Növbəti mərhələdə isə Peyğəmbəri-Əkrəm (s) Məscidül-Əqsadan yuxarı aləmlərə qalxır, orada səma təbəqələri, ilahi nişanələri və yaranış qəribəliklərini müşahidə edir, peyğəmbərlərlə görüşür.[1] Bu səfərdə o həzrət üçün “qüdsi hədislər” bəyan olunur və həmin hədislərdə imam Əlinin (ə) vilayət və rəhbərliyi təsdiqlənir. Bu səfərdə Peyğəmbəri-Əkrəm (s) behişt və cəhənnəmi görür. Behişt əhlinin vəziyyəti və onlara verilən nemətlər, cəhənnəm əhli və onlara verilən əzablar Peyğəmbəri-Əkrəm (s) tərəfindən müşahidə olunur. Bu mərhələ “merac” adlanır.[2]

MERAC ƏHVALATI

Peyğəmbəri-Əkrəmin (s) merac səfəri Qurani-Kərimin iki surəsində – biri sözügedən “İsra”, digəri isə “Nəcm” surəsində qısa şəkildə qeyd olunur. Dini mətnlərə diqqət yetirdikdə, bu səfəri qısa şəkildə belə bəyan etmək olar: “Peyğəmbəri-Əkrəmin (ə) gecə vaxtı səmalara seyri Məkkədə yaşadığı son illərə təsadüf edir.[3] Amma ilin hansı gecəsində baş verdiyi haqda dəqiq məlumat verilmir. Əllamə Məclisi “Biharül-ənvar” kitabında onun üç gecədən birində baş verdiyini qeyd edir: “1. Rəbiül-əvvəl ayının 17-ci gecəsi; 2. Rəcəb ayının 27-ci gecəsi; 3. Ramazan ayının 17-ci gecəsi.”[4] Peyğəmbəri-Əkrəm (s) həmin gecə Əbu Talibin qızı Ümmü-Haninin evində ikən meraca gedir və o həzrətin Məscidül-Əqsadan səmalara gedib-qayıtması bütünlüklə bir gecə içərisində baş verir.

Peyğəmbəri-Əkrəmdən (s) bu barədə belə nəql olunur: “Mən Ümmü-Haninin evində mürgülədiyim zaman Cəbrail gəlib dedi: “Ey Muhəmməd, ayağa qalx!” Mən ayağa qalxdım. O, mənim əlimdən tutub “Zəmzəm” quyusuna tərəf apardı. Bir mələyə dedi: “Zəmzəm və Kövsər suyundan bir qədər su gətir ki, Muhəmməd dəstəmaz alsın. Həmin mələk su gətirdi və mən dəstəmaz aldım. Cəbrailin göstərişi ilə Məscidül-Hərama daxil oldum. Sonra Cəbrail əlimdən tutub məsciddən çıxartdıqda, qapının önündə Büraqı (Büraq adlı at) gördüm. Cəbrail mənə dedi: “Min. İbrahim peyğəmbər Kəbə evinin ziyarətinə gedərkən ona minərdi.” Mən mindim və o, məni Məscidül-Əqsaya, sonra isə göylərə apardı. Orada qəribəliklər gördüm, yaradılış sirləri ilə tanış oldum və sonra Büraq məni Məkkəyə qaytardı.[5]

Rəvayətlərdə deyilir ki, Büraq bir neçə yerdə – Mədinədə, Kufə məscidində, Sina dağında, İsa peyğəmbərin doğulduğu Beytül-Ləhmdə dayandı və Peyğəmbəri-Əkrəm (s) namaz qıldı, sonra Məscidül-Əqsaya daxil olub orada da namaz qıldı və səmalara qalxdı.[6]

Qeyd etmək lazımdır ki, Peyğəmbəri-Əkrəmin (s) merac səfəri yuxuda və ruhən yox, oyaq vaxtı və cismani baş vermişdir! Bu, dinin zəruri etiqadlarındandır və bütün İslam firqələri tərəfindən yekdilliklə qəbul olunur. “Mütəvatir” rəvayətlərdə, bəzi dua və ziyarətnamələrdə də bu məsələyə işarə olunur və hətta bəzi hədislərdə meracın cismaniliyini inkar edən kəs kafir kimi tanıtdırılır. İmam Sadiq (ə) buyurur:

ليس من شيعتنا من انكر اربعة اشياء: المعراج و المسئلة فى القبر و خلق الجنة و النار و الشفاعة

“Dörd məsələdən birini inkar edən kəs bizim şiəmiz deyil: meracı, qəbirdə sorğu-sualı, behişt və cəhənnəmin yaranışını və şəfaəti.”[7]

“İSRA” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

Peyğməmbəri-Əkrəm (s) və imam Sadiqdən (ə) bu surəni tilavət etməyin savab və fəziləti haqda bir sıra hədislər nəql olunmuşdur. O cümlədən, imam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə oxuyuruq:

من قرء سورة بني اسرائيل في كل ليلة جمعه، لم يمُت حتّى يُدرك القائم ويكون من أصحابه

“Bəni-İsrail (İsra) surəsini hər cümə axşamı oxuyan şəxs Qaimi (imam Zamanı) dərk edib onun dostlarından olmayınca, dünyadan getməz.”[8]

Qeyd etmək lazımdır ki, Quranın surələrini tilavət etməyin savab və fəzilətləri yalnız dildə oxumağa yox, təfəkkür və əməllə yanaşı oxunuşa aiddir. Başqa sözlə, Quranın oxunması onun başa düşülməsi üçün, başa düşülməsi isə əməl olunması üçün bir müqəddimə olmalıdır. Elə uyğun surənin fəziləti ilə əlaqədar Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur: “Bu surəni oxuyan kəs surədə ata və ana barədə buyurulan tövsiyələrə çatdıqda, hissləri oyanar, ata və anasına qarşı sevgi hissləri daha da artar....”[9] Bir sözlə, Quranı bütün hallarda oxumaq savabdır, amma onun savabı və təsirləri təfəkkür və əməllə birgə olduğu zaman quruculuq xarakteri daşıyacaqdır (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 12-cild, səh. 3-6, “İsra” surəsinin təfsiri.)

Rza Şükürlü (Maide.az)



[1] “Kafi”, 8-ci cild, səh.121.

[2]. “Təfsiri-nümunə”, Ayətullah Nasir Məkarim Şirazi, 22-ci cild, səh.504-505.

[3]. “Həzrət Muhəmmədin (s) həyatı”, Seyid Haşim Rəsuli Məhəllati, səh.196.

[4]. “Biharül-ənvar”, Əllamə Məclisi, 18-ci cild, səh.302.

[5]. “Əl-mizann”, Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbai, 13-cü cild, səh.32.

[6]. “Biharul-ənvar”, 18-ci cild, səh.252-261.

[7]. “Biharul-ənvar”, 18-ci cild, səh.312.

[8] “Vəsailuş-şiə”, 7-ci cild, səh.410, hədis 9817.

[9] “Məcməul-bəyan”, 3-cü cild, səh.393.

 

Google+ WhatsApp ok.ru