Quran surələri ilə qısa tanışlıq –‘Qədr’ surəsi

Quran surələri ilə qısa tanışlıq –‘Qədr’ surəsi

Surələr gülüstanı

“Qədr“ surəsi Məkkədə nazil olmuş və 5 ayədən ibarətdir.

“Qədr“ surəsinin Məkkə və ya Mədinədə nazil olmasında fikirayrılığı olsa da, təfsir alimləri arasındakı məşhur nəzərə görə, Məkkədə nazil olmuşdur. (“Təfsiri-nümunə“, c.27, səh.178.)

Qurani-Kərimin ayələrindən açıq-aydın başa düşülür ki, Qurani-Kərim mübarək Ramazan ayında nazil olmuşdur. “Bəqərə” surəsinin 185-ci ayəsində buyurulur:

شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ

Ramazan ayı bir aydır ki, Quran bu ayda nazil omuşdur.”

Digər tərəfdən də “Qədr” surəsinin 1-ci ayəsində buyurulur:

إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

“Həqiqətən, Biz onu (Quranı) “Qədr” gecəsi nazil etdik.”

Bu ayəni “Bəqərə” surəsinin 185-ci ayəsi ilə yanaşı qoyduqda, belə qənaətə gəlirik ki, “Qədr” gecəsi mübarək Ramazan ayının gecələrindən birinə təsadüf edir. Amma “Qədr” gecəsinin Ramazan ayının “hansı gecəsi”nə təsadüf etməsi haqda Qurani-Kərimdə məlumat verilməsə də, məsumların kəlamlarında onun Ramazan ayının 19, 21 və yaxud 23-cü gecələrindən birinə təsadüf etməsi ilə bağlı söz açılmışdır.

Amma burada belə bir sual qarşıya çıxır: “Əgər Quran “Qədr” gecəsi nazil olubsa, bəs, İslam Peyğəmbərinin (s) peyğəmbərliyi dövründə müxtəlif zaman və məkanlarda o Həzrətə nazil olan ayələr nədir?

Cavab olaraq deyə bilərik ki, Qurani-Kərim iki dəfə nazil olmuşdur: birinci dəfə Qurani-Kərim bötövlükdə İslam Peyğəmbərinin (s) mübarək qəlbinə, ikinci dəfə isə 23 il ərzində, tədricən, ayə-ayə, surə-surə nazil olmuşdur. Bu iki növ nazilolma prosesi haqda Allah-Taala Qurani-Kərimdə də söz açmışdır. Belə ki, “Bəqərə” surəsinin 185-ci ayəsində Qurani-Kərimin Ramazan ayında (Ramazan ayı bir aydır ki, Quran bu ayda nazil omuşdur), “Qədr” surəsinin 1-ci ayəsində isə onun “Qədr” gecəsində nazil olmasından açıq-aşkar məlum olur ki, Qurani-Kərim bütövlükdə Qədr gecəsində İslam Peyğəmbərinin (s) qəlbinə nazil olmuşdur. Qurani-Kərimin tədricən, ayə-ayə nazil oması haqda isə “İsra” surəsinin 106-cı ayəsində belə buyurulur:

وَقُرْآناً فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنزِيلاً

“(Ya Peyğəmbər!) Biz bu Quranı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən (23 il ərzində) nazil etdik.

“Qədr” gecəsinin fəzilət və əhəmiyyəti ilə bağlı Allah-Taalanın bu kəlamı kifayət edər ki, “Qədr” surəsinin 2 və 3-cü ayələrində Öz Peyğəmbərinə belə buyurur:

وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْر. لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ

(Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan xeyirlidir!”

Bu ayəyə əsasən, əgər bir şəxs Qədr gecəsini ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ayın (təqribən 84 il) ibadətindən üstün və fəzilətli olar. Bir hədisdə göstərilir ki, İmam Sadiqdən (ə) soruşurlar:

كَيْفَ تَكُونُ لَيْلَةُ الْقَدْرِ خَيْراً مِنْ أَلْفِ شَهْرٍ؟

“Qədr gecəsinin min aydan xeyirli olmasında məqsəd nədir?”

İmam buyurur:

الْعَمَلُ الصَّالِحُ فِيهَا خَيْرٌ مِنَ الْعَمَلِ فِي أَلْفِ شَهْرٍ لَيْسَ فِيهَا لَيْلَةُ الْقَدْر

“Qərd gecəsində yerinə yetirilən bir yaxşı əməlin savabı “Qədr gecəsi” olmayan min ayda yerinə yetirilən əməldən üstündür.” (Vəsailuş-şiə”, c.7, səh.256, hədis 2.)

“Qədr” sözünün mənası və onun bu adla adlandırılmasının səbəbinə gəldikdə isə, “Qədr” sözü lüğətdə hər bir şeyin miqdarının ölçülməsi və təyin olunması mənasını daşıyır. Yəni insanların taleyi, müqəddəratı bu gecə təyin olunduğundan “Qədr” adlanmışdır. “Qədr” surəsinin 4-cü, eləcə də, “Duxan” surəsinin 3 və 4-cü ayələrindən belə başa düşülür ki, “Qədr” gecəsi insanların taleyi həll olunur. Yəni Allah-Taala Öz elmi ilə kimin xoşbəxt və kimin bədbəxt olmasını gələn ilin “Qədr” gecəsinə qədər təyin edir. “Qədr” surəsinin 4-cü ayəsində buyurulur:

تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ

O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir iş(in təqdir, tənzim və təsbit edilməsin)dən ötrü yerə enərlər.

Bəzilərinin nəzərincə, “Qədr” gecəsi çox qiymətli və fəzilətli gecə olduğu, eləcə də, bu gecəni ehya saxlayıb ibadətlə, dua və raz-niyazla keçirən şəxsin Allah-Taala dərgahında qədir-qiyməti və dərəcəsi uca olduğundan, həmin gecə “Qədr” deyə adlanmışdır.

“Qədr” surəsinin son ayəsində belə buyurulur:

سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ

“O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar.”

Qədr” surəsini tilavət etməyin fəziləti

“Qədr“ surəsini oxumağın fəziləti ilə bağlı Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur:

مَن قَرَأَها اُعطِىَ مِنَ الأجرِ کَمَن صامَ رَمَضانَ وَأحیا لَیلَةَ القَدرِ

Hər kim onu (“Qədr“ surəsini) oxusa, Ramazan ayında oruc tutan və “Qədr“ gecəsi əhya saxlayan şəxs kimidir. (“Məcməul-bəyan“, c.10, səh.516.)

İmam Baqir (ə) də buyurur:

مَن قَرَأَ اِنّا أنزَلناهُ بِجَهر کانَ کَشاهِرِ سَیفِهِ فی سَبیلِ اللّهِ وَمَن قَرَأَها سِرّاً کانَ کَالمُتَشَحِّطِ بِدَمِهِ فی سَبِیلِ اللّهِ

Hər kim “İnnə ənzəlnəhu“ surəsini ucadan oxusa, Allah yolunda qılınc çalan (cihad edən) şəxs kimidir və hər kim onu astadan oxusa, Allah yolunda qanına boyanmış şəxs kimidir. (“Məcməul-bəyan“, c.10, səh.516.)

Aydındır ki, bu qədər fəzilət onu oxuyub dərk edən və onun möhtəvasını həyatda gerçəkləşdirənə aiddir.

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru