Quran surələri ilə qısa tanışlıq – ‘Ər-Rəhman’ surəsi

Quran surələri ilə qısa tanışlıq – ‘Ər-Rəhman’ surəsi

“Ər-Rəhman“ surəsi Məkkədə nazil olmuş və 78 ayədən ibarətdir.

Bu surədə Allahın Öz bəndələrinə bəxş etdiyi müxtəlif (maddi və mənəvi) nemətlərindən bəhs edilir. Başqa sözlə, surə ilahi rəhmət və nemət surəsidir və ona görə də, Allahın geniş rəhməti mənasını daşıyan mübarək “Ər-Rəhman“ adı ilə başlayır, Allahın şövkət və kəraməti ilə sona yetir. Surədə “Fəbi-əyyi alai Rəbbikumə tukəzzibən“ (Elə isə, Rəbbinizin hansı nemətlərini təkzib edirsiniz?!) – təbiri 31 dəfə təkrarlanır. Yәni surәnin üçdә birindәn аrtıq hissәsi bu хitаbdаn ibаrәtdir və Аllаhın nеmәtlәri sаdаlаndıqdаn sоnrа qeyd olunan təbir tәkrаrlаnır.


Surәdә ilаhi nеmәtlәrin sаdаlаnmаsı “Əllәmәl-Qur’аn“ (Аllаh Quranı öyrәtdi) – cümlәsi ilә bаşlаnır. Qurаni-Kərim ilаhi nеmәtlәrin әn әzәmәtlisi оlduğundаn vә bu nеmәt digәr nеmәtlәrdәn üstün sаyıldığındаn Аllаh-Taаlа оnu digәr nеmәtlәrdәn qаbаq yаd еdir. Bәli, Qurаn nеmәtlәrin üstünüdür. О, dоğru yоlu göstәrir vә hаmını аrzu edilən хоşbәхtliyә dоğru sövq еdir.


Sözügedən surənin mütəşəkkil bir qismi rəhman Allahın nümətlərinin bəyanına həsr olunsa da, onun möhtəvasını bir neçə hissəyə bölmək olar:


1. Surənin müqəddiməsi və başlanğıc hissəsində yaradılış aləminin böyük nemətlərindən, təlim-tərbiyədən, hesab-kitabdan, əməl tərəzisindən, insanın rifahını təmin edən vasitələrdən, cismani və ruhani qidalardan söz açılır.


2. İkinci hissə insan və cinlərin yaradılış keyfiyyəti ilə bağlı izahatdan ibarətdir.


3. Üçüncü hissə Allahın yer və göylərdəki nişanələrinə həsr olunur.


4. Dörddüncü hissədə dünyəvi nemətləri aşaraq axirət nemətləri – bağlar, çeşmələr, meyvələr, gözəl zövcələr, cürbəcür libaslardan ibarət Behişt nemətləri diqqət və incəliklə şərh edilir.

5. Nəhayət, sonuncu hissədə günahkarların axır-aqibəti və şiddətli cəzalarına qısa şəkildə işarə olunur. Surənin əsas hissəsi Allahın mərhəməti ilə əhatə olunduğundan, bu hissəyə geniş yer ayrılmır; əksinə, Behişt nemətləri geniş şəkildə izah olunaraq möminlərin qəlblərinə şadlıq bəxş edilir, onlarda ümidvarlıq hissi oyadılır, qəm qübarı şövq fidanı ilə əvəz edilir.


“Fəbi-əyyi alai Rəbbikumə tukəzzibən“ (Elə isə, Rəbbinizin hansı nemətlərini təkzib edirsiniz?!) ayəsinin təkrarlanması surəyə xüsusi gözəllik bəxş edir. Surənin gözəl möhtəvasını və özəl cazibəsini nəzərə alaraq, Peyğəmbəri-Əkrəm (s) onu Quranın gəlini adlandırmış və buyurmuşdur:


لِکُلِّ شَیْءٍ عَرُوسٌ وَ عَرُوسُ الْقُرْآنِ سُورَةٌ الرَّحْمَنِ جَلَّ ذِکْرُه

“Hər bir şeyin gəlini var, Quranın gəlini isə “Ər-Rəhman“ surəsidir.” (“Əd-durrul-mənsur“, c.6, səh.140.)


Ərəb dilində “ərus“ (gəlin) sözü təkcə qadına deyil, həm bəyə, həm də gəlinə (hər ikisinə) aid edilir. Başqa sözlə, toy mərasimində bəylə gəlin ən gözəl şəkildə bəzəndikləri və insanlar tərəfindən ehtiramla qarşılandıqları üçün hər ikisinə “ərus“ deyilir və ən gözəl, ən əziz varlıqlara şamil edilir. (“Təfsiri-nümunə“, c.23, səh.92-93.)


“Ər-Rəhman” surəsini tilavət etməyin fəziləti


Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:


مَن قَرَأَ سورَةَ الرَّحمنِ رَحِمَ اللّهُ ضَعفَهُ وَأدَّى شُکرَ ما أنعَمَ اللّهُ عَلَیهِ

“Hər kim “Ər-Rəhman“ surəsini oxusa, Allah onun (nemətlərin şükrünü etməkdəki) zəifliyinə rəhm edər və ona bəxş etdiyi nemətlərin şükür haqqını Özü əda edər.” (“Nurus-səqələyn“, c.5, səh. 187.)


İmam Sadiq (ə) buyurmuşdur:


 مَن قَرَأَ سورَةَ الرَّحمنِ فَقالَ عِندَ کُلِّ «فَبِأَىِّ آلاَءِ رَبِّکُمَا تُکَذِّبَانِ» لا بِشَیْءٍ مِنْ آلائِکَ رَبِّ اُکَذِّبُ، فَإن قَرَأَهَا لَیْلًا ثُمَّ ماتَ ماتَ شَهیداً وَ إِنْ قَرَأَها نَهاراً فَماتَ ماتَ شَهیداً

“Hər kim “Ər-Rəhman“ surəsini oxusa və hər dəfə “Fəbi-əyyi alai Rəbbikumə tukəzzibən“ (Elə isə, Rəbbinizin hansı nemətlərini təkzib edirsiniz?!) – ayəsini oxuduqda, “Lə bişəy`in min alaikə Rəbbi ukəzzibu“ (Ey Rəbbim, Sənin nemətlərinin heç birini təkzib etmirəm!) – ibarəsini desə, o surəni istər gecə, istərsə də gündüz oxuyandan sonra vəfat edərsə, şəhid olaraq vəfat etmişdir.” (“Səvabul-əmal“, səh.116; “Təfsiri-nümunə“, c.23, səh.94.))


Rza Şükürlü (Maide.az)
 

Google+ WhatsApp ok.ru