Quran surələri ilə qısa tanışlıq – 'Həşr' surəsi

Quran surələri ilə qısa tanışlıq – 'Həşr' surəsi

Surələr gülüstanı

 “Həşr surəsi Mədinədə nazil olmuş və 24 ayədən ibarətdir.

Bu surəsinin möhtəvasını altı hissədə xülasə etmək olar:

1. Müxtəlif bəhslər üçün bir müqəddimə hesab edilən və bir ayədən ibarət olan birinci hissədə varlıqların böyük və hikmətli Allahın dərgahındakı ümumi zikr və təsbihindən söz açılır. Ayədə buyurulur:

سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təsbih deyir. O, yenilməz qüdrət sahibi, hikmət sahibidir!

2. 2-ci ayədən başlayıb 10-cu ayədə yükunlaşan (və 9 ayədən ibarət olan) ikinci hissədə müsəlmanlarla əhd-peymanlarını pozan mədinəli yəhudilərin qarşıdurmasından danışılır.

3. Üçüncü hissə 11-ci ayədən başlayıb 17-ci ayəyə qədər davam edir və yəhudilərlə yaxından həmkarlıq edən Mədinə münafiqlərinin macərasına həsr edilir.

4. Üç ayədən ibarət olan dördüncü hissədə bütün müsəlmanlara aid bir sıra ümumi öyüd-nəsihətlərə yer verilir və həqiqətdə, sözügedən macəradan alınan nəticəyə toxunulur.

5. Beşinci hissə yalnız bir ayədən ibarətdir (21-ci ayə) və bu ayədə Qurani-Kərim vəsf edilir, onun insan ruhu və canını saflaşdırmaqdakı təsirindən söz açılır.

6. Sonuncu hissə 22-ci ayədən başlayıb 24-cü ayədə sona yetir. Bu hissədə Allah-Taalanın gözəl adları (əsmayi-hüsna), “cəlal” və “cəmal” sifətlərinin mühüm hissəsinə toxunulur ki, bu da insana Allahı yaxşı tanımaq üçün böyük kömək göstərir.

Surənin adı “həşr”dən – yəhudilərin Mədinədən köç etməsi üçün bir yerə toplaşmasından və yaxud yəhudiləri şəhərdən qovmaq üçün müsəlmanların bir yerə toplantısından söz açan ikinci ayədən götürülmüşdür. Bundan da aydın olur ki, (buradakı) “həşr” sözünün Qiyamətlə heç bir əlaqəsi yoxdur. (Qiyamətin adlarından biri də (“insanların Qiyamət səhrasına toplaşması” mənasını ifadə edən) “həşr”dir.)

Bəziləri bu surəni “Bəni-Nəzir” adlandırmışlar. Çünki onun ayələrinin mühüm hissəsində Bəni-Nəzir qəbiləsindən söz açılır. (“Təfsiri-nümunə“, c.23, səh.480.)

Bu surə Allaha zikr və təsbihlə başlayan “Müsəbbihat” surələrindən biridir, həm də surə Allaha təsbihlə sona yetir.

Həşr” surəsini tilavət etməyin fəziləti

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

وَمَن قَرَأَ سورَةَ الحَشرِ لَم تَبقَ جَنَّةٌ وَلا نارٌ وَلا عَرشٌ وَلا کُرسِىٌّ وَلا حِجابٌ وَلا السَّماواتُ السَّبعُ وَلا الأرَضونَ السَّبعُ وَالهَوامُّ وَالرِّیاحُ وَالطَّیرُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَالشَّمسُ وَالقَمَرُ وَالمَلائِکَةُ إلاّ صَلَّوْا عَلَیهِ وَاستَغفَرُوا لَهُ وَإن ماتَ مِن یَومِهِ أو لَیلَتِهِ ماتَ شَهِیداً

“Hər kim “Həşr” surəsini oxusa, Cənnət, Cəhənnəm, ərş, kürsi, hicab, yeddi göy, yeddi yer, küləklər, quşlar, ağaclar, heyvanlar, günəş, ay və mələklərdən ona rəhmət oxumayan (salam-salavat deməyən) və onun günahlarının bağışlanmasını diləməyən qalmaz. Əgər o, həmin gecə və yaxud həmin gün ölərsə, şəhid ölər.”” (“Məcməul-bəyan”, c.9, səh.255.)

İmam Sadiq (ə) buyurmuşdur:

مَن قَرَأَ إذا أمسَى الرَّحمنَ وَالحَشرَ وَکَّلَ اللّهُ بِدارِهِ مَلَکاً شاهِراً سَیفَهُ حَتّى یُصبِحَ

“Hər kim “Ər-rəhman“ və “Həşr“ surələrini günbatan vaxtı oxuyarsa, Allah-Taala onun evini səhərə qədər qorumaq üçün qınından çıxarılmış qılınca sahib bir mələk məmur edər.“ (“Məcməul-bəyan“, c.9, səh.255.)

Şübhəsiz, bu qədər savab və fəzilət surəni oxuyub məna və öhtəvası üzərində düşünənlərə və onu öz həyatında tətbiq edənlərə aiddir. (“Təfsiri-nümunə“, c.23, səh.481-482.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru