QURANİ-KƏRİM VƏ MÖMİNLƏRİN MƏQAMLARI

QURANİ-KƏRİM VƏ MÖMİNLƏRİN MƏQAMLARI

Qurani-Kərimdə möminlərin müxtəlif məqamlarına işarə olunur. Möminlər bu məqamlara malik olmaqda azaddır. Bu məqamların geniş izahı bu yazının həcminə uyğun gəlmədiyindən, bəzi məqamlara qısa şəkildə işarə etməklə kifayətlənirik:
 
1. “Təslim” məqamı: Yəni bu məqama sahib olan insan bütün vücudu ilə Allahın ixtiyarındadır və Ona təslimdir. Bu, həzrət İbrahimin (ə) Allahdan istədiyi məqamdır. (1) Allaha təslimçilik əməldə ilahi əmrlərə itaət, günah və haramdan çəkinməklə yanaşı, insanın düşüncələrində də aşkar olunmalıdır.
 
2. “Əbrar” məqamı (2): Əllamə Təbatəbainin nəzərincə, bu imanın ən yüksək məqamıdır. (3) Quran baxımından insan ona nail olmaq üçün ehtiyac duyduğu və sevdiyi şeyləri haqq yolunda xərc etməli, başqalarına bağışlamalıdır. Bu məqam, yalnız Allahın xalis və həqiqi bəndələrinə məxsusdur. (4)
 
3. “Təqva” məqamı: Allah-Taala Qurani-Kərimdə onun xüsusi məqam olmasını müxtəlif ifadələrlə vurğulayaraq, təqvalıları Öz dostu kimi tanıtdırır. (5) Bəzi təfsirçilərin nəzərinə görə, təqvanın müxtəlif dərəcələri olsa da, insanın təqvada üç şərtə riayəti daha çox əhəmiyyət kəsb edir:
a) İnsan Allahdan qorxmalı və qorxduğu üçün də günahdan çəkinməlidir;
b) İnsan günahdan uzaqlaşmalı, ona əsla yol verməməlidir;
c) İnsan hər halda – istər qorxudan, istərsə də günahdan çəkinməklə – Allaha yaxınlaşmaq niyyəti ilə əməl etməlidir. (6)
 
4. “İxlas” məqamı: Şeyx Tusinin ifadəsi ilə desək, ixlas əməlləri yalnız Allaha görə yerinə yetirməkdir. Yəni insan qəlbini haqqa yönəltməli, qəlbində Allahdan başqasına yer ayırmamalıdır. Qurani-Kərim baxımından ixlas insanın əsl mahiyyətidir və çox vaxt nəfsani istəklər pərdəsi altında gizli qalır. (7) Qurni-Kərimə əsasən, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə məqama nail olsa, istədiyini əldə edər. (8) Haqq-Taalanın görüşünü, “cəlal” və “camal” sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli, əqidə və əməlində Allaha şərik qoşmamalıdır. (9)
 
Qeyd etmək lazımdır ki, Qurani-Kərimə əsasən, iman “Allaha baş əymək” və “Allaha təslim olmaq”la yanaşı, yəqinlə birgə “elm” və “mərifət” deməkdir.  “Allah-Taala”, “qeyb”,  “məad”,  “risalət”,  “peyğəmbərlər”,  “səmavi kitablar”,  “imamət”  və “mələklər”  imanın predmeti sayılır. Düz danışmaq, əxlaqi səciyyələr, ruhi aramlıq, maddi nemətlər  və saleh əməllər imanın faydalarındandır. İman artıb-azalmaq qabiliyyətinə malikdir. İnsanın mərifəti azdan başlayıb tədricən çoxaldığı kimi, onun dini prinsiplər barədə düşüncəsi də artır. Dini prinsiplərə qəlbən təslim olmaq da dəyişilmək qabiliyyətinə malikdir. Deməli, insanın imanı həm çoxala, həm də azala bilər. 
 

[1]. “Bəqərə” surəsi, ayə 128.

[2]. “Mutəffifin” surəsi, ayə 18-22.

[3]. “Əl-mizan”, 1-ci cild, səh.430.

[4]. “Dəhr” surəsi, ayə 5-6.

[5]. “Casiyə” surəsi, ayə 19; “Ənfal” surəsi, ayə 34; “Bəqərə” surəsi, ayə 21; “Həcc“ surəsi, ayə 37 və s.

[6]. “Təfsiri mövzuiyi Quran”, 11-ci cild, səh. 205-219.

[7]. “Loğman” surəsi, ayə 32.

[8]. “Bəyyinə” surəsi, ayə 7-8.

[9]. “Kəhf” surəsi, ayə 110. “İxlas” bəhsi ilə əlaqədar bax: “Təfsri mövzuiyi Quran”, 11-ci cild, səh.253-258.
 
 
Rza Şükürlü (Maide.az)
 

Google+ WhatsApp ok.ru