QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ - 14

QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ - 14

-- 14. TƏVƏLLA VƏ TƏBƏRRA

Allah dostları ilə dost olmaq və Allah düşmənləri ilə düşmən olmaq, başqa sözlə, yaxşılarla bir, pislərdən isə uzaq olmaq behiştin açarlarından biridir ki, Qurani-Kərimin “Mucadilə” surəsinin 22-ci ayəsində bu haqda belə buyurulur:

لَا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ أُولَٰئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْإِيمَانَ وَأَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا

“Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları),  qardaşları və qohumları olsalar belə dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar...”

Ayənin davamında bu zümrənin mənəvi mükafatından söz açılaraq buyurulur:

رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ

Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar...”

Nəhayət, ayənin sonunda buyurulan təbir isə, həmin zümrənin iftixar tacıdır. Ayədə buyurulur:

أُوْلَئِكَ حِزْبُ اللَّهِ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ

Onlar Allahın ordusudurlar. Bil ki, şübhəsiz, Allahın ordusu həmin nicat tapanlardır.”

Qeyd etməliyik ki, “təvəlla” və “təbərra” – Allah naminə sevmək və Allah naminə nifrət bəsləmək İslamın vacib buyurduğu məsələlərdən biridir və “fürui-din”in tərkib hissəsidir. Qurani-Kərimə görə, Allah dostlarına sevgi göstərmək və Allah düşmənlərinə nifrət bəsləmək hər bir müsəlmanın dini vəzifəsidir. Bu vacib məsələ o qədər əhəmiyyətlidir ki, Quran ayələrində, məxsusən, sözügedən ayədə “imanın nişanəsi”, məsum rəhbərlərimizin kəlamında isə “imanın möhkəm dəstəyi” təbiri ilə qeyd olunmuşdur. Misal üçün, Peyğəmbəri-Əkrəm (s) Əbuzər Qifaridən: أَيُّ عُرَى اَلْإِيمَانِ أَوْثَقُ “İmanın ən möhkəm dəstəyi nədir?” – deyə soruşduqda, Əbuzər deyir ki, Allah və Onun Rəsulu daha yaxşı bilər. Sonra Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَلْمُوَالاَةُ فِي اَللَّهِ وَ اَلْمُعَادَاةُ فِي اَللَّهِ وَ اَلْبُغْضُ فِي اَللَّهِ

Allah naminə sevmək, Allah naminə düşmənçilik etmək və Allah naminə nifrət bəsləmək.” (“Tuhəful-uqul”, 1-ci cild, səh.45.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru