QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ - 16

QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ - 16

16. İXLAS

 

Behişt açarlarından biri də əqidə, əməl və niyyətdə ixlasdır. Necə ki, “Saffat” surəsinin 38-43-cü ayələrində belə oxuyuruq:

إِنَّكُمْ لَذَائِقُو الْعَذَابِ الْأَلِيمِ. وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ. إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ. أُوْلَئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ. فَوَاكِهُ وَهُم مُّكْرَمُونَ. فِي جَنَّاتِ النَّعِيمِ

Siz (müşriklər) şiddətli əzabı mütləq dadacaqsınız! Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız. Allahın müxlis bəndələri isə müstəsnadırlar. Məhz onlar üçün məlum bir ruzi – növbənöv meyvələr vardır. Onlar hörmətli olacaqlar – Nəim cənnətlərində.

Bu ayələrdə cəhənnəm əhlinin şiddətli əzablarına işarə olunduqdan sonra xalis (müxləs) bəndələr bu əzablardan istisna edilir.

İndi isə görək, Qurani-Kərimdə qeyd olunan “müxləsin” və “müxlisin” (müxləs və müxlis bəndələr) kimlərdir?

Quran ayələrinə diqqət yetirdikdə, “müxlis bəndələr” (niyyət və əməllərində saf və ixlaslı olanlar) – təbirinin daha çox özünütərbiyə mərhələsində olan insanlar barəsində işləndiyinin şahidi oluruq. Bir halda ki, “müxləs bəndələr”in (xalis olunmuşların) məqamı daha da böyükdür; iman, mərifət və əməl baxımından yüsək məqam sahibi olub, şeytanın təsir dairəsindən xaric, şeytani hiylə və vəsvəsələrdən amanda qalanlar barəsində işlənən bir təbirdir. “Sad” surəsinin 82-83-cü ayələrində İblisin dili ilə belə nəql olunur:

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ. إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ

(İblis) dedi: “Sənin izzətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam; yalnız Sənin “müxləs (xalis olunmuş) bəndələrindən başqa!

Həqiqətdə, insanın vücudu və ruhundakı nasazlıqlar iki qismə bölünür: Onun bir qismini asanlıqla tanıyıb aradan qaldırmaq mümkündür. Bir qismi isə o qədər məxfi və gizlidir ki, ya insan onları aşkar edə bilmir, ya da aşkar etdiyi təqdirdə, onları aradan qaldırmağa gücü çatmır. İnsan ixlas yoluna qədəm qoyub ruhu, canı və əməllərindəki birinci qismə aid nasazlıqları aradan qaldırdıqda, Allah-Taalanın lütf və kərəmi ilə ikinci qismə aid nasazlıqları da aradan qaldırmağa müvəffəq olur. Bu zaman Allah-Taala onu “müxləs bəndələr” zümrəsinə qatılmağa layiq görür və bu zümrədən olanları bir sıra məziyyətlərlə qiymətləndirir. O cümlədən, sözügedən ayəyə əsasən, Alla-Taala Öz xəfiyyə lütfü sayəsində məxsus ruzini onlara əta edir və onlar Onun pak zatının cilvələrindən ləzzət alır, batini şühud badəsi ilə məst olurlar. Həmin ayədə buyurur:

أُوْلَئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ

Məhz onlar üçün məlum bir ruzi vardır.

Onlara əta olunan digər məziyyətlərdən biri də, “Sad” surəsinin 82-83-cü ayələrində buyurulduğu kimi, şeytani hiylə və vəsvəsələrdən amanda qalmaqdır.

Üçüncü məziyyətləri isə, yüksək irfani məqama nail olmalarıdır. Onların mərifəti o qədərdir ki, Allahı düzgün şəkildə vəsf edə bilir, şirkə boyanmış vəfslərdən uzaq dururlar. Necə ki, “Saffat” surəsinin 159-160-cı ayələrində buyurulur:

سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ. إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Allahın müxləs (xalis) bəndələri isə istisnadır. (Onlar Allahı bütün eyib və nöqsanlardan uzaq bilir, düzgün vəsf edirlər.)”

Beləliklə, onlar mərifətcə üstün, şeytan və nəfsani istəklərin müqabilində güclü, qiyamətdə də savabları hamıdan çoxdur. Budur “müxləs (xalis) bəndələr”in mükafatı!

İlahi, Peyğəmbər və onun pak Əhli-beytinə xatir, bizi müxləs bəndələrindən qərar ver! (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.75-76.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru