Qurban bayramında əfv gözlənilirmi?

Qurban bayramında əfv gözlənilirmi?

Qarşıdan Qurban bayramı gəlir. Adətən bayram günlər ərəfəsində əfv sərəncamı imzalanır. Bəs görəsən, sentyabr ayında da əfv gözlənilirmi? FaktXeber.com məsələ ilə əlaqədar "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevdən münasibət öyrənib.
 
Hüquqşünasın sözlərinə görə, əfv məsələsi prezidentin konstitusion hüququdur və o, hər zaman bu hüququndan istifadə edə bilər:  «Müstəqillikdən bu günə qədər 61 əfv sərəncamı olub və 8 minə qədər məhkum cəzadan azad edilib. Sonuncu əfv sərəncamı mart ayında olub. Bundan sonra isə Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis amnistiya barədə qərar qəbul edib. İyunun 15-də qüvvəyə minən əfv sərəncamı 4 ay müddətində icra olunmalıdır. Hazırda onun icra prosesi başa çatmaqdadır. Ona görə düşünmürəm ki, yaxın günlərdə əfv sərəncamı imzalana bilər».
 
Bununla belə, ekspert əfv məsələsinin prezidentin səlahiyyətinə aid olan bir məsələ olduğunu bir daha vurğuladı: «Bütövlükdə cəza siyasətində gedən islahatlar həm çoxsaylı məhkumların azadlığa çıxmasına imkan yaradır, onların yeni həyata qarışmasına şanslar verir. Bu həm prezidentin əfv sərəncamı, həm Milli Məclisin amnistiya aktları ilə həyata keçirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkumların vaxtından əvvəl şərti azad edilməsi, yaxud cəza rejimlərinin yüngülləşdirilməsi ilə bağlı komissiya yaradılıb. O komissiya da mütəmadi olaraq demək olar ki, hər gün işləyir. Bunun nəticəsində bir neçə ildə 5000-ə yaxın şəxs barədə cəza dəyişdirilib: onlar ya şərti azadlığa buraxılıb, ya rejim şəraiti dəyişdirilib. Bu baxımdan da davamlı olaraq proseslər gedir. Mən bütün bu hadisələrin fonunda Qurban bayramı ərəfəsində əfv sərəncamı olmasını gözləmirəm, amma bir daha qeyd edirəm ki, bu prezidentin səlahiyyətlərinə aiddir. Əfv Komissiyasının bu məsələ ilə bağlı toplantısı olmayıb».
 
Əliməmməd Nuriyev Əfv Komissiyasının işi barədə də məlumat verdi: “Qurum fəaliyyət göstərir və bütün məhkumlardan, onların yaxınlarından, qanuni nümayəndələrindən, qeyri-hökumət təşkilatlarından daxil olan müraciətləri araşdırır, müvafiq arayışlar hazırlayıb, onu Əfv Məsələləri üzrə Komissiyanın rəhbəri Ramiz Mehdiyevə təqdim edir. Əfv Komissiyasının üzvü kimi bizə də müraciətlər olur və biz bu məsələləri Komissiyanın katibliyinə göndəririk. Bu daimi işləyən bir orqandır və hər gün, hər an işləyir. Ona görə də mütəmadi olaraq məlumatlar toplandıqca, emal edildikdən sonra təbii ki, komissiyanın sədrinə təqdim olunur, Komissiya sədrinin təşəbbüsü ilə iclas çağırılır və müvafiq məsələlər müzakirə olunur.”
 

Google+ WhatsApp ok.ru