QURBANLIQLA BAĞLI TEZ-TEZ VERİLƏN SUALLAR-CAVABLAR

QURBANLIQLA BAĞLI TEZ-TEZ VERİLƏN SUALLAR-CAVABLAR

Hicri-qəməri tarixi ilə Zil-hiccə ayının 10-cu günü İslam ümmətinin böyük və fəzilətli bayramlarından biri olan “Qurban bayramı”dır və hər il müsəlmanlar bu bayramı təntənəli surətdə keçirib o günün əməllərini, məxsusən, qurbanlıq mərasimini yerinə yetirməklə İbrahim peyğəmbərlə oğlu İsmail peyğəmbərin xatirəsini əziz tuturlar.

Biz bu yazıda oxucular tərəfindən qurbanlıqla bağlı tez-tez verilən sualları cavablandıracaq və qurban kəsmək istəyənlərin bilməli olduğu məlumatları onların diqqətinə çatdıracağıq:

1. Qurban kəsmək vacibdir, yoxsa müstəhəb?

Həcc mövsümündə “təməttö həcci” üçün ehram bağlayanlara (Allah evinin ziyarətində iştirak edənlərə – Minada) qurban kəsmək vacib, ziyarətdə olmayanlar üçün müstəhəb əməldir.

2. Hansı heyvan növündən qurban kəsmək olar?

İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-Kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın “ənam” adlanan ev heyvanlarından olması şərt sayılıb. “Ənam” surəsinin 143-144-cü ayələrində isə, “ənam” qisminə aid heyvanların yuxarıda adı çəkilən dörd cinsdən olduğu vurğulanıb. Buna görə də bir çoxlarının təsəvvür etdiyi kimi, “Qurban bayramı günü mütləq qan axıtmaq lazımdır” düşüncəsi ilə adıçəkilən heyvanları kəsməyə imkanı olmayan şəxsin toyuq, xoruz və sairə kəsməsi qurban sayılmaz.

3. Qurban kəsilən heyvanın şəriətdə tələb edilən şərtləri hansılardır, məxsusən həmin heyvanın yaş həddi nə qədər olmalıdır?

Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolunda qurban kəsməyə icazə verilmir. Heyvan xəstə və zəif olmamalı, qocalıb əldən düşməməlidir. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməlidir. İnəyin və keçinin 2 yaşı bitib 3-cü ilə, qoyunun isə bir ilinin tamam olması və 2-ci ilə keçməsi şərtdir.

4. Qurbanlıq heyvan mütləq erkək olmalıdır, yoxsa dişi heyvanı da qurban kəsmək olar?

Qurbanlıq heyvanın erkək olması vacib şərt deyil. Erkək olması barədə təsəvvürlər, yəqin ki, ilk növbədə həzrət İsmailin (ə) əvəzinə endirilmiş heyvanın erkək cinsindən (qoç) olması ilə bağlıdır.

5. Bir neçə nəfərin yığışıb qurban kəsməsi (şərikli halda qurban alıb kəsmək) düzgündürmü?

Allah evinin ziyarətində iştirak edən hər kəsin müstəqil qurban kəsməsi və yaxud kəsdirməsi vacib şərtdir. Yalnız son dərəcə zəruri hallarda bir neçə adamın şərikli olaraq qurban kəsməsinə icazə verilir ki, onlar da ehtiyata görə, qurban kəsməyən adam kimi kəffarə orucu tutmalıdırlar. Lakin bu deyilənlər Allah evinin ziyarətində olanlara aiddir. Öz vətənində olanlar və həccdə olmayanlar üçün qurban vacib deyil, amma müstəhəbdir və müstəhəb olduğu üçün də qurban günü şərikli qurban kəsmək qadağan deyil, təklikdə qurban kəsməyə imkanı olmayanlar birləşib qurban kəsə bilərlər. Amma imkan varsa, təklikdə kəsmələri daha yaxşıdır.

6. Qurbanlıq heyvan yalnız “Qurban bayramı” günü kəsilməlidirmi?

Əlbəttə, qurbanlıq heyvanı Qurban bayramı günü kəsmək daha yaxşıdır. Amma Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin eybi yoxdur.

7. Qurbanlıq heyvanı kəsərkən hansı şərtlərə riayət etmək lazımdır?

Qurbanlıq heyvan üzü qibləyə uzadılmalı, boğazındakı dörd iri damar birdəfəyə kəsilməlidir. Damarların bəzisini kəsib gözləmək, sonra o birilərini kəsmək olmaz (dəvənin kəsilməsi isə fərqlidir, dəvə nəhr olunmalıdır). Qurbanlıq heyvanı müsəlman şəxs kəsməlidir. Heyvan üzü və ayaqları qibləyə sarı olmaqla sol böyrü üstə yatırılmalı, Allahın adı (“bismillah” və ya buna bənzər Allah adı olan zikrlərdən biri) çəkilərək kəsilməlidir. Qəsdən Allahın adı çəkilmədən kəsilmiş heyvan murdar sayılır və onun əti haram sayılır. Heyvanın boğazından kifayət qədər qan gəlməlidir. Qurban kəsərkən bəzi şərtlərə riayət etmək müstəhəbdir. Məsələn, qoyunun qabaq ayaqlarını və arxa ayaqlarından birini bağlamaq, bir ayağını açıq saxlamaq (boğazı kəsiləndən sonra qanın axması üçün hərəkət etməsinə şərait yaratmaq məqsədi ilə). İnəyin bütün ayaqlarını bağlayıb, quyruğunu açıq saxlamaq, dəvənin qabaq ayaqlarını aşağıdan dizinə kimi və ya sinəsinə kimi bağlayıb, arxa ayaqlarını açıq saxlamaq müstəhəbdir. Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı kəsməzdən əvvəl onun qabağına su qoyaraq içməsinə imkan verməsi də müstəhəbdir. Həmçinin heyvana əziyyət olmasın deyə, bıçağı itiləmək və boğazını tez üzmək məsləhət görülür. Buna görə də, heyvan kəsə bilməyən və təcrübəsiz adamın bu işi təcrübəli bir şəxsə həvalə etməsi daha yaxşıdır. Heyvanı başqa heyvanların gözü qarşısında kəsmək, canı bədənindən çıxmayınca başını üzmək məkruhdur.

8. Qurban kəsərkən hansı duaları oxumaq tövsiyə edilir?

Qurban kəsərkən yalnız Allahın adını çəkmək (məsələn “bismillah” demək) vacibdir. Hər hansı başqa duanı oxumaq isə müstəhəbdir. Qurban kəsərkən oxunan geniş yayılmış müstəhəb dua belədir:

“Vəccəhtu vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərz, hənifən muslimən və ma ənə minəl-muşrikin. İnnə səlati və nusuki və məhyayə və məmati lillahi rəbbil-aləmin. La şərikə ləhu və bizalikə umirtu və ənə minəl-muslimin. Əllahummə minkə və ləkə. Bismillahi vəllahu-əkbər.”

Tərcüməsi: “Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən buna (yəni iman gətirməyə) əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır.” Qurbanı kəsəndən sonra deyilir: “Əllahummə təqəbbəl minni (Allahım, (bu qurbanı) məndən qəbul et).

9. Qurbanlıq ətini necə bölüşdürmək, başqa sözlə, neçə hissəyə bölmək lazımdır?

Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürməsi, yerdə qalan iki hissədən birini öz qonşularına, digər hissəni isə ehtiyacı olanlara paylaması müstəhəbdir. Tarixdə göstərilir ki, məsum imamlarımız qurbanlıq ətini məhz bu şəkildə bölüşdürürmüşlər. (“Biharul-ənvar”, 99-cu cild, səh 296, 16-cı hədis). Lakin qurban sahibi istəyərsə, qurbanlıq ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara və yaxınlarına paylaya bilər.(Maide.az)

Google+ WhatsApp ok.ru