QİÇS xəstələri də sağlam övlad sahibi ola bilər, amma...

QİÇS xəstələri də sağlam övlad sahibi ola bilər, amma...

Adil Qeybulla: “Azərbaycana gələn QİÇS infeksiyasının böyük əksəriyyəti Rusiyanın payına düşür”
 
2015-ci il iyunun 1-dən 2017-cı il iyulun 31-dək nikah üçün müayinələrdən keçən şəxslərin 225 nəfərində QİÇS aşkarlanıb. Qeyd edək ki, təkcə bu ilin mart ayında 9 nəfərdə bu xəstəlik aşkar edilib. Ötən il ərzində isə bu rəqəm 85 nəfərə çatırdı.
Göstərilən rəqəmlər kifayət qədər böyük rəqəmdir. Bəzi ucqar bölgələrdə rəsmi nikaha düşməyən yeni ailələri də nəzərə alsaq, mövcud rəqəmin daha çox olduğunu demək olar. Ekspertlər qeyd edir ki, QİÇS-ə yoluxanlar əsasən narkotik istifadəçiləridir. Xəstəliyə yoluxanların da əksəriyyəti Bakı şəhərində aşkarlanır. Bölgələrdən isə daha çox Masallı, Lənkəran, Göyçay, Astara kimi rayonlarda bu xəstəlik yayılmağa başlayıb.
 
Xəstəliyin 4 mərhələsi olur. Bədən xəstəliyə yoluxduqdan 20 gün sonra ona reaksiya verir. Xəstəlik aşkar edildikdən sonra müalicələrə başlanılsa da, bir müddət sonra virus yenidən üzə çıxmağa başlayır. Bu bəzən 5-10 il çəkir. Daha sonra 3-cü mərhələ başlayır. Həkimlər artıq müalicəni tapa bilmir, 4-cü mərhələ artıq QİÇS olur. Təəssüflər olsun ki, xəstəliyin bu mərhələsində olan xəstələrin sağalma ehtimalı olmur.
 
Məlumat üçün bildirək ki, QİÇS xəstəliyinin nozologiya cəhətdən adı əslində HİV infeksiyasıdır - yəni Human İmmunodeficiency Virus - İnsan İmmunçatışmazlıq Virusu. QİÇS isə bu infeksiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu xəstəliyin adlandırılmasında bu termindən istifadə olunur. Məlumata görə, xəstəlik ötən əsrin 50-ci illərində Mərkəzi Afrikada başlayıb və yeni mutant virus yerli əhaliyə meymunlardan keçib. Afrikadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır. ABŞ-da bu xəstəlik ilk dəfə 1981-ci ildə homoseksuallar arasında aşkar edilib.
 
Ölkəmizdə isə bu xəstəlik ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda rəsmi məlumata görə, QİÇS-lə Mübarizə Mərkəzində 2144 nəfər qeydiyyata götürülüb ki, onlardan 82 nəfəri əcnəbi, 2062 nəfəri isə azərbaycanlıdır. Azərbaycanda ilk dəfə olaraq 2006-cı ildən etibarən bu xəstəliyə yoluxmuş insanlar pulsuz qaydada müalicə ala bilir. Müalicə isə çox bahalıdır və dəyəri təxminən aylıq 1000-1200 dollar arasında dəyişməkdədir. Bir çox ölkələr, xüsusən də Avropa ölkələri bu müalicəni dövlət hesabına və ya icbari sığorta hesabına aparır.
 
Ümumiyyətlə isə QİÇS-in müalicəsi üçün məlum bir dərman mövcud deyil, elmi baxımdan HIV virusuna yapışa bilən tək zülal kompleksi Gp41 özündə HIV virusu ehtiva edən hüceyrələrin müdafiə mexanizmi vasitəsi ilə virusun müəyyən olunub yox edilməsinə imkan verir.
 
HİV-infeksiyasının profilaktikası onunla mübarizədə ən vacib vasitədir. Bütün dünyada alimlər HİV-ə qarşı vaksinin hazırlanması istiqamətində çalışırlar. Bəzi ümidverici nəticələrə baxmayaraq, vaksinin kəşfi haqqında danışmaq hələ tezdir.
Bəs xəstəliyə tutulan şəxslər evlənə bilərmi? Ümumilikdə statistik məlumatlar görə, xəstəlik kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlinir. Narkomanlar isə homoseksuallardan sonra ikinci yer tutur. Bundan sonra isə xəstəlik hemofiliyalı xəstələrdə və digər qan resipientlərində, təsadüfi heteroseksual əlaqələrdə olan şəxslərdə və s. rast gəlinir. Təxminən 6% hallarda isə infeksiyanın yoluxma mənbəyi aşkar oluna bilinmir.
 
QİÇS-li xəstə şəxslərdə və eləcə də virusdaşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyindaxili mayedə olur. Orqanizmdə digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində HIV virusuna çox az rast gəlinir.
 
Viruslu xəstələrin evlənməsinə gəldikdə isə xətəliyə yoluxmuş bir şəxsin evlənə bilməsində heç bir qanuni qadağa yoxdur. Sadəcə, hər iki tərəf bunu bilməlidir (2015-ci ildən icbari tibbi müayinə nəticəsində artıq bu tip xəstəliklər bilinməkdədir). Lakin evlənərkən bəzi şərtlərə əməl etmək, mütləq qorunmaq vacibdir.
 
Ekspertlər qeyd edir ki, əgər iki tərəf İİV xəstəsi olarsa belə, yenə qorunmaq vacibdir çünki hər iki insanda bu xəstəlik başqa cür ola bilər və cinsi əlaqə zamanı bu viruslar qovuşa və ağır nəticələrə səbəb ola bilər.
 
Bəs, QİÇS xəstələri sağlam uşağa sahib ola bilərmi?
Qeyd edək ki, HİV daşıyıcısı olan və müalicə olunmayan anaların təxminən 30%-i virusu körpələrinə də keçirir. Əgər ana yeni yoluxmuşdursa, ya da QİÇS-in irəli mərhələlərindədirsə, virusun körpəyə keçmə ehtimalı daha yüksəkdir.
 
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə QİÇS xəstəliyinə tutulmuş şəxslər sağlam körpəyə sahib ola bilir, lakin bunun da xüsusi şərtləri var: “Bəli, bu xəstəliyə tutulan şəxslərin sağlam uşaqları olur. Amma bunun da xüsusi bir üsulu var. Yəni cütlük müəyyən üsulla mayalanır. Hər halda bunun həlli iki nəfərin arasında olmalıdır. Beləliklə, xüsusi metodla sperma təmizlənir və sonra mayalama həyata keçirilir”.
 
Qeyd edək ki, dünyada təxminən 2.5 milyon uşaq HİV daşıyıcısıdır. 2010-ci ildən etibarən təxminən 25 milyon uşağın QİÇS səbəbi ilə yetim qalacağı nəzərdə tutulur.
 
Xəstəlik ölkəmizdə hansı mənbədən yayılır? Adil Qeybullanın sözlərinə görə bu mənbə ən çox Rusiyadan ölkəmizə gəlir: “Azərbaycanda 3 milyona yaxın insan miqrasiya durumundadır. Ölkədən kənara çıxır, gəlirlər. Bizə gələn QİÇS infeksiyasının böyük əksəriyyəti Rusiyanın payına düşür. Gənclərimiz Rusiyadan bu infeksiyanı ölkəmizə gətirir”. (musavat) /

Google+ WhatsApp ok.ru