QƏBİR ƏHLİNİN ZİYARƏTİ

QƏBİR ƏHLİNİN ZİYARƏTİ

İnsanın üzərində müxtəlif haqlar vardır. Bu haqlardan biri də qohumluq haqqı və valideynin övlad üzərindəki haqqıdır. İslam dini əmr edir ki, övlad öz valideyni qarşısında ən kiçik sayqısızlığı belə etməsin və həmçinin qohumları ilə əlaqələrini gücləndirsin, onları yoxlasın və onların problemlərinin həllində yardımçı olsun.

Bəzi dini və insani hüquqların keçərlilik dairəsi təkcə bu dünya ilə məhdudlaşır. Amma qohumluq və övladlıq haqqı hər iki dünya üçün nəzərdə tutulmuşdur. İnsanlar bu dünyada valideynlər və qohumlar sağ ikən övladlıq borcunu və qohumluq vəzifəsini yerinə yetirdikləri kimi, onlar öldükdən sonra da övladıq və qohumluq vəzifələrini yerinə yetirməli, ölən valideyn və qohumları unutmamalı, ehsan etməklə onların ruhunu sevindirməli və o düyanın çətinliklərini asanlaşdırmaqda onlara köməkçi olmalıdırlar.

Bundan əlavə, dünyadakı möminlərin üzərində dünyasını dəyişmiş alim, seyid, ruhani və insanların dərdinə dəymiş hər bir insanın və ümumi möminlərin də haqları vardır və onlar da unudulmamalıdır. Onlar üçün də ehsan edilməli və qəbirləri ziyarət olunmalıdır.

Ölənləri və qəbiristanlıq əhlini unutmamaq hər bir möminin üzərində haqq olmasından əlavə, həm də bu iş üçün hədislərdə çoxlu savab və fəzilətlər də deyilmişdir ki, bu hədislərdən bəzilərinə aşağıda işarə edirik.

İmam Əli (ə) buyurur:    

زُورُوا مَوْتاكُمْ فَانَّهُمْ يَفْرَحُونَ بِزِيارَتِكُمْ، وَلْيَطْلُبْ احَدُكُمْ حاجَتَهُ عِنْدَ قَبْرِ ابيهِ وَ عِنْدَ قَبْرِ امِّهِ بِما يَدْعُوا لَهُما

«Ölənlərinizi ziyarət edin ki, onlar sizin ziyarətinizlə xoşhal olurlar. Sizin hər biriniz öz istəklərinizi ana və atanızın qəbri yanında onlar üçün dua etməklə istəyin – (ki, bu iş duanın qəbul olmasını tezləşdirir).» («Fürui-kafi», Şeyx Kuleyni, c.3, səh.229.)

İmam Baqir (ə) qəbir əhlinin ziyarəti və ziyarətin vaxtı barədə buyurur:

اذ كان يوم الجمعة فَزُرْهُمْ فَانَّهُ مَنْ كانَ مِنْهُمْ فِى ضَيْقٍ وُسِّعَ عليه ما بينَ طلوعِ الفجرِ الى طلوعِ الشَّمسِ، يَعْلَمُون بِمَنْ آتاهُمْ فِى كُلِّ يومٍ، فاذا طَلَعَتِ الشَّمْسُ كانُوا سُدىً... نعم ويستوحشون له اذا انْصَرَف عنهم.

«(Ölənlərinizi və qəbir əhlini) Cümə günü ziyarət edin. (Ziyarətə, oxunan dualara və onların tərəfindən verilən sədəqələrə görə) Onların hər hansı biri çətinlikdə olarsa, bu çətinlik «fəcri-sadiq»dən (sübh azanı vaxtı) gün çıxanadək ortadan götürülər. (Cümə günü) Günəş çıxdıqdan sonra isə onlar (ruhlar) azad olarlar. Onlar öz ziyarətçilərini görür və kimlərin ziyarətə gəldiyini bilirlər, ziyarətə gələnləri görüb sevinərlər... Ziyarətçilər geri qayıdanda isə (yenə də təklikdən) qorxuya düşərlər». («Vəsailuş-şiə», Şeyx Hürr Amuli, 7/415.)

Əziz İslam Peyğəmbəri (s) saleh və alim insanların qəbiristanlıqdan keçməsini də qəbir əhli üçün faydalı bilir və buyurur:

ما من عالمٍ او متعلّمٍ يَمُرُّ قريةً من قرى المسلمين او بلدةٍ من بلاد المسلمين ولم ياكل من طعامهم ولم يشرب من شرابهم و دخل من جانب وَخَرَجَ من جانب آخر، الارفع اللَّه تعالى عذاب قبورهم اربعين يوماً.

«Müsəlmanların kənd və şəhərindən keçən, onların yeməyindən yeməsə də, suyundan içməsə də, məmləkətin bir tərəfindən girib digər tərəfindən xaric olan hər bir din alimi və dini elmlər öyrənən tələbənin ehtiramına Allah-Taala həmin kənd və şəhərin qəbir əhlinin əzabını 40 gün saxlayar və onlara əzab verməz.» («Camiul-əxbar», səh.179)

Bu kimi hədislər göstərir ki, qəbir əhlini ziyarət etməyin ölülər üçün faydası vardır. Baxmayaraq ki, onların əli bu dünyadan üzülüb, amma onlar üçün bu dünyada görülən işlər onların əzablarının azalması və məqamlarının yüksəlməsində kömək edir. Buna görə də onlar həmişə bu dünyadan onlar üçün göndərilən savabın intizarındadırlar.

Müxtəlif hədislərdə ruhların hər Ramazan ayı, sümə gecəsi və sümə günü öz yaxınlarının yanına gəlməsinə və yaxınlarından onun üçün də xeyirli əməllər (xeyrat) etmələrini istəməsinə işarə edilmişdir.

Hədislərdə var ki, onlar öz yaxınlarının evlərinə (ocaqlarına) gəlib, hüzn və nalə ilə deyərlər:

«...كَانَ الْمَوْتَى يَأْتُونَ فِي كُلِّ جُمُعَةٍ مِنْ شَهْرِ رَمَضَانَ فَيَقِفُونَ وَ يُنَادِي كُلُّ وَاحِدٍ مِنْهُمْ بِصَوْتٍ حَزِينٍ بَاكِياً يَا أَهْلَاهْ وَ يَا وَلَدَاهْ وَ يَا قَرَابَتَاهْ اعْطِفُوا عَلَيْنَا بِشَيْ‏ءٍ يَرْحَمُكُمُ اللَّهُ وَ اذْكُرُونَا وَ لَا تَنْسَوْنَا بِالدُّعَاءِ وَ ارْحَمُوا عَلَيْنَا وَ عَلَى غُرْبَتِنَا فَإِنَّا قَدْ بَقِينَا فِي سِجْنٍ ضَيِّقٍ وَ غَمٍّ طَوِيلٍ وَ غَمٍّ وَ شِدَّةٍ فَارْحَمُونَا وَ لَا تَبْخَلُوا بِالدُّعَاءِ وَ الصَّدَقَةِ لَنَا لَعَلَّ اللَّهَ يَرْحَمُنَا قَبْلَ أَنْ تَكُونُوا مِثْلَنَا فَوَا حَسْرَتَى قَدْ كُنَّا قَادِرِينَ مِثْلَمَا أَنْتُمْ قَادِرُونَ فَيَا عِبَادَ اللَّهِ اسْمَعُوا كَلَامَنَا وَ لَا تَنْسَوْنَا فَإِنَّكُمْ سَتَعْلَمُونَ غَداً فَإِنَّ الْفُضُولَ الَّتِي فِي أَيْدِيكُمْ كَانَتْ فِي أَيْدِينَا فَكُنَّا لَا نُنْفِقُ فِي طَاعَةِ اللَّهِ وَ مَنَعْنَا عَنِ الْحَقِّ فَصَارَ وَبَالًا عَلَيْنَا وَ مَنْفَعَتُهُ لِغَيْرِنَا اعْطِفُوا عَلَيْنَا بِدِرْهَمٍ أَوْ رَغِيفٍ أَوْ بِكِسْرَةٍ ثُمَّ يُنَادُونَ مَا أَسْرَعَ مَا تَبْكُونَ عَلَى أَنْفُسِكُمْ وَ لَا يَنْفَعُكُمْ كَمَا نَحْنُ نَبْكِي وَ لَا يَنْفَعُنَا فَاجْتَهِدُوا قَبْلَ أَنْ تَكُونُوا مِثْلَنَا...».

«Ey mənim yaxınlarım, ey övladlarım, ey mənim ailəm, mənim üçün də (xeyirli əməllərdən) bir şey göndərin. Allah sizi rəhmət eləsin, bizi unutmayın, dualarınızda bizi yaddan çıxarmayın, bizə və qəribliyimizə rəhm edin, biz dar zindanda həbs olunmuşuq, uzun sürən qəm içindəyik, bizim üçün dua etmək və sədəqə verməyə paxıllıq etməyin ki, ola bilsin, siz dünyada ikən və bizim kimi əliniz hər yerdən üzülməmişkən, Allah sizin verdiyiniz «xeyrat»a (dua, Quran, ziyarət, sədəqə və savabı ölüyə hədiyyə olunan hər bir xeyirli iş) görə bizə rəhm etdi... Biz həsrət çəkirik ki, dünyada deyilik və sizin kimi xeyirli əməl etmək fürsətimiz yoxdur... Ey Allah bəndələri! Eşidin bizim sözümüzü, unutmayın, siz də biz bilənləri çox yaxında biləcəksiniz. Sizin əlinizdə olan dünya malları bir gün bizim əlimizdə idi. Biz o mallardan Allaha itaət yolunda xərcləmədik, boynumuzda olan haqları ödəmik və bu gün bizə dərd olubdur, bizdən başqası üçün isə mənfəət... Bizim üçün də ondan bir dərhəm xərcləyin, ya bir tikə çörək sədəqə verin... Çox keçməz ki, özünüzə ağlayacaqsınız. Amma bu bizə fayda vermədiyi kimi, sizə də fayda verməyəcək... Belə isə bizim kimi olmamışdan öncə (qəbir evini abadlaşdırmaq üçün) çalışın.» (Müstədrəkul-vəsail, 2/162.)

İmam Sadiq (ə) buyurur:

ستّ خصال ينتقع بها المؤمن من بعد موته، ولد صالح يستغفرله، و مصحف يقرأ فيه، و قليب يحفره، و غرس يغرسه، و صدقة ماء يجريه، و سنة حسنة يؤخذ بها بعده

«Altı şey mömin insana öləndən sonra da fayda verər: 1. onun üçün «istiğfar» edən və bağışlanmaq diləyən saleh övlad; 2. Quran yazmaq (və ya almaq) və ölümündən sonra digərləri həmin Quranı oxuyalar; 3. su quyusu qazmaq (və insanlar ondan istifadə edələr. İndiki zamanda hansısa kəndi, rayonu və ya binanı istifadəyə yararlı su sistemi ilə təchiz edə); 4. ağac əkmək (və özündən sonrakılar o ağacın kölgəsindən və meyvəsindən istəfadə edələr); 5. (insanların əkinəcəkdə və ya hər hansı faydalı istifadəsi üçün) axar su kanalı çəkmək; 6. istənilən yaxşı bir adət, ənənə və işin təməlini qoymaq və ondan sonra həmin işə (sünnə) əməl etmək – (məsələn, bir nəfər hər il Novruz bayramında yetimlərə maddi kömək göstərmək adətini qoyarsa və o, öləndən sonra da bu iş digərləri tərəfindən davam edilərsə, o adət cəmiyyətdə qaldıqca savabı təsisçi üçün də yazılacaq).” (Biharul-ənvar, 6/293).

Bəzi hədislərdə imamlardan nəql edilib ki, bəzən bərzəx aləmində hansısa ruha əzabdan nicat verilər və ona deyilər ki, bu (əzabdan qurtuluş), fılankəsin sizin üçün qıldığı namaza görədir.

Təəssüflər olsun ki, bu günlərdə özünü əhl-sünnəyə nisbət verən «vəhhabi» firqəsi qəbirləri ziyarət etməyi, onların ruhlarına dualar və Quran oxumağı və məsumların, övliyaların və sıravi insanların vəfat və doğum günlərini qeyd etməyi «bidət» və «şirk» sayırlar. Bu batil əqidənin onların arasında yaranmasına səbəb isə onların cahilliyi, radikallığı və dardüşüncəliliyi ucbatındadır. “Batil əqidə” deməkdə məqsədim budur ki, «şirk» kimisə Allaha bərabər tutmağa deyilir. Kimisə və nəyisə, o cümlədən, imamları, övliyaları, seyidləri, şəhidləri, ailəni, övladı, valideyini, Kəbə və Kərbəla kimi müqəddəs məkanları, mömin dostları və s. Allah üçün sevmək, onu Allah yanında əziz bilmək və bu sevməyini müxtəlif yollarla göstərmək şirkin nümunəsi deyildir.

“Həcərul-əsvəd”i (qara daş) Kəbəni və Allahı sevdiyi üçün öpən insanları «müşrik» adlandıran vəhhabilər xanımlarını və övladlarını sevdikləri üçün öpdükdə özlərini nə adlandırırlar?!

Bu məsələnin batil əqidə olduğu hamıya gün kimi aşkardır, amma vəhhabilər digər müsəlmanlarla, xüsusilə də şiələrlə ədavət və düşmənçilik üzündən belə məsələləri qabardır, Peyğəmbəri (s) və Əhl-beyti (ə) sevənləri və onların qəbirlərini ziyarət edənləri müttəhəm edirlər.  

Quran-Kərim dəfələrlə peyğəmbərləri və saleh insanları yaxşı işlər gördükləri üçün tərifləyir və bu kimi məqamlar Quran-Kərimdə çoxdur.

Həzrət Yəqub (ə) oğlu Yusif (ə) üçün 40 il ağladı. Həzrət Muhəmməd (s) əmisi Seyyidüş-ŞühədaHəmzənin (ə) şəhadətində Mədinə xanımlarına buyurdu ki, «bütün şəhidlərin ağlayanı var, amma əmim üçün ağlayan yoxdur», bu sözə hamı ağladı və xanımlar həzrət Həmzə (ə) üçün də oxşama deyib ağladılar.

Bundan əlavə, qəbir əhlini ziyarət etmək barədə əhli-sünnə kitablarında da hədislər nəql edilmişdir. Məsələn, İbn Macə Qəzvini “Əs-sünən” və Termizi “Əs-əhih” əsərlərində aşağıdakı hədisi nəql ediblər:           

كُنتُ نَهَيتُكُمْ عَنْ زيارَةِ الْقُبُور فزُوروها فَانَّها تُزَهِّدُ فِى الدنيا و تُذَكِّرُ الْاخِرَةَ.

«Mən sizi (bəzi ictimai məsləhətlərə görə) qəbirlərin ziyarətindən nəhy etmişdim, amma bundan sonra qəbirləri ziyarət edin ki, bu ziyarət sizin dünyaya meyilsiz olmağınıza və axirətinizi xatırlamağa səbəb olar». (İbn Macə, «Əs-sünən», c1, s.114; Termizi, «Əs-səhih», c3, s274; Hürr Amuli, «Vəsailuş-şiə», c14, s.170; Əllamə Məclisi, «Biharul-ənvar», c10, s.441).

Sonda qeyd edim ki, qəbir əhlini ziyarət edərkən onların bağışlanması üçün dua etmək, qəbirləri yanında Quran oxumaq və savabını onların ruhuna niyyət edərək (sədəqə kimi) digər ehsanları da etmək olar. Bundan əlavə, hədislərdə qəbir əhli üçün oxumağa xüsusi dua və ziyarətnamələr tövsiyə edilmişdir.

Ömər ibn Əbülmiqdam deyir ki, imam Baqir (ə) ilə «Bəqi» qəbiristanlığında idim. İmam (ə) Kufə şiələrindən birinin qəbirinin kənarında dayanaraq belə dua oxudu:

اللهّم ارْحَمْ غُرْبَتَهُ وَ صِلْ وحَدَتَهُ وَ آنِسْ وَ حْشَتَهُ (و آمِنْ رَوْعَتَهُ) وَ اسْكِنْ الَيهِ مِنْ رَحمَتِكَ ما يَستَغْنِى بِها عَنْ رَحمَةِ مَنْ سِواكَ وَ الْحِقْهُ بِمَنْ كانَ يَتَولّاهُ

Oxunuşu: «Əllahum-mərhəm ğürbətəhu, vəsil vəhdətəhu və anis vəhşətəhu, və amin rəv`ətəhu, vəskin iləyhi min rəhmətikə ma yəstəğni biha ən rəhməti mən sivakə və əlhiqhu bimən yətəvəllahu.»

Tərcüməsi: «İlahi, onun qəribliyinə rəhm et, Öz rəhmətini onun təkliyinə yoldaş et, Öz rəhmət ünsiyyətinlə qorxunu ondan uzaqlaşdır, ona elə bir rəhmət əta et ki, Səndən başqasının rəhmətindən ehtiyacsız olsun və onu (axirətdə) öz sevdiklərinə və yolunu getdiklərinə (Əhli-beyt) qovuşdur.» («Furui-kafi», Şeyx Küleyni, c.3, səh.239.)

Həmçinin imam Sadiq (ə) qəbir əhlini qəbiristanlıqda ziyarət edərkən belə dua oxumuşdur:

اللهُمَّ جافِ الارْضَ عَنْ جُنَوبِهِمْ وَصاعِدْ الَيكَ ارْواحَهُمْ و لَقِّهِمْ مِنْكَ رِضْواناً وَ اسْكِنْ الَيْهِمْ مِنْ رَحْمَتِكَ ما تَصِلُ بِهِ وَحْدَتَهُمْ وَ تُؤنِسُ بِهِ وَحْشَتَهُمْ، انَّكَ عَلى كُلِّ شَى‏ءٍ قَديرٌ

Oxunuşu: «Əllahummə cafil-ərzə ən cunubihim və said iləykə ərvahəhum və ləqqihim minkə rizvanən, vəskin iləyhim min rəhmətikə ma təsilu bihi vəhdətəhum və tunisu bihim vəhşətəhum, ənnəkə əla kulli şəyin qədir.»

Tərcüməsi: «İlahi, qəbri onlar üçün genişləndir, ruhlarını Öz dərgahına qaldır, onları Öz rizayət və rizvanın ilə qarşıla, onları Öz rəhmətinlə yoldaş et, Öz rəhmətinlə onları təklikdən və qorxudan xilas et. Sən hər şeyə qadirsən.» («Mən la yəhzuruhul-fəqih», Şeyx Səduq, c.1, səh.180).

Başqa bir hədisdə imam Sadiqin (ə) qəbir əhlinə belə salam verdiyi nəql edilir:  

السلام على اهل الديّار مِنَ المسلمينَ و المؤمنينَ و انتم لنا فَرَطٌ و نحن انْشاء اللَّهُ بِكُم لاحِقُونَ

Oxunuşu: «Əssəlamu əla əhlid-diyari minəl-müsliminə vəl-möminin və əntum ləna fərətun və nəhnu inşaəllahu bikum lahiqun.»

Tərcüməsi: «Salam olsun bu diyarın müsəlman və mömin əhlinə. Siz (axirət dünyasına köç etməkdə) bizdən önə düşdünüz və biz də Allahın izni ilə sizə qovuşacayıq». (Şeyx Küleyni, «Furuul-Kafi», c3, s.229).

Mirməhəmməd Bəşir (Miade.az)

 

Google+ WhatsApp ok.ru