Qədr gecəsini dərk etmək üçün nə etməli? - Ruhanilərdən tövsiyyələr

Qədr gecəsini dərk etmək üçün nə etməli? - Ruhanilərdən tövsiyyələr

-- Mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü (3,5 və 7 iyun) gecələridir

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür. Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qədr gecələri mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü (3,5 və 7 iyun) gecələridir. Bu münasibətlə aşağıda bir neçə ruhaninin  Qədr gecəsi ilə bağlı tövsiyyələrini təqdim edirik:

 

Qədr gecəsi, bildiyimiz kimi, ilin ən dəyərli gecəsi sayılır. Uca Yaradan Qurani-Kərimdə bu gecəni min aydan daha üstün, daha fəzilətli hesab edir. Min ay 83 il 4 aya bərabərdir. Bir insan Quran ayəsinə əsasən, “Qədr” gecəsini ömründə bir dəfə yaşayarsa, 83-il -ay yaşamış insan kimi hesab edilir. “Qədr” gecəsinin dəyəri Allah yanında bu qədərdir.

Qədr gecəsinin fəzilətini sadalamqla bitmir. İnsanın bütün taleyi, qarşıda gələcək bir illik həyatında baş verəcək hadisələr, ruzi, səadət və yaxud bədbəxt əhli olması, bəlalar, nemətlər, hətta qarşıdan gələn həcc ziyarətinə gedəcək insanların belə adları bu gecədə təyin edilir. Həmçinin digər məsələlər. Ümid edirəm ki, Allah-Taala bu “Qədr” gecəsini hər insana dərk etməyi nəsib etsin. “Qədr” gecəsinin düzgün dərk edilməsinə gəldikdə, təbii ki, yenə də burda insanın mənəvi saflıq və paklığı mühüm rol oynayır. Allah-Taala o gecənin qədrini biləcək insanlara onun hansı gecə olduğunu tanıdar. Bu gecələrdə səy edək ki, çoxlu dua edib istiğfar edək. “Şəbaniyyə” xütbəsində oxuyuruq ki, Allah Rəsulu (s) buyurur: “Bu ayda özünü Allaha bağışlatdıra bilməyən insan insanların ən bədbəxti hesab edilir.” Alahın rəhmət və mərhəməti bu gecə sonsuz və hədsiz geniş olduğundan, biz də bu fürsətlərin, bu gecənin qədrini bilib Allaha özümüzü bağışlatdırmağa səy edək. Bu isə istiğfarla hasil olur.

Ruhani Haci Vasif Nəftullayev

 

 

 

 Qədr gecəsi ildə bir gecədir və həmin gecə insanların bir növ gələcəyi, aqibəti, taleyi müəyyənləşir. Biz öz taleyimizə biganə qala bilmərik. Yatıb qalmaq insanların tale məsələlərində yolverilməzdir. “Qədr” gecəsi bizim müqəddəratımızda çox böyük bir mahiyyətə malik olan gecədir. Həmin gecəni əldən vermək olmaz, çünki arzu, istək və niyyətlərimizin il ərzində qəbul olmaq ehtimalı həmin gecə üçün daha çox ümid

edilir. Həmin gecə bizim üçün başqa gecələrdən, şübhəsiz, fərqli olmalıdır. Quranda buyurulur:وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ

“Sən nə bilirsən ki, Qədr gecəsi nədir?”

Həmin gecənin savabı min aydan artıqdır. Arzu edərdim həmin gecəni həmişəkindən də artıq dərəcədə qarşılayaq və yola salaq! İmam Zamanın (ə.c) hörmətinə, Allah-Taala bizim müşküllərimizi aradan qaldırsın!

Ruhani Hacı Əfqan Muradov

 

 

 “Qədr” gecəsi – rəhmət, məğfirət və bərəkət dolu ilahi qonaqlıq, Allah-Taalanın Öz bəndələri üçün açdığı geniş əfv süfrəsidir. Qədr gecəsi insan müqəddəratının həll olunduğu gecədir. Qədr gecəsi Allahın insana dəyər verdiyi və ünvanına göndərdiyi vəhy kitabı – Qurani-Kərimin nazil olduğu gecədir. Bu gecə min aydan fəzilətli və Allah mələklərinin dəstə-dəstə yer üzünə endiyi bir gecədir.

Qurani-Kərimin “Qədr” surəsində buyurulduğu kimi, həmin gecə dan yeri sökülənə qədər salamatlıq və əmin-amanlıqla birgədir. Allah-Taala Qurani-Kərimdə həzrət İbrahimin (ə) bütpərəstlər tərəfindən oda atılması macərasını vəsf edərkən buyurur ki, biz oda dedik: “Od, İbrahimə salam və salamat ol.” Allah-Taala yalnız bir dəfə oda dedi ki, “salam və salamat ol!” Bu zaman İbrahim üçün hazırlanmış o böyük tonqal gülüstana çevrildi. Amma bu gecə təkcə bir salam deyil, minlərlə salam var. Allah-Taala buyurur ki, o gecə əvvəlindən dan yeri sökülənə qədər salam, salamatlıq və əmin-amanlıqla doludur. Həzrət İbrahimə (ə) odu gülüstan edən Allah bu gecə insan həyatını “həyati-təyyibə”yə – pak həyata çevirir, onun keçmiş günahlarını bağışlayır. İnsanı Öz rəhməti, Öz məğfirəti və Öz bərəkətinə qərq edir; yetər ki, insan özünü o salamlardan birinə tuş gətirsin; yetər ki, Allahın göndərdiyi salam, salamatçılıq və əmin-amanlıqdan bəhrələnə bilsin.

Bu gecə insan üçün ən mühüm əməllərdən biri tövbədir. Allah-Taala bu gecə Öz bəndələrinin üzünə “tövbə” qapısını açıq qoyub. İmam Səccad (ə) “Taibin” (tövbə edənlər) münacatında Allah-Taala ilə necə də gözəl raz-niyaz edir: “İlahi, Sən özün bir qapı açmısan – Öz əfvinə, Öz məğfirətinə, Öz rəhmətinə doğru bir qapı! Onu “Tövbə” adlandırmısan ki, insanlar dəstə-dəstə ora üz tutsunlar, tövbə edib günahlarının bağışlanmasını Səndən istəsinlər.”

Bəli, bu gecə insan həyatında rol oynaya biləcək ən mühüm əməl tövbədir, Allah hüzuruna qayıdışdır; günahlardan tövbədir, bağışlanma diləməkdir. Allaha üz tutub, “İlahi, Sənin bəndələrinin sayı çoxdur, amma mənim bir Allahım, bir Rəbbim var!” – deyərək istəkləri dilə gətirməkdir. İmam Səccad yenə “Taibin” münacatının başqa bir yerində deyir: “İlahi, əgər məni Öz qapından qovsan, mən kimə üz gətirərəm?! Mənə Öz yanında yer verməsən, o vaxt kimə pənah apararam?!” Odur ki, bu gecə tövbə gecəsi, günahlardan qayıdış gecəsi, Allahın rəhmət və məğfirətinə sığınmaq gecəsidir. Tövbə edib Allah hüzuruna qayıtmaq bu gecənin ən mühüm əməllərindən biridir.

Ruhani Kərbəlayi Qədir Məmmədov

 

 

Qədr gecəsinə gəlincə, bu gecə qədri bilinməli bir gecədir. Bu ilki Qədr gecəsi, Peyğəmbər (s) dönəmindəki Qədr gecəsinin anım mərasimi deyil, elə gerçəkdən yeni bir Qədr gecəsidir. Çünki Quranın felin indiki davamedici formada bildirdiyi ayəyə əsasən تنزل الملائکه) – mələklərin nazil olması) bu gecə hər il təkrarlanır. Bu gecə bütün mələklərin nazil olması, yer üzündə Allah höccətinin sağ olmasından xəbər verir. Çünki mələkləri qəbul etmə qüdrətinə o sahibdir. Əslində, o öz ruhu gücü ilə bütün mələkləri aşağı çəkib gətirir. Qədr gecəsi Allahın bütün rəhməti ilk olaraq zəmanə sahibinə nazil olur və oradan paylaşılır. Daha çox paya yiyələnmək üçün zəmanə sahibinə daha yaxın olmaq lazımdır. Bu yaxınlıq isə düşüncəmizdə, qərarlarımızda, həyatdakı seçimlərimiz və addımlarımızda özünü göstərməlidir. Əvvəldə imam Hüseynə (ə) təvəssül etməyi məsləhət görürəm. İmam Hüseyn (ə) bizi Allaha aparan ən kəsə yoldur. Onun müsibətinə ağlamaq möcüzələr yaradır.

Sonda bir daha sizə təşəkkür edir, qarşıdan gələn Qədr gecəsində bizi də dua etməyinizi rica edir, bütün bəşəriyyətə mənəviyyat dolu xoş günlər arzu edirəm!

Ruhani Hacı Adil Əhmədov 

 

Google+ WhatsApp ok.ru