Qəsəbə sakinləri Bakı – Astara yolunu bağladı

Qəsəbə sakinləri Bakı – Astara yolunu bağladı

Qaradağ rayonunun Səngəçal qəsəbəsi sakinləri yanvarın 18-də Bakı-Astara magistral yolunu bağlayıblar.
 
Aksiya iştirakçılarının ərazidə yolüstü piyada keçidinin salınmasını tələb etdikləri bildirilir.
 
«Bu yolda hər həftə qəza baş verir. Magistral yolda sürət yüksəkdir, yolu keçənlər qəzalara qurban olurlar. Dəfələrlə rayonun icra hakimiyyətinə müraciət etmişik, ancaq bizi dinləyən yoxdur», - aksiya iştirakçılarından biri deyib.
 
Bakı-Astara magistral yolu bağlandığından uzun tıxac yaranıb.
 
Əraziyə Dövlət Yol Polisinin, ardınca post-patrul xidmətinin əməkdaşları cəlb olunub. Yalnız bundan sonra hərəkat bərpa olunub.
 
Maide.Az xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sakinlər yerüstü keçidin tikilməsini tələb ediblər: “Üç gün öncə Səngəçal qəsəbəsi ərazisində 9 yaşlı oğlanı maşın vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bu gün isə qəsəbə sakinləri həmin hadisə ilə bağlı toplaşıb. Onlar ərazidə yerüstü piyada keçidinin tikilməsini tələb ediblər. Sakinlərin toplaşması bir müddət yol hərəkətinə mane olub. Hazırda isə avtomobillərin hərəkəti bərpa edilib”.
 
K.Əliyev bildirib ki, sakinlərin tələbi ilə bağlı müvafiq qurumlar ərazidə sakinlərl müzakirə aparıblar.
 

Google+ WhatsApp ok.ru