Qəzvin-Rəşt dəmir yolu xətti cari ilin mart ayında istifadəyə veriləcək

Qəzvin-Rəşt dəmir yolu xətti cari ilin mart ayında istifadəyə veriləcək

-- 164 kilometrlik Qəzvin-Rəşt dəmir yolunun inşasına 325 milyon dollar vəsait xərclənib

İranın Qəzvin və Rəşt şəhərlərini birləşdirən dəmir yolu xətti cari ilin mart ayında istifadəyə veriləcək.
 
Bu barədə məlumat verən İranın Yollar və Şəhərsalma Nazirliyinin dəmir yolu tikintisi idarəsinin rəhbəri Əli Əkbər Mərdi qeyd edib ki, tikinti işlərinin 81 faizi həyata keçirilib. Onun sözlərinə görə 164 kilometrlik Qəzvin-Rəşt dəmir yolunun inşasına 325 milyon dollar vəsait xərclənib. Yolun tamamilə tikilib başa çatdırılması üçün əlavə 55,64 milyon dollar vəsait lazımdır. Bu məbləğin İran dövlət büdcəsindən ayrılacağı şübhə doğurmur.
 
İqtisadi vəziyyətin çətinliyinə baxmayaraq bu il İran Qəzvin-Rəşt dəmir yolunu mütləq istismara buraxacaq. Çünki Çabahar limanı yenidənqurma işlərindən sonra istifadəyə verilib və Hindistan bu limanın daha da genişləndirilməsi üçün İrana 2 milyard dollara yaxın sərmayə yatırmağa razılıq verib. Çabahar limanı artıq Hindistanın Mumbai limanından gələn ilk yükləri də qəbul edərək Əfqanıstana yola salıb. Fars körfəzindəki Bəndər-Abbas limanı ilə yanaşı Çabahar limanı da Cənub Şərqi Asiyadan daxil olan yükləri qəbul edib Avropa istiqamətinə yönəldəcək.
 
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi olan Qəzvin-Rəşt dəmir yolunun davamı olacaq Rəşt-Astara yolunun da tikintisinə artıq başlanılıb. Azərbaycan bu yolun inşası üçün İrana 500 milyon dollar güzəştli kredit də təqdim edib. İnşası 3 il davam edəcək Rəşt-Astara dəmir yolu hazır olduqda Mumbai limanından İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti ilə Rusiya və Avropaya daşınacaq.
 
Nəzərə çatdıraq ki, Azərbaycan Astarası ilə İran Astarasını birləşdirən dəmir yolu artıq istismara buraxılıb və Rusiyadan İrana göndərilən yüklər bu yolla mənzil başına çatdırılır.
 
İranın yollar və şəhərsalma nazirinin müavini Əsgər Fəxri Kaşanı bildirib ki, Rəşt-Astara dəmir yolunu Azərbaycan ilə İran birlikdə inşa edəcəklər. Yolun tikintisinə sərf olunacaq vəsaitin 50 faizini İran 50 faizini isə Azərbaycan tərəfi təmin edəcək. Yol hazır olduqdan sonra iki dövlət arasındakı yükdaşımanın həcmi ildə 5 milyon tona qədər yüksələcək. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan bu yolun inşasına artıq 500 milyon dollar vəsait ayırıb.
 
İran Dəmir Yolları İdarəsinin beynəlxalq şöbəsinin müdiri Abbas Nəzəri isə bildirib ki, Astara(İran)-Astara(Azərbaycan) dəmir yolundan sərnişinlərin Moskvaya və əks istiqamətə daşınması üçün Rusiya tərəfi ilə danışıqlar aparılır.
 

Google+ WhatsApp ok.ru